"Maska taxmaq görünüşünüzə xələl gətirməz..." - Arzu Bağırova

"Maska taxmaq görünüşünüzə xələl gətirməz..." - Arzu Bağırova
  • Cəmiyyət / Manşet

  • “Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfəri zamanı Tərtər və Ağcabədidə bir sıra obyektlərin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi hər birimiz, xüsusilə, maska taxmaq istəməyən və onu taxmamaq üçün müxtəlif bəhanələr gətirən vətəndaşlar üçün bir nümunə olmalıdır”.

    Asiya.az
    xəbər verir ki, bunu “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova deyib. Pandemiya başlayandan gigiyenik vasitələrdən tələblərə uyğun qaydada istifadə edən sədr hazırkı şəraitdə tibbi maskanın olduqca vacib olduğunu deyir. Bildirir ki, dünyada COVID–19-a qarşı vaksin hazırlanmadığından qoruyucu vasitədən istifadə günümüzün tələbidir və xəstəlikdən qoruyan ən əsas yollardan biridir:

    – Bu gün “mən koronavirusa inanmıram, tanışlarımın heç biri koronavirusa yoluxmayıb, deməli, koronavirusun olması yalandır” – deyənlər yenə də bu kimi bəhanələr gətirərək, hətta, insanların sıx olduğu bəzi yerlərdə də ya maska taxmırlar, ya da maskanı yalnız görüntü xatirinə ağızlarına keçirərək düzgün istifadə etmirlər. Hətta bəziləri maskanı ancaq çənə altında saxlayır. Nəzərə almaq lazımdır ki, bu xəstəlik bəzən hansısa şəxslərdə simptomsuz müşahidə edilir, yəni bizim kənardan sağlam gördüyümüz insanlar əslində, real koronavirus daşıyıcısı ola bilərlər. Məhz belə məsuliyyətsiz şəxslər maska taxmadıqda və ya ondan düzgün istifadə etmədikdə, virusun ətrafa yayılma riski dəfələrlə artır.

    Möhtərəm Prezidentimiz bu günlərdə Tərtər və Ağcabədi rayonlarında yeni istifadəyə verilən müəssisələrin açılış mərasimlərində iştirakı zamanı tibbi maska taxmaqla bunun sağlamlığımızın qorunması baxımından çox vacib olduğunu nümayiş etdirdi, bu dəfə də hamıya örnək oldu. Tibbi maska taxmağı özlərinə ar bilənlər, müxtəlif bəhanələrlə bu qoruyucu vasitələrdən istifadə etməkdən yayınanlar dövlət başçısından nümunə götürməlidirlər. Eləcə də görürük ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tibbi maskadan istifadə edir. Məgər bu, kiminsə gözəlliyinə xələl gətirir? Tibbi maskalardan istifadə etməyənlər ətrafındakı insanları düşünməli, onları yoluxdurmaqdan ehtiyatlanmalıdırlar.

    Milli Məclisin qoruyucu vasitələrdən istifadə etməyənlərin cərimələnməsi barədə qəbul etdiyi qərarı razılıqla qarşılayıram. Bu laqeydliyin, qarşıya qoyulan tələblərə və qaydalara əməl etməməyin nəticəsidir ki, Nazirlər Kabineti yanında operativ qərargah həftəsonu karantin rejiminin sərtləşdirilməsi barədə çox düzgün qərar qəbul etdi. Təbii ki, bu qərar da Azərbaycan vətəndaşının sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

    Maraqlı fakt deyim. Cərimə tətbiq edilən günün ertəsi küçədə hamı maskada idi, metroda, avtobusda da maskasız insana rast gəlmək mümkün deyildi. İki gün sonra nə oldu? Yenə maskalar çıxarıldı, “istidir, adam boğulur” – deyə qoruyucu vasitədən istifadə edənlərin sayı azaldı. Belələrindən soruşmaq lazımdır ki, əgər maska taxmaqla boğulursansa, bəs virus ciyərinə təsir edəndə necə, boğulmayacaqsan? Bir az çətin nəfəs almağa dözmək yaxşıdır, yoxsa palatada gözlərini tavana zilləyib süni tənəffüs aparatına möhtac olmaq? Fikrimcə, son günlər az da olsa, insanlar cərimələnməkdən ehtiyat edərək maska taxırlar. Lakin çox istərdik ki, insanlar maskaları cəriməyə görə deyil, sosial məsuliyyətlərinə görə taxsınlar. Doğrudur, biz buna alışmamışıq. Koreya, Vyetnam, Çin və bir sıra ölkələrdə ilin çox vaxtı əhalinin böyük əksəriyyəti maskada gəzir. Amma, unutmamalıyıq ki, cərimələrin tətbiqi məcburiyyətdən irəli gələrək atılan addımdır. Əgər insanlar sosial məsuliyyətlərini başa düşsəydilər, maska taxmaqla özlərini və yaxınlarını virusdan qoruduqlarını dərk etsəydilər, cərimələrin də tətbiqinə ehtiyac ­qalmazdı.

    Onu da xatırladım ki, virusa yoluxma sayı gündəlik 1–5 olanda bir çox ölkələr kimi Azərbaycan da pandemiyaya hazır olmadığından ölkədə maska qıtlığı yaranmışdı. Bəzi insanlar bütün günü “maska yoxdur, nə taxaq? Dövlət hara baxır?” kimi absurd fikirlərlə sosial şəbəkələrdə statuslar paylaşırdılar. Cənab Prezidentin tapşırığı ilə ölkədə maska istehsal edən müəssisə işə salındı və bu problem aradan qalxdı. İndi maskasız gəzən, “virus boş ­şeydir”– deyib kütlə səviyyəli insanlar arasında “təbliğat” aparanlardan soruşmaq lazımdır: –Maska arzulayırdınız. Niyə taxmırsınız? 30 qəpik verib maska almaq, canını xəstəlikdən qorumaq yaxşıdır, yoxsa 50 manat cərimə ödəyib, həm də xəstəliyə yoluxmaq?

    Respublikanın baş infeksionisti Cəlal İsayev “vətəndaşlar maskadan istifadə etməsə, yoluxanların sayı artacaq” –demişdi. İnfeksionist, həmçinin maskaya etinasız yanaşanlarla, gigiyenik qaydalara məhəl qoymayanlarla, operativ qərargah tərəfindən qoyulan qaydalara və tələblərə riayət etməyənlərlə bağlı da fikir bildirmişdi ki, insan özü anlamalıdır ki, maska taxmalıdır, müəyyən müddət maskada gəzməyə məcburdur. Çin məhz bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü əməl etməliyik.
    Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”
    PAYLAŞ:

    Oxşar xəbərlər