Azərbaycanda yeni Baş nazir təyin edildi – BİOQRAFİYA

Azərbaycanda yeni Baş nazir təyin edildi – BİOQRAFİYA
  • Siyasət / Manşet

  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Ali Məclisin qərarını imzalayıb.

    Asiya.az
    xəbər verir ki, qərarara əsasən, Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

    Naxçıvan Muxtar Respublikası Baş Naziri təyin edilən Səbuhi Hidayət oğlu Məmmədov 1969-cu ildə Şərur rayonunda anadan olub.

    Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb.

    O, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib.

    2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.

    6 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri, 2018-ci il noyabrın 30-dan Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini – Maliyyə naziri vəzifəsinə təyin edilib.

    2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 30 aprel 2019-cu il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

    Azərbaycan Respublikasının Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

    Ailəlidir, 4 övladı var.

    Xatırladaq ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər