Ərkivanın yeni “kəndxuda”sı kimdir?

Ərkivanın yeni “kəndxuda”sı kimdir?
  • Araşdırma / Cəmiyyət

  • Masallı rayon İcra hakimiyyəti Başçısının sərəncamı ilə dünən Masallı rayonunun 4 inzibati Ərazi Dairələrinə - Ərkivan Qəsəbə, Yeddoymaq Kənd, Xırmandalı Kənd, Mahmudavar Kənd yeni icra nümayəndələri təyin edilib.

    Ərkivan Qəsəbə İnzibati Ərazi Dairəsinə təyinat alan Sabiq Cahangirov 2011-2015-ci illərdə də eyni vəzifəni icra edib və çox mənfi imic qazanıb. Bəzi sakinlər onu voleybol yığmasının üzvü, bəziləri isə icra başçısının sadiq “nökər”i kimi xatırlayırlar.

    Abadlıq “əməliyyatı...”

    Asiya.az 2013-cü il KİV-in yazdıqlarına istinadən bildirir ki, Sabiq Cahangirov 2013-cü ildə qəsəbədə aparılan abadlıq işləri zamanı dövlət büdcəsindən vəsait ayrılmasına baxmayaraq, qəsəbədə olan sahibkarlardan haqq yığırmış. Ayrılan vəsaiti isə Masallı rayonun o zamankı icra başçıs Rafil Hüseynovla birlikdə mənimsəyib. Rayonun abadalaşdırılması üçün həmin dövrdə 11 milyon pul ayrılsa da, Ərkivanda və digər kəndlərdə bütün bu işlər əslən Masallıdan olan sahibkarlar hesabına həyata keçirilib. Ərkivan dairəsində tikilən “Qala” kompleksinin tikintisi və yolların genişləndirilməsi sənədlərdə “Dövlət büdcəsi hesabına” göstərilsə də, əslində isə yerli sakinlər xərcə düşməli olub.

    Seçki saxtakarlığı...

    Sabiq Cahangirov əhali arasında ən böyük nifrəti isə 2014-cü ilin Bələdiyyə seçkiləri zamanı qazandı. Seçkiyə 4-5 ay qalmış nəinki bələdiyyə üzvləri artıq “seçilmiş”, hətta qurumun sədri də müəyyən olunmuşdu. Yerli icra nümayəndəsi icra başçısının şəxsən göstərişi ilə heç bir səlahiyyəti olmadığı halda seçkilərdə kütləvi saxtakarlıq hallarına bilavasitə başçılıq edirdi. Hələ o zaman jurnalist araşdırması apararaq, baş verənlərin qanunsuz olduğunu, seçicilərin səslərinin oğurlandığını bəyan edir, bu barədə mətbuatda silsilə məqalələrlə çıxış edirdim. Bu yazılardan sonra mənə qarşı təzyiqlər başladı və Ərkivan qəsəbə bələdiyyə üzvlüyünə namizədliyim də qeydə alınmadı.
    Bununla bağlı MSK qərarını açıqlayıb və namizədliyimin qeydə alınmamasını belə şərh etmişdi:

    “Cəfər Cəfərov imza vərəqlərində bələdiyyə üzvlüyünə namizədə dair zəruri məlumatları (onun adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, verilmə tarixi, imzanın qoyulduğu tarix iş yeri (fəaliyyət növü), yaşayış yerinin ünvanı) tam qeyd etməyib. “02 nömrəli imza vərəqi bələdiyyə üzvlüyünə namizəd tərəfindən imzalanmamış, həmin vərəqdə imza toplayan şəxs kimi Elmir Əliyev göstərilsə də, müəyyən edilib ki, o, imzatoplama prosesində iştirak etməyib, həmin vərəqdə olan imza, eləcə də göstərilən seriya və nömrəli şəxsiyyət vəsiqəsi də ona aid deyil”.

    Bundan başqa, qərarda göstərilirdi ki, imza vərəqlərinə imza atan seçicilərdən üçü respublikadan kənarda yaşayır, 2 seçicinin isə şəxsiyyət vəsiqəsinin müddəti bitib. “DSK-nın işçi qrupu tərəfindən imzaların yoxlanılması zamanı 71 imzadan 36-sı etibarlı hesab edilib. Yekunda namizədin qeydə alınması üçün lazım olan imzalar yetərli olmadığından C.M.Cəfərovun namizədliyinin qeydə alınmasından imtina edilib”.

    Əslində isə bütün bunların hamısının ağ yalan, mənə qarşı atılan iftira olduğunu, imza vərəqəsində hər bir zəruri məlumatı tam qeyd etdiyimi, həmçinin də Əliyev Elmir adlı şəxsi tanımadığımı və belə bir şəxsə imza toplamaq üçün müraciət etmədiyimi bildirsəm də, heç bir faydası olmadı. Çünki sifariş yuxarıdan gəlirdi. Masallı rayon İcra Hakimiyyətinin o zamankı başçısı Rafil Hüseynovun şəxsən göstərişi ilə Ərkivan qəsəbə icra nümayəndəsi Sabiq Cahangirov qəti tapşırıq vermişdi ki, Cəfərovun namizədliyi qeydə alınmasın. 71 saylı Dairə Seçki Komisyyasının sədri Hikmət Xanməmmədov və icra başçısının Ərkivan qəsəbəsi üzrə nümayəndəsi Sabiq Cahangirov əlbir olaraq, nə yolla olursa olsun mənim namizədliyimin ləğvi üçün əllərindən gələni etdilər. Əvvəlcə, Ərkivan ərazi nümayəndəliyində mühasib kimi çalışan Elmir Əliyevin adının imza vərəqəmə mənim nümayəndəm kimi qeyd etdilər. Ardınca onun adından izahat yazıldı və bununla məlum ssenari həyata keçirildi.

    Seçkilərdən sonra seçki saxtakarlığı ilə bağlı KİV-ə aşağıdakı açıqlamanı vermişdim:
    “Hikmət Xanmməmədovun bütün seçkilərdə belə çirkin oyunlar oynamasını bilməyən yoxdur. Adamı yandıran qəsəbəmizdə yetərincə sayılıb seçilən nəsilin nümayəndəsi olan, Qəsəbənin ərazi nümayəndəsi Sabiq Cahangirovun belə iyrənc oyuna getməsidir. Vəzifədə qalmaq o qədər şirindir?! El arasında belə bir deyim var “Ər igid dayısın çəkər”. Bəs Sabiq sən kimə çəkdin? Axı sənin dayıların qəsəbəmizin sayılıb seçilən kişilərindəndir. Bu namərdliyi sənə kim öyrətdi?”

    Yıxılana balta vurması...

    Rafil Hüseynovun apardığı “siyasət”ə qarşı çıxdığım üçün onun tapşırığı ilə müavinləri və digər şəxslər dəfələrlə barəmdə hüquq mühafizə orqanlarına şər-böhtan xarakterli şikayətlər etsələr də, əsassız olduğu üçün bu şikayətlər icraata götürülmədi.
    2015-ci ilin mart ayında isə Rafil Hüseynov bu istəyinə nail oldu. “Bandotdel” kimi nəhəng idarədə 34 gün saxlanılaraq təzyiqlər altında ifadə verməli oldum. Halbuki qanunvericiliyə əsasən həmin idarədə 48 saatdan artıq məni saxlaya bilməzdilər.

    Hüquq Mühafizə Orqanlarında kimin barəsində cinayət işi açılırsa, həmin şəxs haqqında yaşadığı ərazi nümayəndəliyindən xasiyyətnamə alınır. Etdiyi cinayət əməlindən asılı olmayaraq bu xasiyyətnamələr adətən müsbət olur.

    Günlərin birində işimi araşdıran müstəntiq mənə “Cəfərov sənin barəndə göndərdiyimiz sorğuya cavab olaraq ərazi nümayəndəniz elə bir xasiyyətnamə göndərib ki, heç bunu ən qatı cinayətkarlar üçün belə yazmırlar. Bizim öz araşdırmamıza əsasən isə sən cəmiyyətə yararlı adam olmusan, heç bir cinayət əməlində adın hallanmayıb. Birdə ki, axı deyirlər siz tərəfin kişiləri mərd olur, yıxılana balta vurmurlar. Ərazi nümayəndəniz sənin üçün niyə belə qərəzli xasiyyətnamə yazması bizi təəccübləndirir”.

    Mən istintaq altında olarkən Sabiq Cahangirov istefa verdi. Onun yerinə təyin olunan İsrayıl Tağıyev xasiyyətnamə üçün göndərilən növbəti sorğuya müsbət cavab göndərmişdi. Həmin vaxt müstəntiqə dedim ki, "Cənab müstəntiq, müsbət xasiyyətnamə gəldimi?! Bir də biz tərəflərin KİŞİlərinin mərd olmasına şübhəniz olmasın".

    Son məlumatıma görə, Sabiq Cahangirovun yenidən ərazi nümayəndəsi olmasını Masallı Rayon İcra Hakimiyyətinin başçısından Rafil Hüseynov xahiş edib. Səbəbləri isə müxtəlif cür yozurlar. Bir sözlə Sadiq Cahangirov yeni icra başçısı Şahin Məmmədovu aldadaraq özünü vəzifəyə soxuşdura bildi. Məşhur kinoda deyildiyi kimi "Uşaqda fərasətə bax e”
    Cəfər Cəfərov, Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər