Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi ilə görüşdü - FOTO

Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi ilə görüşdü - FOTO
  • Cəmiyyət, Manşet

  • “28 may bayramını Cümhuriyyət varisinin evində qeyd etmək çox xoşdur”

    Asiya.az
    xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva 28 may – Respublika Günü ərəfəsində, Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı, Rəssamlar İttifaqının tanınmış üzvü Rais Rəsulzadə ilə görüşü zamanı deyib.

    Əməkdar rəssamı evində ziyarət edən millət vəkili, 2018-ci ilin Prezident Sərəncamı ilə “Cümhuriyyət İli” elan olunduğunu, Cümhuriyyətin 100 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini, onun “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edildiyini, habelə Bakı Media Mərkəzinin istehsalı olan “Son iclas” sənədli filmində babasının yaşlı vaxtını canlandırdığını da xatırladaraq, xalq sevgisini haqq etmiş bir ziyalı kimi onunla “28 may” münasibəti ilə görüşməyin çox xoş olduğunu deyib.

    Komitə sədri hələ TV-də çalışdığı illərdə “Apreldən əvvəl May” sənədli filminin çəkilişində yaxından əməkdaşlıq etdiklərini xatırladaraq, Cümhuriyyət qurucularının varisləri ilə hər bir görüşün ona özünəməxsus duyğular bəxş etdiyini bildirib. Xalq Cümhuriyyətinin 1920-ci ildə, o dövrün ağır şərtləri içində süqut etməsinə baxmayaraq, Yaxın Şərqin ilk demorkatik cümhuriyyətinin ideallarının həmişə yaşarı ol-duğunu, xalqın yaddaşından silinmədiyini deyən Qənirə Paşayeva, bugün Azərbaycanın öz dövlət müstəqilliyinə malik olmasını cümhuriyyət qurucularının ruhunu şad edən böyük hadisə - milli idealların ölməzliyinin isbatı kimi qiymətləndirib. Xalq ruhunun cəsarəti ilə XX yüzilliyin sonlarında yenidən göylərə qaldırlan üç rəngli müqəddəs bayrağımızın əbədi yaşarlığı üçün dövlətimizin, şəxsən dövlət başçısı İlham Əliyev cənablarının gördüyü böyük işləri xüsusi vurğulayan Q. Paşayeva, Azərbaycanın daha böyük gələcəyə nail olacağına dərin inamını ifadə edib.

    Komitə sədri Rais Rəsulzadənin yalnız daşıdığı soyada görə deyil, öz kübarlığı ilə seçilən görkəmli ziyalı, ictimai xadim, gözəl əsərlər müəllifi olan Əməkdar rəssam olaraq da şöhrət qazandığını deyərək, onun mədəniyyətimizin, özəlliklə rəssamlıq sənətinin bugünü ilə bağlı, bu sənətinin gənc nəslə öyrədilməsi, habelə beynəlxalq sərgilərdə təmsil olunmaq istiqamətində fikirləri ilə maraqlanıb.

    Görüş üçün təşəkkür edən Əməkdar rəssam, sənət yolundan danışıb, maraqlı xatirələrini bölüşüb. Əməkdar rəssam Komitə sədrinin qaldırdığı məsələlər istiqamətində əməkdaşlığın, fikir mübadiləsinin ümumsənət maraqları baxımından faydalı olacağına inamını bildirib. Dövlətin, eləcə də, Heydər Əliyev Fondunun rəssamlıq sənəti ilə bağlı, sənətkarlara qayğı ilə bağlı, ümumən mədəniyyət təsərrüfatının canlanması üçün gördüyü işlərin qeyd edildiyi, əslində əli fırça tutan hər bir rəssamın, mədəniyyət və incəsənət xadiminin də özünəməxsus məsuliyyəti olduğunun vurğulandığı görüşdə belə bir ortaq qənaət hasil olub ki, milli ideallar, o cümlədən cümhuriyyət həqiqətləri yalnız ictimai-siyasi planda deyil, eyni zamanda sənət müstəvisində də daha dərindən öyrənilməli, yaşadılmalıdır. – Yaradıcı gənclərimiz o idelları öz əsərlərində əks etdirməklə bir milli vəzifə icra etmiş olur. Hər bir insan məşğul olduğu əməli fəaliyyət sahəsində öz üzərinə düşən işə məsuliyyətlə, vicdanla yanaşarsa, bu, özlüyündə, inkişafa bir töhfə olar.

    Görüşün sonunda xatirə şəkli çəkilib. Əməkdar rəssamla Komitə sədrinin görüşündə, onun ailə üzvləri və Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı, araşdırmaçı-yazar Əkbər Qoşalı iştirak edib.

    Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi ilə görüşdü - FOTO
    Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər