Polisdə işgəncə görən azərbaycanlı dövlətdən 100 min rubl alacaq

Polisdə işgəncə görən azərbaycanlı dövlətdən 100 min rubl alacaq
  • Dünya / Hadisə

  • Ötən gün mayın 12-də Rusiyanın Orenburq vilayət məhkəməsində azərbaycanlı Ramin Şahmarova günahsız yerə yerli biznesmenin və oğlunun qətlində şübhəli bilindiyi, polisdə işgəncə gördüyü üçün mənəvi zərərin ödənilməsi qismində 100 min rubl kompensasiya verilməsi barədə rayon məhkəməsinin hökmü təsdiqlənib.

    Asiya.az
    Virtualaz.org-a istinadən xəbər verir ki, buna baxmayaraq İşgəncələrə qarşı Komitənin hüquqşünasları hökmdən apellyasiya verəcəklər, onlar kompensasiyanın məbləğinin aşağı olduğunu deyirlər.

    Habelə vəkillər Ramin Şahmarova və həmin qətl işinin iki keçmiş fiqurantına qarşı işgəncə verilməsi ilə bağlı indiyədək cinayət işinin qaldırılmamasından şikayətçidir.

    Ramin Şahmarov və onunla birlikdə həmin qətlə görə tutulan Müşfiq Şıxəliyev Orenburq vilayətinin Abdulino şəhərində yaşayıblar. Onlar 2018-ci ilin iyununda işgəncələrə qarşı Komitəyə müraciət edərək hüquqi yardım istəyiblər. Şikayətçilər deyiblər ki, 2018-ci ilin martında onları ayrı-ayrılıqda polis saxlayıb, səbəbini izah etmədən Orenburq vilayət polis idarəsinə aparıb.

    Polisdə işgəncə görən azərbaycanlı dövlətdən 100 min rubl alacaq
    Ramin Şahmarov

    Ramin Şahmarovun dediyinə görə, polislər onu hələ yolda avtomobildə apararkən döyməyə başlayıblar. Habelə milli zəmində söyüblər. Polis idarəsində isə dərhal onu döyməyə başlayıblar və törətdiyi cinayəti boynuna almağı tələb ediblər. “Bir müddət sonra polislər mənə dedilər ki, mən biznesmeni və onun azyaşlı oğlunu öldürmüşəm. Bunu etmədiyimi dedim, bundan sonra döyülmələr davam etdi”,-Ramin bildirib.

    Polisdə dindirmə zamanı bir neçə dəfə onun ağzını və burnunu sellofan pektlə bağlayıblar, nəfəs almağa imkan verməyiblər. Hansısa məqamda Ramin huşunu itirib və ayılanda görüb ki, ətrafında onun öldüyündən qorxan beş polis dayanıb.

    “Özümə gələndən sonra döşəməyə oturdum. Ancaq polislər məni döşəməyə sıxdılar və dizləri ilə belimdəm basıb qətli boynuma almağı tələb etdilər. Bu vaxt ağzımdan qan açıldı. Bir müddət sonra məni döyməyi dayandırdılar. Hərçənd onların tələb etdiyi izahata qol çəkmədim”,-Ramin deyir.

    Digər azərbaycanlı Müşfiq Şıxəliyevi də həmin polis idarəsinə aparıblar. Dediyinə görə, onu orada döyməyə başlayıblar, başına, qarnına, belinə zərbələr endiriblər. “Mənə kişi və uşaq cəsədinin fotolarını göstərib dedilər ki, tanışım və əmim oğlu həmin qətli mənim törətdiyim haqda ifadə verib. İzah etməyə çalışdım ki, alibim var, hadisə günü Başqırdıstanda olmuşam, ətlik heyvan almağa getmişdim və bunu sənədlərlə sübut edə bilərəm. Amma dedilər ki, heç nəyi yoxlayan deyillər və yaxşısı odur qətli boynuma alım”,-o deyib.

    Dindirmə zamanı polislərdən biri bir neçə dəfə onun cinsiyyət orqanını ayağı ilə basıb, elektroşok verib və cinayəti boynuna almağı tələb edib. “Dedim məni tualetə aparın, bu vaxt həmin polis dedi ki, tualetə ancaq başımı unitaza soxmaq üçün apara bilər”,-Şıxəliyev ifadəsində bildirib.

    İki gün sonra məhkəmə Ramin Şahmarov və Müşfiq Şıxəliyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib, onları təcridxanaya aparıblar. Təcridxanada Müşfiq Şıxəliyev cinayəti boynuna almaq barədə ifadəyə imza atıb. Dediyinə görə, bunu ona görə edib ki, təcridxana administrasiyasının əməkdaşları inadkarlığı davam etdirsə onu zorlayacaqlarını bildirib.

    Amma martın 17-də Şahmarov və Şıxəliyev cinayətə dəxli olmadıqları üçün azadlığa buraxılıb. Onların əvvəldən bəhs etdikləri alibi təsdiqlənib, məlum olub ki, biznesmenin və oğlunun qətli zamanı onlar ət alveri ilə bağlı Başqırdıstanda olublar.

    Həmin ilin iyununda hüquq müdafiəçiləri Şahmarova və Şıxəliyevə işgəncə verilməsi ilə bağlı İstintaq Komitəsinə şikayət edib. Cinayət işi qaldırılıb, amma daha sonra prokurorluq qərara xitam verib. Hüquq müdafiəçiləri mübarizəni dayandırmayıblar və nəhayət nail olublar ki, 2020-ci ilin fevralında işgəncə faktı barədə təhqiqat İstintaq Komitəsinin xüsusi şöbəsində yenidən bərpa edilsin.

    Bu iş üzrə daha bir keçmiş fiqurant Müşfiq Quliyev də 2019-cu ilin iyulunda işgəncələr əleyhinə Komitəyə şikayət edib. Bildirib ki, onu işgəncələr altında Şahmarvun və Şıxəliyevin əleyhinə ifadə verməyə məcbur etmişdilər.

    M.Quliyevin özünü həbsdən iki ay sonra azad ediblər, çoxsaylı şahidlər onun qətldə əli olmadığı haqda alibisini təsdiqləyib. Təcridxanadan buraxılsa da Rusiyada qalmaq müddəti keçdiyi üçün daha 9 ay xüsusi saxlanma məntəqəsində qalmalı olub. Yalnız Azərbaycana qayıdandan sonra işgəncələr əleyhinə Komitəyə şikayət verib.

    M.Quliyevin sözlərinə görə, onu döyüblər, söyüblər, alçaldıblar, boğublar. Nəhayət polislər M.Quliyevə qarşı “qaranquş” işgəncə növünü tətbiq edəndən sonra o dözməyib, törətmədiyi əməli boynuna almaq barədə ifadəni imzalayıb.

    Quliyev “qaranquş” işgəncəsini belə təsvir edir: “Əməkdaş məni üzü üstə döşəməyə uzatdı, başıma kəndiri doladı, elə elədi ki, kəndir ağzıma girdi və dişlərimi araladı, nəticədə ağzım açıq qaldı. Sonra həmin kəndiri geri dartıb dizlərimə qədər apardı, pəncə nahiyəsinə bağladı. Beləliklə, mən çox narahat və ağrılı pozada qaldım, xüsusən də onurğamda şiddətli ağrı yarandı, çünki geriyə əyilmişdi. Digər əməkdaş isə qıçlarımın arasından keçən kəndiri ayağı ilə basırdı ki, mənə daha dözülməz ağrı versin. Bu vəziyyətdə məni təxminən yarım saat saxladılar”.

    M.Quliyev deyir ki, işgəncələr gün ərzində davam edib, onların bədənlərinə elektroşok veriblər, güclə dərman içiriblər. Dərmanı içdikdən sonra sərxoşluq hissi yaranıb. Əl-qolunu bağlayıb zorla iynə vurublar.

    Anoloji işgəncələri onun Rusiyada yaşayan doğmalarına və yaxınlarına da verəcəklərini polislərdən eşidən Müşfiq təhlükənin daha da yaxında olduğunu anlayıb. Təcridxanada ona doğmalarının dəqiq ünvanları, ad - soyadları açıqlanıb.

    "Axşam tərəfi polis əməkdaşları ayaqlarımı açdılar, məni qonşu otağa köçürdülər. Stolun üstündəki sənədləri imzalamağımı əmr etdilər, onları oxumağa imkan vermədilər. Sənədlərin hamısını imzaladım. Bundan sonra daha mənə toxunmadılar, əllərimdəki qandalları da çıxartdılar. Amma yenə yemək vermirdilər, ayaqyoluna getməyə qoymurdular” – müraciətdə belə deyir.

    Qeyd edək ki, Rusiya mətbuatı Orenburqda biznesmenin və azyaşlı oğlunun qətlə yetrilməsi cinayəti, habelə azərbaycanlıların bu qətlə görə tutulması və daha sonra günahsız olduqları üçün buraxıldıqları haqda dəfələrlə geniş yazıb.

    Xatırladaq ki, 2018-ci ilin yanvarında Orenburqda baş vermiş amansız qətlin üstü isə hələ də açılmayıb. Həmin vaxt biznesmen Çernov azyaşlı oğlu ilə birlikdə öldürülüb, onun “Toyota Land Cruiser” markalı avtomobili yandırılıb. Həmin qətlə görə tutulan və günahı sübut edilmədiyi üçün buraxılan azərbaycanlılardan isə Rusiya Baş prokurorluğu rəsmən üzr istəyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər