“Vosmoy Bazarı” müharibəsinin qısa tarixi...

“Vosmoy Bazarı” müharibəsinin qısa tarixi...
  • İqtisadiyyat

  • Xalq arasında "Vosmoy bazarı” kimi tanınan 8-ci kilometr bazarı yenidən diqqət mərkəzinə gəlib. Buna səbəb 2005-ci ilə qədər bazarın sahibi olan Cəfər Səfərovun dünən iki nəfər şəxs tərəfindən bıçaqlanmasıdır. Polis artıq cinayəti törədənlərin izinə düşüb.

    Asiya.az
    "Yeni Sabah”a istinadən bildirir ki, Cəfər Səfərov və qardaşı Salman Səfərovun adı ictimaiyyətə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işindən tanışdır. Səfərov qardaşları "MTN işi”nə zərərçəkən qismində cəlb edilib. Onların şikayətçi olduğu şəxs isə bu günlərdə azadlığa buraxılan MTN-nin ən odioz fiqurlarından hesab edilən Akif Çovdarov olub.

    Salman Səfərov məhkəmədə bildirib ki, Akif Çovdarov "Vosmoy bazarı”nı hədə-qorxu yolu ilə onların əlindən alıb.

    Vosmoy bazarı Azərbaycanda ən qalmaqallı ticarət obyektlərindən biridir. Bazarı Çingiz Əsədov adlı şəxs yaradıb. Sonradan bazar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətinə keçib. Səfərov qardaşlarının keçmiş nazirin adamları olması barədə iddialar var. Çingiz Əsədov da "MTN işi” ilə bağlı məhkəmədə bazarı onun əlindən keçmiş nazirin aldığını iddia edib.

    "Daha sonra qardaşım adam öldürdü, problemlər, sıxıntılar yaranmağa başladı. Həmin vaxt Cəfərgil bazarı onlara icarəyə verməyimi təklif etdilər, razılaşdıq. Bir ilin pulunu aldım, ikinci ilin pulunu istəyəndə isə dedilər bazarı səndən almışıq. Mən məhkəməyə müraciət etdim, lehimə qərar verildi. Cəfərgil keçmiş nazir Fərhad Əliyevin adından istifadə edirdilər deyə heç kimi saymırdılar. Məhkəmə qərarından sonra icraçılar gəlib onları bazardan çıxartdılar.

    Bundan sonra Fərhad Əliyevin qardaşı Rafiq Əliyev bazara gəlib məni söydü. Mən ona cavab qaytaranda Rafiq Əliyev işarə etdi, Cəfərgil məni döydülər. Sonra məni bazardan qovub, qardaşımı da oğurladılar. Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdim. Yarım saat sonra Cəfər mənə zəng edib dedi ki, polis bizə heç nə edə bilməz. Dedi ki, sən bazarı və 600 min manat verməlisən. Gördüm polis də kömək edə bilmir, bacarmayacam, məcbur olub bazarı Cəfərgilə verdim”, - deyə o ifadəsində bildirib.

    2005-ci ilin oktyabrında Fərhad Əliyev həbs edildikdən sonra bazar MTN-nin nəzarətinə keçib. Çingiz Əsədov bunun könüllük əsasında baş verdiyini deyir. Onun iddiasına görə, keçmiş nazirin həbsindən sonra bazarı Akif Çovdarovla həmin vaxt Milli Təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun qayınatasına satıb.

    Bazarın məhz bu formada sahibini dəyişdiyini söyləmək çətin olsa da, fakt odur ki, Fərhad Əliyevin həbsindən sonra bazar MTN-nin nəzarətində olub.

    Amma bundan sonra da bazar uğrunda savaş səngiməyib. "Vosmoy bazarı”nın bir neçə dəfə yanması bu savaşla əlaqələndirlir. Bəzi iddialara görə, kifayət qədər iqtisadi gücü olan məmurlar bazarı MTN-nin nəzarətindən çıxarmağa cəhd edib. Nəticədə zərbə icarədarlara dəyib. Hər dəfə yanğın baş verəndə icarədarlar bunun qəsdən törədildiyini, bazar uğrunda savaşla əlaqələndiriblər…
    PAYLAŞ:

    Oxşar xəbərlər