Gülağa Tənhanın özəl günü

Gülağa Tənhanın özəl günü
  • Cəmiyyət / Manşet

  • Ərkivandan başlanan yol.

    Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisinə, əhali sayına eləcədə tanınmış ziyalılarına, alimlərinə görə respublikanın qabaqcıl yaşayış məskəni sayılır. Ərkivanın hər biri bir kənd böyüklüyündə 13 məhəlləsi vardır. Bu məhəllələrdən biri də qəsəbənin mərkəzində yerləşən Miyondi məhəlləsidir. Coğrafi adın tərkibindəki komponentlərdən olan “miyon” (“miyona”) talışca dairəvi, orta, mərkəz, “di” isə kənd deməkdir. 2000-ci illərdə bu məhəllə sürətlə abadlaşmağa, gözəlləşməyə başladı. Məhəllənin 1 kilometrlik ensiz küçəsi genişləndirilərək, yola asvalt döşəndi, hər iki tərəfdən piyada səkiləri tikildi. Küçədə həmin vaxta kimi qəsəbədə heç zaman olmayan kanalizasiya qovşağı quruldu. Tarixi “Qoç qəbiristanlığı”-nda abadlıq işləri görüldü, ətraf hasarlandı. Ərkivan Boradigah yolunun Ərkivan şəhidlərinin xatirəsinə “Şəhidlər bulağı” adidə kompleksi tikildi. Məhəllənin girişində böyük həriflərlə, müasir formada məhəllənin adı yazıldı.

    Mən Miyondi məhəlləsindən iki məhəllə aralı olan Abaslı məhəlləsində yaşayırdım və həmən vaxt orta məktəbdə şagird idim. Sadaladığım abadlıq işlərinin canlı şahidi olmuşam. O zaman bu işləri Moskvada yaşayan Miyondi məhəlləsindən olan bir iş adamının – Gülağa Qəmbərovun etdiyini söyləyirdilər. Deyilənə görə bütün bu işlər üçün o 1 milyon dollardan artıq pul xərcləmişdi. Günlərin bir günü görülən abadlıq işlərinin açılış mərasimi keçirildi. Nədənsə o zaman rayona rəhbərlik edən icra başçısının göstərişi ilə tədbirin keçirilməsinə müdaxilələr olunsa da bu vaxta kimi kənd də görünməyən çox böyük təmtaraqlı konsert tədbiri baş tutdu. Qonaqlar arasında Respublikanın xalq artistləri, tanınmış müğənnilər, idman ustaları, ziyalılar var idi. Gülağa Qəmbərovu ilk və son dəfə elə orada gördüm. Bir eloğlu kimi hər zaman onun gördüyü xeyirxah işlərə sevinib, xoş xəbərlərini rəhbərini rəhbəri olduğum xəbər portalında işıqlandırıram...

    Bu gün, mesenat, alim, şair Gülağa Tənhanın 61 yaşı tamam olur.

    O, 20 may 1959-cu ildə Masallı rayonu, Ərkivan kəndi, Miyondi məhəlləsində anadan olub.

    Gülağa Qəmbərov Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. “Gülaga Qəmbərov Fondu”nun prezidentidir.
    Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

    Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərindən birində fəhlə kimi başlayan Gülağa Qəmbərov bu gün çoxsaylı kitabların müəllifi, sözlərinə mahnılar bəstələnmiş görkəmli şair, böyük uğurlar qazanmış iş adamıdır.

    2003-cü ildən etibarən Azərbaycanın sosial həyatında, ölkə mədəniyyətinin, elminin, təhsilinin, idmanının inkişafında xeyriyyə proqramlarını həyata keçirməklə adları çəkilən sahələrə böyük töhfələr vermişdir.

    Möhtəşəm layihələr müəllifi.

    Gülağa Qəmbərovun sonrakı xeyriyyəçilik layihələri daha geniş, daha möhtəşəm oldu. Belə ki, Masallı rayonu, Təzəkənd kəndində orta məktəb tikdirdi. Təhsilə xüsusi önəm verən mesenat, Bakı şəhəri, Şüvəlan qəsəbəsində müasir tipli internat məktəbi, Şamaxıda Çabanı kəndində isə yeni məktəb inşa etdirdi. Eyni zamanda Şamaxıda M.Ə.Sabirin məqbərəsini tikdirərək sabirsevərlərə və xalqımıza ərməğan etdi. Sonra bir neçə il fasilə yaranır…

    Amma yenidən, 2013-cü ilin noyabrında Masallı rayonunun Ərkivan qəsəbəsində möhtəşəm “Mərasim evi”ni tikdirib həmyerlilərinin ixtiyarına verməklə öz xeyirxahlıq missiyasını davam etdirir. Bu bəlkə də, bölgədə analoqu olmayan, müasirliklə qədimimliyin vəhdət təşkil etdiyi bir “Mərasim evidir”.

    Yuxarıda göstərdiyimiz xeyriyyəçilik nümunələri mesenatın üzdə olan, mətbuat nümayəndələrinin bilib,işıqlandırdığı işləridir. Amma onun yüzlərlə ictimaiyyətdən gizli qalan xeyirxah əməllərinin olduğu da deyilir.
    Kimsəsiz uşaqlara, idmançılara, imkansızlara, xəstəxanalara davamlı olaraq, yardımları olmuşdur və bu gün də davam edir. Mədəniyyət, incəsənət, ədəbiyyat sahələrinə, yazıçı və şairlərə daim xüsusi qayğı göstərməkdədir.

    “Asiya.az” xəbər portalı və şəxsən öz adımdan xeyriyyəçi, alim, şair, nəcib insani keyfiyyətlərə malik – Gülağa Tənhanı doğum günü münasibəti ilə təbrik edir, ömrünün uzun, canının sağlam olmasını arzu edirəm.
    Cəfər Cəfərov
    PAYLAŞ:

    Oxşar xəbərlər