"Azərbaycanın siyasi səhnəsində radikallara yer yoxdur" - Sevinc Fətəliyeva

"Azərbaycanın siyasi səhnəsində radikallara yer yoxdur" - Sevinc Fətəliyeva
  • Siyasət

  • "Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə hesabat dövrünün nəticələri və qarşıda duran vəzifələr geniş müzakirə olundu".

    Asiya.az
    xəbər verir ki, bu fikri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

    S.Fətəliyeva bildirib ki, "Dünyada koronavirus pandemiyasının hökm sürdüyü şəraitdə ölkəmizdə vacib tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsində başqa ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət kritik deyil".

    Deputat söyləyib ki, "Bu ilin birinci rübü ərzində ölkəmiz beynəlxalq müstəvidə mövqelərini gücləndirməkdə davam edib. Prezident İlham Əliyevin Davos Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirakı böyük əhəmiyyət kəsb edir. Hər iki beynəlxalq tədbir çərçivəsində dövlətimizin başçısı vacib görüşlər keçirib, Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi yönündə vacib addımlar atılıb. Xüsusilə Münxen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair debatın təşkil olunması çox mühüm hadisə idi. Bu hadisə işğalçı Ermənistanın təbliğatını darmadağın etdi. Azərbaycan Prezidenti bütün beynəlxalq tribunalardan dövlətimizin bu məsələdə prinsipial mövqeyini bir daha səsləndirdi. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

    Mart ayının sonunda isə işğalçı Ermənistan və separatçı rejim tərəfindən Dağlıq Qarabağda qondarma “seçkilər” keçirildi. Dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti həmin “seçkiləri” tanımadı. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər təşkilatlar bu seçki şousunu pislədilər. Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Amma Avropa Şurası tərəfindən bu seçki şousuna heç bir münasibət bildirilmədi. Cənab Prezidentin qeyd etdiyi kimi, bu təşkilat Azərbaycana şər, böhtan atmaqla məşğuldur. Təbii ki, bu fakt təşkilatın hansı maraqlara xidmət etdiyinin göstəricisidir. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və onun özündə ciddi islahatların aparılmasına ehtiyac var. Beynəlxalq təşkilatlardan söz düşmüşkən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, üzv dövlətlərin əməkdaşlığı bütün dünyaya nümunə ola bilər. Türk Şurası dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirib və bu görüşdə Azərbaycanın koronavirusla mübarizə istiqamətində təcrübəsi dünya üçün nümunə kimi qiymətləndirilib".

    Deputat qeyd edib ki, "Müşavirədə Prezident ölkəmizdə həyata keçirilən islahatların, o cümlədən siyasi dialoqun əhəmiyyətini vurğuladı. Çünki bu islahatlar idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edir. Eləcə də parlament müstəvisindəki yeniliklər siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır".

    S.Fətəliyeva deyib ki, "Radikal müxalifət hazırkı şəraitdə də dövlətimizə qarşı böhtan kampaniyası aparır. Amma onların cəmiyyətdə heç bir dayağı olmadığı üçün belə kampaniyalar hər zamankı kimi iflasa məhkumdur. Azərbaycanın siyasi səhnəsində radikallara yer yoxdur".
    PAYLAŞ:

    Oxşar xəbərlər