Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi

Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi
  • Hadisə

  • Daxili İşlər Nazirliyi Lerik rayonunda 17 yaşlı qızın müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq hamilə qalması haqda açıqlama verib.

    Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır:

    "Şəfahət Məmmədov şübhəli şəxs qismində həbs olunub. Zərərçəkmiş M.B polis və rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə Bakı şəhərinə gətirilərək sığınacağa yerləşdirilib".

    E. Zahidov qeyd edib ki, bununla bağlı martın 23-də Lerik Rayon Polis Şöbəsinə şikayət daxil olub: "Müvafiq araşdırmalar aparılıb və martın 31-də ekspert rəyi verildikdən sonra aprelin 1-də qeyd edilən maddələrlə cinayət işi başlanılıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

    Qeyd edək ki, təqsirləndirilən 59 yaşlı Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. 2003-cü il təvəllüdlü zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

    "Hamilə qalan məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb".

    Asiya.az
    xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildiriblər. Hadisə ilə bağlı araşdırma aparan mütəxəssislər azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu deyib:

    "Aprelin 6-da kütləvi informasiya vasitələrində yayılan məlumatda Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin (təvəllüd: 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüd: 1961-ci il) 5 aylıq hamilə olduğu və kənd icra nümayəndəsi Şəfiq Əliyevin də bu məlumatı təsdiqlədiyi bildirilirdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Lerik rayon İcra Hakimiyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıb. A.Vəliməmmədova hadisənin rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını, yeniyetmənin psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün aprelin 6-da kənd icra nümayəndəsi və psixoloqla birgə ailəyə səfər etdiklərini bildirib. Məlumatda məktəbli və anasının Rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirildiyi qeyd olunub. Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb. Eyni zamanda, ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb. Mütəxəssislər azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq, onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər”.

    Komitədən bildirilib ki, hazırda məktəblinin "Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır:

    "Son olaraq bildirmək istəyirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlılara qarşı cinsi zorakılıq və qısnama hallarını kəskin şəkildə pisləyir, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə aparılan çətin bir zamanda valideynləri övladlarına qarşı diqqətli və həssas davranmağa çağırır".
    PAYLAŞ:

    Oxşar xəbərlər