“İslahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” - MÜSAHİBƏ

“İslahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” - MÜSAHİBƏ
  • Hərb

  • Ölkədə həyata keçirilən islahatlar fərqli müstəviyə keçib. Artıq korrupsiya və rüşvətxorluğa qarşı sərt mübarizə üsulu tətbiq olunur. Əvvəlki dönəmlərdən fərqli olaraq, daha yüksək vəzifəli şəxslər həbs edilərək cəzalandırılır.

    Asiya.az
    xəbər verir ki, “Unikal” qəzetinə müsahibə verən Böyük Quruluş Partiyasının sədri, Millət vəkili Fazil Mustafa ilə söhbətimiz də elə bu mövzu ətrafında oldu.

    -Fazil bəy, bir il öncə sizinlə söhbətimizdə demişdiniz ki, hakim komanda daxilində Prezidentin islahatlarına qarşı çıxan məmurlar var. Son bir ildə çox şey dəyişib, Siz dediyiniz məsələ ilə bağlı nələr dəyişdi?

    -İlk növbədə parlament müstəvisində dəyişikliklərin olamsından başlamaq olar. Parlamentin tərkibində dəyişiklik oldu. Rəhbərliyin dəyişməsi də parlament demokratiyasının inkişafı üçün ümidverici mühit yaratdı. İndi də parlamentdə baş verənlər onu göstərir ki, daha ciddi bir quruma çevrilmə prosesi özünü göstərir. Şox dəyərli bir ziyalının, elm adamının parlamentin sədri seçilməsi imic, cəmiyyətdəki aqressiyanın ora yönəlməsi baxımından vəziyyəti xeyli dərəcədə müsbətə doğru dəyişdi. İndi kimlərsə deyir ki, guya parlament sədri deputatlara qarşı aqressiya göstərir. Bu, bir az gülməli səslənir. Çünki indi parlamentdə münasibətlərə əvvəlkinə nisbətdə həsəd aparmaq olar. Yalnız qanundan, yaxud mövzudan kənara çıxılanda spiker tərəfindən irad bildirilir, bu da normaldır. Rəhbərlikdə də kifayət qədər dəyərli şəxslər təmsil olundu. Əli Hüseynov kimi çox savadlı, hazırlıqlı hüquqşünasın birinci müavin olması, Adil Əliyev və Fəzail İbrahimli kimi cəmiyyətdə müsbət reputasiyası olan şəxslərin sədr müavinləri olması olduqca müsbətdir. Deputatların da arasında yüksək performans ortaya qoymaq potensialına məxsus şəxslərin olması da müsbət haldır. Bu mənada ötən il dediyim islahatlar öncə parlament müstəvisində öz əksini tapdı.

    -Bəs icra hakimiyyəti strukturlarında necə?

    -İcra hakimiyyəti strukturlarında korrupsiyaya qarşı mübarizənin müəyyən praktiki nəticələri ortaya çıxdı. Prezident tərəfindən ortaya iradə qoyuldu ki, icra hakimiyyəti qolunda ciddi dəyişikliklər olsun. Ölkə başçısı çıxışlarında da konkret ifadə etdi ki, icra hakimiyyəti orqanlarında yoxlamalar və korrupsiyaya qarşı amansız mübarizə aparılmalıdır. Son aylar bunun da praktik nəticəsini gördük. Yəni, ötən il qeyd etdiyim kimi, hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir. Burada islahata mane olanların səlahiyyətinin azaldılmasından söhbət gedir, əslində, bu da reallıqdır.

    -Son 5-6 ayda ciddi proseslər baş verdi, icra başçıları, nazir müavinləri, generallar həbs olundu. Bu həbslər nəyin nəticəsidir? Sadəcə, islahatlara mane olan məmurlar sıradan çıxarılır, yoxsa məsələnin daha dərin kökləri var?


    -Dərin məqamlar hər bir şeydə var. Bu gün cəmiyyət yeniləşmənin sərt formasına üstünlük verir. Cəmiyyətin sağlam mühakimə potensialı elə də çox deyil. Bir nümunə deyim. Dünən könüllü gənclə söhbətim oldu. Deyir ki, metronun qarşısında insanlara pulsuz maska paylayırlar, amma onların 70 faizi təhqir edərək onları qovurlar. Yəni, insana xeyri üçün nəsə edirsən, amma tərsinə reaksiya verir. Bu, təkcə aqressiya məsləsi deyil, elementar mədəniyyət yoxdur. Milli Məclisdə çıxış edirsən, hansısa problemi qaldırırsan, amma bu adamlar susan deputata da, danışanlara da eyni aqressiv münasibət bəsləyirlər. Başa düşmək olmur. Siz nə istəyirsiz? Nə istədiyini bilməyən cəmiyyətdə islahat aparmaq çox çətindir. İslahatları mütləq mərkəzdən, bir az da sərt üslübda, aşağıları bu prosesə çox dərindən qoşmadan aparmaq lazımdır. Biz tələb edirik ki, ictimai şuralar yaradılsın, müəyyən vətəndaşlar fəal olsun, amma vətəndaşın 50 faizində qərəzlilik var. Şikayət daxil olub, araşdırmışam, məlub olub ki, icra hakimiyyəti adama torpaq verib, şərait yaradıb, amma vətəndaş əsassız olaraq, daha çox qazanmaq istəyib. Sonra da hər yerə şikayət məktubları yazır.

    -Maraqlı bir məsələ var ki, bundan əvvəlki dönəmdə cəmiyyətdə hansısa həbslər olanda birmənalı qarşılanmırdı, bəzən dəstəkçiləri də olurdu. Amma son həbslər zamanı sanki cəmiyyət bir ağızdan “əcəb oldu” dedi...

    -Bax, əsas məqam budur. Cəmiyyət həbs olunanların haqlı yerə həbs olunduğunu deyir. Məsələ odur ki, dövlətin atdığı addımlarla cəmiyyətin mövqeyi üst-üstə düşür. Bilirsiniz, cəmiyyətdə müəyyən dəyərlərin yerinə oturmasına ehtiyac var. Kamuflyaj arxasında gizlənən cəmiyyətdə ədalət axtarışı çox çətin olur. Elə nüanslar var ki, orada cəmiyyəti bu işə qoşmaq mümkün olsaydı, heç bu proseslər də olmazdı. Hər zaman deyirəm, beş nəfər rüşvət alan var, amma min nəfər rüşvət vermək istəyən növbəyə durur. Hərbi komissarlığın qabağını kəsib rüşvət verir ki, oğlumu Bakıda saxla. Hamı Qarabağda savaş istəyir, amma oğlunu rüşvətlə Bakıda saxlatdırır. Bu cəmiyyətlə, bu cür düşünənlərlə nə etmək olar? Demək istədiyim odur ki, süni qəhrəmanlığa, pafosa aldanaraq, cəmiyyəti düzəltmək olmaz. Bəzən cəmiyyətin istəyinin əleyhinə gedərək, islahat aparmaq lazımdır. Oxumaq istəməyən cəmiyyətlə nə etməlisən ki? Karantin dövründə əksəriyyət loto və domino aldı, kitab alan yoxdu. Bu cəmiyyət hara gedir?

    -Bir məqama da diqqətinizi çəkmək istərdim. Bu həbslərdən sonra cəmiyyətdə daha yüksək vəzifəli məmurların da həbsinin, yaxud istefaya göndərilməsinin vacibliyi irəli sürüldü. Məsələn, tələblər var ki, müavinləri o boyda cinayətə görə həbs olunan Elçin Quliyev və Əbülfəs Qarayev niyə vəzifədə qalsın. İndi Prezidentin Sərəncamı ilə Əbülfəs Qarayev işdən çıxarılıb, amma cəmiyyət daha yüksək rütbəli məmurların həbsini tələb edir. Haqlı tələb deyilmi?

    -Bu tələblərdə haqlılıq payı var. Təbii ki, məsuliyyət fərdidir, amma bir nazirliyin, hansısa qurumun tərkibində korrupsiya şəbəkəsi qurulubsa, burada nazirin məsuliyyəti var. Nazir üç ay təzə ola bilər. Amma nazir 15-20 il işləyirsə, deməli, baş verənlərdən xəbəri olmalıdır. Bunlar da cəzasız qalanda, davamlı olur. Nazir himayə olunur, amma müavinlərin himayəsi yoxdur. Bununla da məsələ yekunlaşır, artıq inam azalmağa başlayır. Ona görə də burada daha prinsipial mövqe qoymaq lazımdır. Hansı qurumda nə baş verirsə, o qurumun birinci şəxsi də məsuliyyət daşıyır. YAP-ın içində yüzlərlə dürüst, normal kadrlar var, amma irəli çəkən yoxdur. Kimsə öz adamını, qohumunu bəzəyib aparıb təqdim edir, axırda da belə olur.

    -Bu nazirləri kim himayə edə bilər, onlar Prezindentdən üstündürlərmi?


    -Yox, elə deyil. Baxın, icra başçılarını prezident təyin edir, amma onları təqdim edənlər var. Ona görə də korrupsioner, qanunsuzluq və özbaşınalıq edən məmurları Prezidentə təqdim edənlərin araşdırılıb cəzalandırılmasına ehtiyac var. Vətəndaşın hüququ pozulur, 10 ildən sonra onu bərpa edəndə nə olacaq? Axı insan taleyindən söhbət gedir.

    -Sizin Əbülfəs Qarayev və rəhbərlik etdiyi sahə ilə bağlı məlum çıxışınız da diqqət çəkdi. Sizcə, bu cür reaksiyalar bir qədər gecikmir ki?


    -Yox. Biz bundan əvvəl də bu kimi məsələlərə toxunurduq, problemləri qabardırdıq. Mədəniyyət nazirliyindəki həbslərdən öncə də Milli Məclisdə çıxış eləmişdim. Demişdim ki, bu adamlar yerlərində deyillər. Ölkədə mədəniyyət darmadağın olub. Toy müğənnilərinə, küçə adamlarına tanışlıqla, pulla, başqa vasitələrlə ad verilir, əsl sənətkarlar isə sıradan çıxır. İstedadlı tərcüməçi kirayədə yaşayır, amma komfort içində yaşayan toy müğənnisinə üçüncü, dördüncü ev verilir. Yəni, mən bu barədə fikrimi əvvəlcədə demişdim.

    -Mən Sizi nəzərdə tutmuram, sizin bu və ya digər məsələlərlə bağlı hər zaman reaksiyalarınız olub. Amma ümumiyyətlə, kimsə “vurulandan” sonra o məmura qarşı fikirlər səsləndirilir.


    -Belə hallar da var. Amma söhbət məndən gedirsə, bu problemi hər zaman qaldırmışam. Bütün bunlar elə-belə məsələlər deyil. Hər şeydən öncə ədalətsizliyə səbəb olan mexanizmi dağıtmaq lazımdır. Yoxsa bir naziri işdən çıxaracaqsan, başqası öz komandasını yığıb yenə həmin kursu davam etdirəcək.

    -Qeyd etdiyiniz problemlər təxminən 30 ildir ki, mövcuddur və davam edir. Sizcə, bu cəmiyyətdə ədalətli mexanizmi tətbiq etmək mümkün olacaqmı?

    - Qısa müddətdə bunları həll eləmək olar. Maliyyə aministiyası elan edirsən, sonra normal sistem qurursan. Hamını tutmaq olmaz ki. Maaşları qaldırırıq, ondan sonra ədalətli, halal işləməyi tələb edirik. Məhkəmə sistemini dürüstləşdirirk və insanlar məqamı gələndə öz hüquqlarını orada təmin eləsinlər. Yəni, biz tənzimləyici mexanizmləri işə salmalıyıq. Bu mexanizm dəyişməsə, çox çətin olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər