Çin dünyaya meydan oxuyur: Postpandemiya siyasətində incə nüanslar (TƏHLİL)

Çin dünyaya meydan oxuyur: Postpandemiya siyasətində incə nüanslar (TƏHLİL)
  • Dünya

  • "Koronavirus epidemyasının yayılmasında Çinin Vuhan şəhərinin hakimiyyət nümayəndələri məsuliyyət daşıyırlar”.

    Asiya.az
    xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Onun fikrincə, bəzi ekspertlər dünyanın dəyişəcəyini güman etdikləri halda, digər ekspertlər müşahidə olunan mübahisələrə istinad edərək heç nəyin dəyişməyəcəyini bildirirlər:

    "Bunun ən bariz nümunəsi Amerika ilə Çin arasında artan mübahisə və söz atışmasıdır. ABŞ Prezidenti Donald Tramp epidemiya ilə əlaqədar ölkəsinin dəhşətli hücuma məruz qaldığını vurğulayıb. Hücum edən ölkənin ismi bəllidir: Çin. Ağ Ev sahibi bu vəziyyətdə hətta Çinlə iqtisadi əlaqələri tam kəsə biləcəyinə işarə edib. Əslində, epidemiyanın yayılmasından bir neçə həftə öncə Tramp Çinlə uzun danışıqlardan sonra ticarət məsələlərində razılaşma əldə etmişdi. "Mən Çinlə böyük bir bazarlıq etdim və indi həmin saziş o qədər də yaxşı görünmür”, - deyən Tramp Çindən idxal olunan virusun bütün razılaşmaların üstündən xətt çəkdiyini bildirib. Tramp belə bir addımdan çəkinmir. Ağ Ev sahibinin sözlərinə görə, Amerika Çinlə ticarəti kəsəcəyi halda 500 milyard dollara qənaət edəcək. Görünür, Tramp ona işarə edib ki, Çin Amerika bazarını ucuz mallarla doldurub və bundan qazanan Pekindir. Bundan başqa, Amerika şirkətlərinin müəssisələrini Çində çalışdırması da Amerikanın ziyanınadır. Tramp həmin müəssisələri də geri qaytarmağa çalışır.

    Çin rəsmiləri Vaşinqtonun ittihamlarına cavabsız qalmır. Onlar Amerikaya Çinin böyük nüvə dövləti olduğunu xatırlatmağa başlayıblar. Çin rəsmiləri hədələrində yalnız Amerika ilə kifayətlənmirlər. Pekin virusun yayılmasına görə onu tənqid edən və beynəlxalq araşdırma qrupu yaratmağa çalışan Avstraliyanı da hədələyir. Çin rəsmilərindən biri müsahibəsində Avstraliyanı "Çinin çəkməsində saqqız çeynəyən ölkə” adlandırıb”.

    Elxan Şahinoğlu qeyd edib ki, Pekin beynəlxalq aləmin qınağından qurtulmağın yollarını da arayır:

    "Çindən gələn gecikmiş etiraf bunun sübutudur. Çinin koronavirus epidemiyası ilə mübarizə mərkəzinin baş müşaviri Tjun Nanşan Amerikanın CNN televiziya kanalına müsahibəsində deyib ki, koronavirus epidemyasının yayılmasında Çinin Vuhan şəhərinin rəsmi nümayəndələri məsuliyyət daşıyırlar. Baş müşavirin sözlərinə görə, Vuhan şəhərinin hakimiyyət nümayəndələri mərkəzi hakimiyyətə vaxtında səhih məlumat verməyib. Və guya işə mərkəzi hakimiyyət qarışdıqdan sonra virusun insandan insana yayılması faktı təsdilənib və bu haqda Ümumdünya Səhiyyə Təşkilatı məlumatlandırılıb. Bu, inandırıcı deyil.
    Birincisi, baş müşavirin sözlərinə görə, Pekin virusun təhlükəli olması barədə qərarı yanvarın 18-də verib. Vuhanda xəstələrin sayı ötən ilin dekabrın əvvəllərində artıb, bundan sonra bəzi yerli həkimlər həyəcan təbili çalıb. Necə olub ki, mərkəzi hakimiyyət yalnız ay yarım sonra xəstəliyin təhlükəli olduğu qənaətinə gəlib? Bu, az inandırıcıdır.

    İkincisi, Pekin baş müşavirin Amerika televiziyasına verdiyi müsahibə vasitəsilə virusun yayılmasına görə məsuliyyəti bölgə rəhbərliyinin üstünə atmağa çalışır ki, Çin hakimiyyəti beynəlxalq aləmin təpkisindən qurtulsun”.

    Politoloq bildirib ki, Pekin virusun yayılmasına görə məsuliyyəti Qərb dövlətlərinin üzərinə atmaq siyasətini də davam etdirir:

    "Məsələn, Çin rəsmiləri deyir ki, guya başda İtaliya olmaqla, Qərb ölkələri sərt tədbirlər gorməkdə gecikiblər. Əlbəttə, gecikməni inkar etmək çətindir. Ancaq Qərb ölkələri Çinin və Ümumdünya Səhiyyə Təşkilatının ilk günlərdə "virus qorxulu deyil, insandan insana yayılmır” tezisinə inanmışdılar. Bu inam Qərbə baha başa gəldi. Əgər virusun başlanğıc nəqtəsi olan Çində 3 mindən bir az çox insan vəfat etmişdisə, digər dövlətlərin tamamında ölənlərin sayı 300 min nəfəri aşıb və bu gedişlə 1 milyona yaxınlaşacaq.

    Çinin xarici ölkələrdəki diplomatları da fəallıqlarını artırıblar. Çinli diplomatlar virusun İtaliyada meydana gəldiyini iddia edərək, Fransanın pandemiya dövründə liberal dəyərlərdən imtinasını lağa qoyublar. Çinli diplomatların bu tərz davranışı Avropanın əsas paytaxtları olan Parisi, Berlini, Brüsseli ciddi narahat edir. Çinin İsveçrədəki səfiri o dərəcədə "fəallaşıb” ki, yerli siyasətçilər həmin səfiri persona non-qrata elan etməyə çağırıblar”.

    Politoloq vurğulayıb ki, Pekin hədəfi özündən yayındırmaq üçün əlindən gələn hər şeyi edir:

    "Çin bir müddət müxtəlif dövlətlərə maska göndərəklə "maska diplomatiyasına” üstünlük verdi. Ancaq bu diplomatiya Çini məsuliyyətdən azad etmək üçün kifayət deyildi. Digər tərəfdən Çinin bəzi ölkələrə göndərdiyi tibbi ləvazimatların, o cümlədən virusun müəyyənləşdirilməsi üçün lazımi testlərin yararsız olduğu aşkarlandı. Çin Avropanın bəzi ölkələrini ələ almaq üçün hətta həmin ölkələrin zooparklarına panda ayılarını göndərəcəyini vəd etdi. Pulsuz pendir tələdə olur. Avropa ölkələri bu cür rüşvətdən imtina etdilər.

    "Blumberq” agentliyinin analizinə görə, Çin beşinci nəsil telekomunikasiya şəbəkəsi sayılan 5G uğrunda mübarizəni də gücləndirib. Çinin ən böyük avadanlıq istehsalçısı olan "Huawei” şirkəti Amerikanın saksiyalarına rəğmən, əldə etdiyi 5G vasitəsilə dünyanın telekomunikasiya bazarına nəzarət etmək istəyir. ABŞ və Avropa ölkələri Çinin 5G-yə nəzarət etməsini istəmirlər.

    Çin Kommunist Partiyasının rəhbərliyinin bir başqa dərdi də var. Mərkəzi hakimiyyət gələcəkdə ölkədə baş verə biləcək narazılıqdan ehtiyat edir. Avtoritar üsul-idarə illərdir iqtisadi yüksəlişi təmin etsə də, pandemiya idaerətmənin zəif nöqtələrini göstərdi. Bu sırada virusun təhlükəli olduğunu deyən həkimlərin sıxışdırılması yoluyla fikir azadlığının boğulmasından tutmuş iqtisadi bərabərsizliyə qədər amilləri göstərmək olar”.

    Politolq sonda onu da əlavə edib ki, Çin ilə Avropa arasında iqtisadi əlaqələr hələ də güclüdür:

    "Ancaq Avropa ölkələri bundan sonra Çində baş verənləri diqqətlə izləməli olacaqlar. Çünki dünya anladı ki, Çinə aid olan neqativ hadisə zamanında dəyərləndirilməsə, bunun acı nəticəsini hamı hiss edəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər