“Yardım paylayan bəzi idmançılar ölkəmiz haqqında yanlış rəy yaradırlar” - Ramin Əhmədov

“Yardım paylayan bəzi idmançılar ölkəmiz haqqında yanlış rəy yaradırlar” - Ramin Əhmədov
  • İdman

  • “Belə çətin dövrdə biznes qurumlarının, müxtəlif təşkilatların və ayrı-ayrı şəxslərin əhalinin sosial cəhətdən həssas qruplarına yardım paylaması nümunəvi addımdır. Amma hər bir sosial aksiya dövlətimizin karantin rejimi üçün müəyyən etdiyi qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bəzi idmançılar təşkil etdikləri yadım kampaniyalarında xüsusi karantin qaydalarını pozur, kütləvilik yaradır və bununla da virusa yoluxma riskini artırırlar. Digər tərəfdən, öz davranışları ilə vətəndaşları üz-üzə qoyur, süni mübahisələr yaradırlar. Sanki belə təsəvvür yaratmağa çalışırlar ki, Azərbaycan vətəndaşı acından ölmək üzrədir, insanların əli hər yerdən üzülüb və onlar taleyin ümidinə buraxılıblar”.

    Asiya.az
    xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov bəzi idmançıların təşkil etdiyi yardım aksiyalarında yaşanan kütləvilikdən, mübahisələrdən və dövlətimizin həyata keçirdiyi sosial siyasətin uğurlu nəticələrini kölgə altına sala biləcək görüntülərdən danışarkən deyib.

    YAP rəsmisi bildirib ki, vətəndaşları bir yerə toplayıb qaydaları pozmaqla kifayətlənməyən bəzi idmançılar, bilərəkdən ya bilməyərəkdən ölkəmiz haqqında yalnış rəylərin yaranmasına yol açırlar: “Hətta inkişaf etmiş Avropa ölklərində də, Amerikada da çətin vəziyyətdə yaşayan, metro keçidlərində gecələyən evsiz-eşiksiz insanlar var. Sözssüz ki, Azərbaycanda da belə insanlara rast gəlmək olar. Amma bu o demək deyil ki, Azərbaycanda hamı, hay-küylə təqdim olunan görüntülərdəki insanlar kimi yaşayır. Azərbaycan dünyada hərtərəfli sosial siyasət yürüdən ölkə kimi tanınır”.

    Dövlət başçısı İlham Əliyevin koronavirusla mübarizə çərçivəsində atdığı addımlardan danışan Ramin Əhmədov qeyd edib ki, dövlət öz işini mükəmməl şəkildə təşkil edib: “Heç bir Azərbaycan vətəndaşı dövlət qayğısından kənarda qalmır və bundan sonra da qalmayacaq. Dövlət elə bir iqtisadi mexanizm qurub ki, koronavirusa görə ayrılan yardımdan hər bir Azərbaycan vətəndaşına pay düşür. Bunu karantin dövründə Azərbaycanın yürütdüyü sosial siyasəti qiymətləndirən təşkilatlar rəylərində də qeyd edirlər. Bu rəylərdə həmçinin dövlətin koronavirusa qarşı apardığı mübarizənin diqqətçəkən elementləri, həyata keçirilən qabaqlayıcı tədbirlər də yer alır”.

    R.Əhmədov vurğulayıb ki, Azərbaycanda həssas təbəqəyə daim xüsusi diqqət ayrılıb, onların problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb: “Bu illər ərzində minlərlə vətəndaş dövlətdən təmənnasız mənzil alıb, şəhid ailələrinə, Qarabağ əlillərinə avtomobillər və mənzillər verilib, maaşlar, pensiyalar, müavinətlər dəfələrlə artırılıb. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müxtəlif proqramlar qəbul olunub. Bunları görməzdən gəlmək və bir neçə nəfərin ağır sosial vəziyyətinə əsaslanıb bütün ölkənin eyni vəziyyətdə olduğuna dair təsəvvürlər yaratmaq olmaz. Azərbaycan dövləti öz vətəndaşına sahib çıxmaq gücündədir. Bizim payladığımız yardımlar virusla mübarizə dövründə dövlətimizin gördüyü işlərə sadəcə dəstək məqsədi daşımalıdır. Biz də aksiyalar təşkil edir və bunu yalnız həmrəylik və birlik nümunəsi hesab edirik. Dövlətin bizim yardımlarımıza ehtiyacı yoxdur. Yaxşı olar ki, bəzi idamançı yoldaşlar dediklərimizi nəzərə alsınlar”.
    PAYLAŞ:

    Oxşar xəbərlər