Koronavirus aşkarlanan cəzaçəkmə müəssisəsində dözülməz vəziyyət

Koronavirus aşkarlanan cəzaçəkmə müəssisəsində dözülməz vəziyyət
  • Cəmiyyət, Manşet

  • Üç gün əvvəl Ədliyyə Nazirliyi 13 saylı cəzaçəkmə müəssisəsində 33 nəfər məhbusun virusa yoluxması haqda açıqlama yaymışdı. Bu gün daha çox məhkumda infeksiyaya yoluxma qeydə alındığı üzə çıxıb.

    Asiya.az
    Bizimyol.info-ya istinadən xəbər verir ki, 46 məhbus virus daşıyıcılarının siyahısına düşüb. Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı danışıb. O, məhkum pasiyentlərin müalicəsinin davam etdirildiyini deyib.

    13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva hesab edir ki, gerçək vəziyyət açıqlanmır.

    Koronavirus aşkarlanan cəzaçəkmə müəssisəsində dözülməz vəziyyət
    Əminə Hacıyeva
    Onun fikrincə, say xeyli çoxdur, amma gizlədilir: “Təkcə 13 saylı müəssisədən 96 nəfər müalicə üçün aparılıb”.

    Əminə Hacıyeva deyir ki, təkcə qardaşının saxlanıldığı “barak”da 30 nəfər virusa yoluxub. Cahangir Hacıyev son aylar dörd dəfə xəstələnib. Əminə Hacıyeva cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin yaxşı olmadığını, xəstəliklərə fürsət verdiyini düşünür: “Məhbusların çoxu normal qidalanmır. İki aydan çoxdur sovqat qəbulu dayandırılıb. Dükandan alıb yeyirlər. Bəzi məbusların ərzaq almağa heç pulu da yoxdur. Ora daş karxanasına yaxındır, həmişə toz içində olur. Normal qidalanmamaq, üstəlik, belə pis şərait kütləvi yoluxmaya imkan verir”.

    13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımına görə həbs olunmuş Saleh Rüstəmlinin ailə üzvləri də daha çox məhbusun virusa yoluxduğunu düşünür. Onların sözlərinə görə, hələ martda müəssisədə halı pisləşənlər olubmuş. Son vaxtlar isə kütləvi yoluxma haqda xəbərlər eşidiblər. Ailə üzvlərindən Yeganə Rüstəmli bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsində 33 nəfərin yoluxması barədə Ədliyyə Nazirliyi məlumatı açıqlayandan sonra ora əlcək və maska aparıblar, amma qəbul edilməyib.

    Vaxtilə burada saxlanılmış ictimai fəallar Anar Məmmədli, İlkin Rüstəmzadə, jurnalist Pərviz Həşimli cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin bərbad olduğunu deyir. Onların sözlərinə görə, məhkumlar yayda susuzluqdan, üfunətdən əziyyət çəkir. Virusun yayıldığı indiki vaxtda isə orada sosial məsafə saxlamağın mümkünsüz olduğunu bildirirlər. Çünki təxminən 80-100 kvadratmetrlik “barak”da 120-130 məhkum saxlanılır.

    Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində martın 6-dan həbs yerlərində saxlanılan şəxslərin yaxınları ilə görüşü, onlara sovqat çatdırılması qadağan edilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bu qadağalardan sonra cəzaçəkmə müəssisələrinin daxilindəki ticarət köşklərində qiymətlərin bahalaşması barədə iddiaları təkzib edib. O bildirib ki, qiymətlər adi mağazalarda olduğu kimidir. M.Sadıqovun sözlərinə görə, məhkumlar gündə üç dəfə keyfiyyətli yeməklə təmin olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər