“Əvvəllər rüşvətxor ailədən qız almırdılar…” – MÜSAHİBƏ

“Əvvəllər rüşvətxor ailədən qız almırdılar…” – MÜSAHİBƏ
  • Hərb

  • Son zamanlar ölkədə rüşvətxor məmurların həbsi davam edir.

    Burada hələlik aparıcı yeri icra başçıları tutur. Lakin bu o demək deyil ki, DTX-nın keçirdiyi əməliyyatlar təkcə icra başçılarının həbsi ilə məhdudlaşır. Belə ki, artıq Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da həbs edilib.

    Asiya.az xəbər verir ki, yenisabah.az-ın sözügedən məsələ ilə bağlı bu və digər suallarını psixoloq Azad İsazadə cavablandırıb:

    - Azad bəy, icra başçıları və digər vəzifəli şəxslərin həbsi belə bir fikir formalaşdırıb ki, məmurlar heç kimdən qorxmadıqları üçün rüşvətxor əməllərini davam etdirirlər. Bir qədər loru dildə desək, silsilə həbslər rüşvətxor məmurların gözünü niyə qorxutmur?

    - Əslində, qorxudur, amma hələ düzgün nəticə çıxarmayıblar. Hamımızın dost-tanışı var, eşitdiklərimizə görə, artıq icra başçıları kabinetləri yoxlayırlar, çünki qorxurlar ki, onları da güdə bilərlər. Əgər sən düz adamsansa, kabinetdə heç bir əyri işlə məşğul deyilsənsə, axı nə fərqi var ki, səni çəkirlər, ya yox? Biz dükana girəndə bilirik ki, kamera bizi çəkir, amma biz ondan qorxmuruq, çünki oğurluq etmirik. Deməli, icra başçısı kabinetində kamera axtarırsa, o artıq pis əməllərinə görə narahatdır. Amma bütün bunlara baxmayaraq, əməllərindən əl çəkmək istəmirlər, çünki düzgün nəticə çıxara bilmirlər. Ümid edirlər ki, bu bir kampaniyadır, bir-iki aya səngiyəcək və ondan sonra köhnə işlərinə qayıda biləcəklər. Bu, kampaniya xarakteri daşımasa və proses mütəmadi davam eləsə, yaxşı nəticələr ola bilər. Təbii, söhbət təkcə icra başçılarından getmir, Mədəniyyət Nazirliyində də oxşar əməliyyatlar keçirilib. Biz bir şeyi anlamalı və təəssüflə razılaşmalıyıq ki, bu gün korrupsiya Azərbaycanda sistem xarakterlidir. İnsanı işdən çıxarmaqla tam şəkildə korrupsiyanı yox etmək olmaz. Sistem dəyişiklikləri lazımdır. Söhbət təkcə dövlətdən getmir, həmçinin cəmiyyətdə də korrupsionerə qarşı tənqid olmalıdır. Bu gün cəmiyyət rüşvət götürəni qınamır və hətta rüşvətxor hörmətli adamdır, çünki onun pulu çoxdur, maşını, villası, firması var, hesab edirlər ki, camaata iş verə bilər və s. Amma hamımız yaxşı bilirik ki, o şəxs o pulu oğurluqla qazanıb. O qınaq sistemi yaransa, korrupsiya tam ləğv olunmasa da, xeyli azalar.

    - Necə düşünürsüz, məmurların rüşvətxorluğa davam etmələrini nəfslərinə hakim ola bilməmələri ilə də əlaqələndirə bilərikmi?

    - Bəli, tamamilə razıyam. Nəfs də onlara hakim kəsilib. Pul gəldikcə daha çox pul istəyirlər, gözləri doymur. Belə olan halda isə ətraf onları maraqlandırmır, neçə-neçə insanların pis şəraitdə yaşamasına səbəb olduqlarının fərqində olsalar da, bu, onlar üçün məna daşımır. Çünki ancaq özlərini düşünürlər.

    - Rüşvət almaq, dövlət əmlakını talamaq, vəzifə səlahiyyətlərini etinasız icra etmək kimi pis vərdişlər sonradanmı qazanılır, yəni insanı buna mühitmi məcbur edir, yoxsa bunlar xarakterləmi bağlıdır?

    - Hər bir peşədə təbii seçim gedir. Müəllimlərin də, həkimlərin də, məmurların və digər peşə sahiblərinin də arasında istər müsbət, istər mənfi seçim məsələsi var. Onillər boyunca məmurlar arasında gedən seçim sırf korrupsiya ilə bağlı olub. Korrupsiyaya qoşulmaq istəməyən şəxs heç vəzifəyə gedə bilməyib... Çünki ağır, məsuliyyətli işdir, məmurlar üçün tək yaxşı tərəfi rüşvət alıb yaxşı pul qazanmalarıdır. İllərlə vəzifələrin çoxu pulla alınıb. Namizəd təyinat almaq üçün “şirinlik” verməli olub və ya onu kimsə tapşırıb. Deməli, bu cür korrupsioner məmurlar onillər ərzində yetişdirilib. Super təmiz insan gəlirdisə belə, o sistemə uyğunlaşmaya bilməzdi, çünki rüşvət götürməyən və heç kimə rüşvət verməyən şəxsi vəzifədən uzaqlaşdırırdılar. Bu sistem özünə oxşar işçiləri yetişdirirdi. Ona görə deyirəm ki, sistemi dəyişmək, başqa cür məmurlar yetişdirmək lazımdır.

    - Belə bir iddia da var ki, bəzi məmurlar yaşadıqları lüks həyatdan imtina edə bilmədikləri üçün hər cür cinayətə əl atırlar. Hazırda postunu itirmək istəməyən məmurlar təkrar rüşvət verə bilərlərmi?

    - Onsuz da bunlar pul qazanıblar və cürbəcür cinayətlər ediblər. Biri rüşvəti ancaq varlılardan götürüb, digəri isə yetimləri də soyub. Bu ikisi arasında biraz, çox cuzi vicdan söhbəti olub. Amma bu onların ümumilikdə rüşvətxor olduqlarını dəyişmir. Rüşvət vermə məsələsində də belədirlər, əlbəttə ki, mövcud vəziyyətdə və sistemdə buna cəh edəcəklər, hətta başqa çıxış yolları olmadığı üçün buna borcludurlar. Çünki yuxarılarda da rüşvətxorluq var. Bugünədək zərbə altında olan biri həmişə vəzifədə qalmaq üçün bir üstünə rüşvət verib ki, onu zərbə altından çıxarsın. Deməli, bu məmur vəzifədən getsə də, sistem qalacaq. Sistem dəyişsə, artıq məmur rüşvət verib özünü vəzifədə saxlatmağa adam tapa bilməyəcək.

    - Sizcə, onlar nəzarət mexanizminin zəif olmasındanmı sui-istifadə edirlər?

    - Nəzarət mexanizmi dedikdə, axı hər şey göz qabağındadır. Guya ki, biz görmürük ki, vəzifəsindən asılı olmayaraq məmur rüşvət alır, ya yox? Maraqlısı odur ki, hansısa məmur rüşvət üstdə yaxalandıqda, evindən külli miqdarda pul çıxdıqda heç kim təəccüblənmir, əksinə biz kabinetdən pul çıxmasa, təəccüblənərik. Bu reallıqdır. Deməli, biz cəmiyyət olaraq bunu norma kimi qəbul edirik, ona görə cəmiyyətdə də problem var. Amma mən hər şeyi cəmiyyətin boynuna da atmıram, kimsə özü üçün pul qazanıbsa, mən niyə cəmiyyət üzvü kimi cavabdeh olmalıyam? Sadəcə demək istədiyim odur ki, biz öz münasibətimizi dəyişməliyik. Mənim yadıma gəlir ki, əvvəllər rüşvətxor ailəyə qız verməzdilər. O ailədən qız almazdılar. Çünki ziyalı adamın rüşvətxorla qohum olması ayıb sayılardı. Amma indi tam tərsidir. Çünki rüşvətxorla qohum olanda rahatlaşırlar ki, qızları, oğulları yaxşı yaşayacaq, problemləri olmayacaq, yaxşı iş və evləri olacaq, yayda rahat istirahətə gedə biləcəklər, nəvələri yaxşı məktəblərdə oxuyacaq və s. Amma düşünmürlər ki, onların nəvələri başqa yüzlərlə uşağın pis yaşaması hesabına yaxşı yaşayacaqlar. Bu bir problemdir. Bunun sonu həbsxanada bitəndə də artıq pis olmamalıdırlar, çünki əməllərinin nəticəsidir.

    - Bəzi yanaşmalar var ki, hüquq mühafizə orqanlarının rəhbərləri icra başçılarının cinayətinə göz yumublar. Bu barədə siz nə düşünürsünüz? Həmin rayonların hüquq mühafizə orqanlarının rəhbərlərini məsuliyyətə cəlb etmək lazımdırmı?


    - Bir neçə il bundan əvvəl hüquq mühafizə orqanı olan MTN ləğv olundu. Ən güclü orqan idi. Deməli, orada problem var idisə, digərlərində də var. Düzgün və obyektiv istintaq aparılsa, çox şeyin üstü açılar. Ancaq zaman göstərəcək ki, bu, kampaniyadır, ya həqiqi mübarizə... Hələlik mən düşünürəm ki, bu, kampaniyadır və bir-iki aya səngiyəcək. Təki mən səhv çıxım. Mən kiminsə həbsində maraqlı deyiləm, sadəcə istəyirəm ki, ölkədə korrupsiya ilə mübarizə davam etsin və korrupsiya bitsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər