Qaza, suya və işığa borcu olanların nəzərinə! - VİDEO

Qaza, suya və işığa borcu olanların nəzərinə! - VİDEO
  • Sosial / Manşet / Asiya TV

  • Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edir.

    Belə olan halda, vətəndaşların bu istiqamətdə xərcləri artır. Bəs bu günlərdə borca görə, vətəndaşın qazı, suyu və işığı kəsilə bilərmi? Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində bu günlərdə borca görə heç kimin suyu kəsilə bilməz.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

    Anar Cəbrayıllı – “Azərsu” ASC-nin mətbuat katibi:
    “Əsas diqqət odur ki, vətəndaşlarımız içməli sudan problemlə üzləşməsinlər. Diskomfort yaşamasınlar. Ona görə biz müvəqqəti olaraq mexaniki sayğacların göstəricilərinin oxunmasını da dayandırmışıq. Bu gün əməkdaşlarımız heç bir qapıya getmirlər. Biz bütün kontaktları sıfıra endirmişik. Heç kimin qapısını döymürlər, onun sayğacına baxış keçirmirlər və yaxud onun suyunu kəsilməsi ilə bağlı hər hansı bir xəbərdarlıq etmirlər”.

    “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov isə deyir ki, mexaniki tipli sayğaclardan istifadə edən abonentlər bildirişi aldıqdan sonra onun istifadə etdiyi qaza görə ödənişi həyata keçirməsi üçün 30 günlük müddəti olur.

    Ceyhun Səfərov – “Azəriqaz” İB-nin mətbuat katibi: “Yəni bunu bu 30 günün 1-ci günündə də, bildirişi aldığının səhərisi günü də, 30-cu günündə də ödəyə bilər. Bu, onun ixtiyarında olan bir məsələdir. Bunu biz 30 gün ərzində onun üçün borc hesab etməyəcəyik. Ödəniş imkanları bu müddətdə həyata keçirilə bilər”.

    Karantin rejimində isə bu məsələrlə xüsusilə diqqətlə və anlayışla yanaşılır. Belə ki, 30 günü keçdikdən sonra da ödəniş etməyən abonentin qazı kəsilməyəcək.

    Ceyhun Səfərov – “Azəriqaz” İB-nin mətbuat katibi: “Hələ ki, bu günə qədər borca görə, hər hansı abonentin qazı kəsilməyib. Maksimum maarifləndirmə və anlaşılma şəraitində bu məsələlərin həllinə səy göstəririk. Abonentlə söhbət aparılır. Ona vəziyyət izah olunur. Amma bu zaman onun borca görə qazı kəsilmir”.

    “Azərişıq” ASC isə abonentlərə borca görə güzəşt etmir. Hətta evlərə xəbərdarlıq bildirişləri də gəlib. Qurum bu günlərdə vətəndaşların istifadə etdiyi elektrik enerjisinə görə borcub yaranmasın deyə, bütün növ xidmətləri onlayn şəkildə davam etdirir.

    Tanrıverdi Mustafayev – “Azərişıq” ASC-nin mətbuat katibi: “İstehlakçılarımızın pandemiya dövründə çətinlik çəkməməsi ilə əlaqədar olaraq ilk gündən mobil tətbiq və ya azərişıq.az saytında “online” ödəmə sistemi mövcuddur. Bütün istehlakçılarımız onlayn xidmətdən yararlanır. Eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrədən istifadə etməklə ödəyirlər”.

    “Azərişıq” ASC həmçinin sosial şəbəkə hesabları vasitəsilə canlı bağlantı, eləcə də votsap üzərindən müraciətlərin qəbulunu həyata keçirir.
    PAYLAŞ:

    Oxşar xəbərlər