Zərdab rayon məhkəməsinin hakimi Tahir Qubadov Əkinçi qəzetini 100-azn cərimə etdi

Zərdab rayon məhkəməsinin hakimi Tahir Qubadov Əkinçi qəzetini 100-azn cərimə etdi
  • Cəmiyyət

  • ZƏRDAB RAYON MƏHKƏMƏSİNİN SƏDRİ TAHİR QUBADOV MİLLİ MƏTBUATIMIZIN 145 İLLİK YUBİLEYİ ƏRƏFƏSİNDƏ "ƏKİNÇİ” QƏZETİNİ 100 MANAT CƏRİMƏ ETDİ

    Zərdab rayon məhkəməsi "Əkinçi” qəzetini Zərdab şəhərindəki üçmərtəbəli inzibati binada icarəyə götürdüyü 44 kv. metr qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi üçün xəbərverici siqnalizasiya quraşdırmamaqda, ilkin yanğınsöndürmə alətləri almamaqda, naqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətini yoxlatdırmamaqda təqsirli bilib 100 manat cərimə olunmaq barədə FHN Aran regional yanğın nəzarəti idarəsinin qərarının təmin edilməsi haqda qərar çıxarıb.

    Görəsən aylıq maaşı bir neçə min manat olan hakim Tahir Qubadov bilirmi ki, Zərdab rayonunun ictimai-siyasi qəzeti olan "Əkinçi”nin redaktoru da onun bitirdiyi universiteti bitirib və əsasən abunədən maliyyələşən redaksiyada orta aylıq maaş 255 manat, redaktorun maaşı isə 285 manatdır, Zərdab rayon icra hakimiyyətinin eks-başçısının ötən 12, KİVDF-nin eks-rəhbəri Vüqar Səfərlinin 11 illik "qayğıları” sayəsində qəzet maliyyə böhranı quyusuna yuvarladılıb?!
    Yaşayıb işlədiyi rayonun qəzetinə abunə yazılmağı belə lazım bilməyən cənab hakim bəlkə də bunu bilmir və ya bilmək istəmir ki, redaksiyamızın cəmisi 44 kv. metr sahəsi olan 2 otağının yanğına qarşı vasitələrlə təchiz edilməməsinin yeganə səbəbi qəzetin yaşadığı maliyyə böhranıdır.
    Cənab hakim onu bilməsə də bunu bilir ki, "Əkinçi”nin də icarəçi olduğu inzibati binada azı 15-20 təşkilat var və onların əksəriyyətində yanğına qarşı vasitələr olmadığı halda, FHN-nin nümayəndəsi hansısa məqsədlə yalnız "Əkinçi”nin cərimələnməsi haqda akt tərtib edib.
    Məhkəmdə isə hansısa təşkilat haqqında protokol yazıb-yazmamağın FHN Aran regional şöbəsinin inspektoru Ülvi Lətifovun məsuliyyəti olduğunu bildirdi.
    Redaktor: -Dövlətin qərarı yalnız "Əkinçi”yə aiddirmi,-sualını verəndə cənab hakim buyurdu ki, bu hal İsaməddin Əhmədovu cəlb olunduğu inzibati məsuliyyətdən azad etmir.

    Redaktor deyəndə ki, qəzetin həmtəsisçisi Zərdab Rayon İcra hakimiyyətidir və "KİV haqda Qanun”un 17-ci maddəsinə əsasən "redaksiyanın … maliyyə, avadanlıq və texniki təchizat məsələlərini təsisçi, həmtəsisçi həll edir”, bu səbəbdən də ünvan düz seçilməlidir, cənab hakim bu arqumentin üstündən sükutla keçdi.
    Daha təəccüblüsü odur ki, keçmiş SSRİ Dövlət Əmanət Bankı Zərdab filialının xüsusi layihə əsasında tikilən ikimərtəbəli binasında geninə-boluna fəaliyyət göstərən Zərdab məhkəməsinin hakimi cənab Tahir Qubadov məhkəmə prosesində "Əkinçi” qəzetinin redaktoruna, belə problemlərlə üzləşməmək üçün "Əkinçi”ni öz şəxsi mənzilində hazırlamağı təklif etdi.
    Bu yerdə Musa Yaqubun bir bənd şeirini xatırladım:

    Torpağı duymazsan sən mənim kimi,
    Başqadır ruhumuz, danışma hədər,
    İsti otaqlarda səməni kimi,
    Məni nəlbəkidə göyərtməyiblər…

    Zərdab məhkəməsinin qərarından verdiyimiz şikayətə baxan və qərarın ləğv edilməsinin mümkünsüzlüyünü bildirən Şəki Apellyasiya məhkəməsinin qərarında yazılanlar isə bizi heyrətə saldı.
    Qərarda yazılıb ki, "…inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda TƏRBİYƏLƏNDİRMƏK, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır”…
    Olmaz belə "tərbiyələndirməkdən”, ən çox da o halda ki, parta arxasından dünən qalxan, arxasındakı arxalının arxası sayəsində mühüm postu tutan birisi 46 ilin jurnalistini "tərbiyələndirməyə” cəhd elməyə cəhd edə.
    Allah Kərbəlayi İsmayıla rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər