Daşkəsənin İcra Başçısı vətəndaşları videobağlantı ilə qəbul edib - FOTO

Daşkəsənin İcra Başçısı vətəndaşları videobağlantı ilə qəbul edib - FOTO
  • Siyasət

  • Daşkəsənin İcra Başçısı Əhəd Abıyev vətəndaşların videobağlantı ilə qəbulu zamanı Baş Nazirə müraciət ünvanlayıb.

    Asiya.az
    xəbər verir ki, Daşkəsənə möhkəm, güclü qar yağıb. Aprelin 23-də İcra başçısı Əhəd Abıyev inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirdiyi video-müşavirədə vətəndaşların da qəbulunu keçirib.

    Əhəd Abıyev 21 nəfər rayon sakininin birbaşa videobağlantı vasitəsilə müraciət və təkliflərini dinləyib.

    Qəbul zamanı vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə riayət etdiklərini, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən verilən təlimat və tövsiyələrin əhaliyə mütəmadi çatdırıldığını bildiriblər.

    Vətəndaşlar qeyd ediblər ki, koronavirusla bağlı xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, rayonda ərzaq və tibbi ləvazimatlarla təminat normaldır, xüsusi qayğıya ehtiyacı olan sakinlər nəzarətə götürülərək diqqətdə saxlanılır, onlara sosial-məişət xidmətləri göstərilir, aztəminatlı və işsiz ailələrə maddi yardımlar verilir. Daşkəsəndə, xüsusən polis şöbəsinin və həkimlərin köməkliyi ilə görülən zəruri tədbirlərin nəticəsidir ki, rayon ərazisində hazırda koronavirus xəstəliyinə yoluxan yoxdur.
    Rayon sakinləri ölkə rəhbərinin vaxtında həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək koronavirus xəstəliyinin qarşısının alınmasında hər bir vətəndaşın qayğısına qalaraq yorulmadan çalışdıqlarına və görülən bütün işlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

    Video-konfrans vasitəsilə möhtərəm Prezident cənab İlham Əliyevin “daim vətəndaşların yanında olun”, “biz birlikdə güclüyük”, “evdə qal” çağırışlarına uyğun olaraq hər kəsə məsuliyyətlə xüsusi karantin rejiminin qaydalarına əməl etmək bir daha tapşırılıb.

    Vətəndaşların videomüraciətləri kənd ərazilərində yay-otlaq sahələrinin yerli sakinlərə aid olduğu halda, lakin qonşu rayonlardan dolayı yollarla ayrı-ayrı işbaz vətəndaşlar tərəfindən qanunsuz olaraq mal-qaraların yaylaqlara gətirilməsinin və bunun nəticəsində kəndlərdə yarana biləcək sabitliyi pozan kriminal hadisələrin qarşısının alınması, bəzi kənd yollarının təmiri, kəndlərdə içməli su probleminin həlli, yararsız elektrik dirəklərinin, təhlükə yaradan naqillərin dəyişdirilməsi, intensiv yağan yağışların yaratdığı sel-suları nəticəsində şəhər ərazisində uçmuş, dağılmış istinad divarlarının bərpası, çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmir edilməsi və digər problemlər barədə olub.

    Rayon İcra Hakimiyyətinin Başçısı aidiyyəti yerli idarə və qurumların rəhbərləri ilə birgə icrası mümkün olan müraciətləri həll etdi, bəzi məsələlərin həll ilə bağlı mərkəzi icra hakimiyyəti orqanlarına çatdırılması üçün söz verdi.

    Video-qəbulunun sonunda Əhəd Abıyev vətəndaşlara bildirib: “Daşkəsən rayonunda güclü yağışlardan sonra möhkəm qar yağıb. Hazırda intensiv güclü qarın yağması davam edir. Belə ki, rayon mərkəzi ilə kəndlərarası yollar vaxtaşırı qardan təmizlənir. Amma yerlərdə içməli suyun, elektrik və qazın təchizatı ilə bağlı müəyyən çətinliklər var. Güclü qarın yağması müvəqqəti çətinliklər yaratsa da, biz daxili imkanlar hesabına bəzi problemli məsələlərin aradan qaldırılmasına çalışırıq.
    İnanırıq ki, hörmətli Baş Nazir Əli Əsədov, həm də Operativ Qərargahın sədri kimi bu ciddi məsələ, rayonda iqlim şəraitinin şaxtalı, qarlı, çox sərt olması ilə bağlı Daşkəsəndə yaranmış problemlərin həllinə, təbii fəlakətin yaratdığı sel-suları nəticəsində uçub-dağılmış yol kənarı istinad divarlarının tezliklə bərpa olunmasına, yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, çoxmərtəbəli binaların fasadlarına dəymiş ziyanların aradan qaldırılmasına dair aidiyyəti nazirliklərə göstərişlər verərək müvafiq tədbirlər görəcəkdir. Bir sözlə, Daşkəsən şəhərində, rayonun qəsəbə və kəndlərində bu ciddi məsələlərin həllinə köməklik mütləq vacibdir”.

    Daşkəsənin İcra Başçısı vətəndaşları videobağlantı ilə qəbul edib - FOTO
    Daşkəsənin İcra Başçısı vətəndaşları videobağlantı ilə qəbul edib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər