Koronavirusdan sağalan QHT rəhbərindən ilginc iddialar

Koronavirusdan sağalan QHT rəhbərindən ilginc iddialar
  • Cəmiyyət

  • Koronavirusdan sağalmış “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova sosial şəbəkədə paylaşdığı ilginc məlumatlarla diqqət çəkib...

    Asiya.az
    bildirir ki, QHT rəhbəri koronavirusla bağlı yaşadıqları və virusdan necə sağaldığı barədə geniş yazı paylaşıb.

    Həmin statusu qısaldılmış formada təqdim edirik:

    "Məni tanıyanlar yaxşı bilir ki, hələ Uhanda o yarasa supu yenicə yeyilmişdi ki, mən artıq burada virusdan narahat olub, hər kəsi ehtiyatlı olmağa çağıraraq məsafə saxlayırdım. Təbii ki, mənim kimi aktiv həyat yaşayan insan üçün bu 2 ay karantinin psixoloji təsirləri və bildiyiniz kimi, sığınacaqda işimizin ağırlığı, müraciət edən zorakılığa məruz qalmış qadınların sayının çoxluğu, ümumiyyətlə, virusdan həm özümü, həm yaxınlarımı, həm də sığınacaqda olan hər kəsi qorumaq kimi artıq dərəcədə beynimdə yükləmələr var idi.

    Xüsusən də, abuturiyentlərin "Zoom" proqramları vasitəsilə dərs alması məni daha çox narahat edirdi. Çünki sevimli oğlumun bütün günü heç bir istirahət, hava görmədən kompüter qarşısında oturması, bütün günü maskada gəzmək lap əsəblərimi gərirdi. Və bütün bunlar aydın məsələdir ki, orqanizmə təsir etməyə bilməzdi".

    Südabə Məmmədova bildirib ki, iyunun 3-dən virusun simptomlarını hiss etməyə başlayıb və dərhal həkimə müraciət edib:



    "Nəhayət, iyun ayının 3-də başımda bir ağrı hiss etdim, qripdə olduğu kimi canımda bir yorğunluq var idi. Düşündüm ki, mən koronavirusam, boğulub, öləcəm. Özüm bir yana, bəs evdə doğmalarım? "Bircə onlara heç nə olmasın" deyib, tez qaçdım həkimə və ciyərimi yoxlatdırdım.

    Həkim dedi ki, "narahat olmayın, sizdə koronavirus, onun əlamətləri, heç qızdırma, ciddi öskürək və sairə də yoxdur. Gedin şən və xoşbəxt yaşayın. Amma bronxlarınızda soyuqdəymə var, yəni adi qrip. Yüngül antibiotik təyinatı, vəssalam".

    Gecəni yatdım, səhər ayıldım ki, mən artıq iybilmə və dad bilməni itirirəm. Tez həkimə zəng etdim və o mənə bildirdi ki, bu artıq virusun simptomudur. Mən artıq panikadayam. Əvvəl öləsi deyildimsə, baxdım ki, indi bu fikirlə, əksinə, ölmək riskim artacaq. Çünki ancaq onu düşünürəm ki, görəsən, anam və oğlumu, sığınacaqdakıları, sosial işçiləri yoluxdumamışam ki? Nə isə, həkimə dedim ki, mən təcili test verməliyəm. Həkim mənə izah etdi ki, "sadəcə özünü təcrid elə amma test verməyə də bilərsən. Versən də, təbii, səndə pozitiv çıxacaq, evdəkilərdə isə neqativ olacaq, qorxma. Çünki səndə xəstəlik çox yüngül gedir və hələ təzə başlayıb deyə, yoluxdurma ehtimalın azdır. Məsafə saxlamaqla, təbii ki, onları qoruyacaqsan".



    "İndi deyirlər ki, artıq testlərin cavabı, ümumiyyətlə, gəlmir, çatdıra bilmirlər"


    Lakin bu fikirlə razılaşmadım və təcili hamını testdən keçirdik.

    İndi 4 gün keçib cavablar gəlmək bilmir. Nəhayət, cavablar telefona gəlməmiş ora-bura zəng, filan, nəhayət, yaxşı insanlardan öyrəndim ki, hamı neqativdir və onların cavabı gəldi. Ancaq mən pozitivəm və yenə mənə cavab gəlmir.

    Yeri gəlmişkən, həmin gün verilən testimin cavabı hələ də gəlməyib. İndi deyirlər ki, artıq testlərin cavabı, ümumiyyətlə, gəlmir, çatdıra bilmirlər. Baxın, yoluxmanın sayının artmasının əsas səbəblərindən biri də budur.

    İndi gözləyirəm, məni aparsınlar. Hec kim gəlmir. Zəng edirəm təcili yardıma, deyirlər, sizin adınız pozitivlərin içində gəlməyib, neqativlərin də içində yoxdur. Necə yəni gəlməyib? Mən təcili karantinə getməliyəm. Deyim ki, bu arada səhhətim də yavaş-yavaş düzəlməyə doğru gedirdi.

    Təcili zəng etdim Sahib Məmmədova. O da maraqlandı, məlum oldu ki, adım pozitivlərin siyahısında yoxdur.

    Üstündən bir gün keçdi və mənə zəng gəldi ki, "Südabə xanım, siz mütləq xəstəxanaya getməlisiniz, bəs testinizin cavabı pozitivdir".

    Nəhayət, mən sevinə-sevinə 4 gün əvvəl yığdığım çemodanımı da götürüb, qaçdım xəstəxanaya. Xəstəxanaya gələn kimi özümü çox rahat, şən və xoşbəxt hiss etməyə başladım, xəstəliyi unutmuşdum. Vicdanım təmizdir ki, heç kimi yoluxdurub qatil olmayacağam".

    Südabə Məmmədova yoluxmanın artması ilə bağlı da öz fikirlərini bölüşüb:

    "Ən başlıca problem odur ki, cavablar çox gec gəlir. Xəstə insanlar test verir. Testin cavabı gəlmədiyindən evdə təcrid olunmadan müalicə alıb sağalır və düşünür ki, testin cavabı gec gəldiyi üçün koronavirus deyil və evdəkilərə virusu ötürür. Evdə olan insanlar əgər gəncdirsə, heç bir simptom hiss etmir. Bəzi ailə üzvü virusu alır, bəzisi isə almır. Baxmayaraq ki, bir evdə yaşayırlar. Nəhayət, xəstəni, test verdikdən 8-9 gün sonra telefona hec bir mesaj gəlmədən, əlində heç bir sənəd olmadan gəlib təcili yardım və əgər getməsə polislə xəstəxanaya aparırlar. Və sonra onun ailə üzvlərindən test götürülür.

    Əgər ailə üzvlərindən kimdəsə pozitiv çıxarsa, gəlib 7-8 gün sonra da onu aparırlar və xəstəxanalar beləcə yoluxan insanlarla dolur. Və çox təssüf ki, bəzən də artıq sağalmış insanlarla. O zaman artıq elə buradan da stiqma başlayır.

    Baxın hətta son zaman bəzi ölən məşhurların ailəsi belə əzizinin koronadan öldüyünü təkzib edir.

    Burada xəstəxanada elə insanlar var ki, onların yaxın adamları şəkərdən, yaxud pnevmaniyadan rəhmətə gedib, lakin cəsəd yoxlananda məlum olub ki, adam koronavirusdan ölüb. "Yaxınlarınızın ölümü necə oldu?" deyə bir sorğu apardım. Yaxını ölənlərin əksəriyyəti ölənin yaşlı insan olduğunu, sətəlcəm olub, yüksək qızdırma ilə rəhmətə getdiyini deyərək sonra da "əşı özləri koronavirus adı qoydular" deyir.

    "O zaman siz niyə buradasınız, özünüzü hazırda necə hiss edirsiniz?" sualını verəndə cavab verir ki, “məndə heç nə yoxdur ki, hazırda adi qrip olmuşam, iybilmə və dadbilməni itirmişəm. Bir həftə bundan əvvəl də ölən ailə üzvünə görə test götürmüşdülər yalandan, indi də gətirib məni salıblar buraya, guya koronoyam”.

    Baxın, hətta xəstəxanada belə koronavirus sözünə qarşı bir stiqma olduğunu gördüm. Bax bu insanlar hətta xəstəxanada olduqları halda, bu xəstəliyin bir oyun olduğunu söyləyib, sonra da gedib ətrafındakı insanlara virusun olmadığını, nə bilim bunun bir siyasət və statistika olduğunu danışıb, insanları çaşdırır.

    Xəstəxanada izah etdilər ki, məndə xəstəlik asimtomatik gedir. Bu o deməkdir ki, yəni sadəcə virus düşüb bədən ona qarşı özü artıq müqavimət göstərib. Və şükür ki, tez bir zamanda qalib gəlməyə çalışır.

    Yeri gəlmişkən, mənim kaprizlərimə dözən, qayğımı çəkən, üzlərini görüb, tanıya bilmədiyim, amma gözəl olduqlarına həyatım qədər inandığım tibb bacılarına, həkimlərin hamısına dərin təşəkkürümü bildirirəm. Hər birindən çəkdikləri zəhmətə görə sözün əsl mənasında halallıq istəyirəm".

    QHT sədri koronaviruslu xəstələr üçün təmiz havanın çox əhəmiyyətli olduğunu vurğulayıb:

    "Koronaviruslu xəstənin tez sağalmasının ən birinci dərmanı təmiz havadır ki, bədəni gücləndirsin. O da xəstəxanaların tikintisində nəzərə alınmayıb.

    Bu qədər pul xərcləndi, xəstəxanalar quruldu, amma nəticə daha da pis oldu. Ondansa bütün pullar testlərin alınmasına xərclənərdi. Bütün müəssisələrdə elan verilərdi ki, əgər kim özünü pis hiss edirsə, elə yerindəcə test versin. Müəssisələrin, iaşə obyektlərinin özündəcə, lap məktəblər olsun, bütün müəsisələrə test paylanardı və testlərin cavabi 4 saat ərzində verilərdi. Və həmin insanlara maaşını saxlamaqla işə gəlməməyə icazə verilərdi. Və insanlara polissiz, heç bir güc tətbiq etmədən izah edilərdi ki, əgər sən işə getsən, evdən çölə çıxsan, sənin şəkər xəstəsi olan yaxın dostun öləcək.

    Əziz xalqım, özümüzü və sevdiklərimizi qoruyaq. "Koronavirus xəstəsidir, cammat nə deyəcək" kimi boş fikirlərdən qorxub, xəstələnən valideyninə kömək etməsən, pandemiya bitəndən sonra onu niyə qurban verdiyinin vicdan əzabını çəkəcəksən. Pandemiya bitəcək, amma öldürdüyümüz insanlar, bizi digər xəstəliklərdən müalicə edən ən yaxşı həkimlərimiz dirilməyəcək. Ölən həkimlərin ruhuna hörmət edərək növbəti həkimin qatili olma. Koronavirus var və bu çox dəhşətli xəstəlikdir. Amma ondan qorxaraq deyil, insanları sevərək qorunaq".

    Xatırladaq ki, QHT sədri Südabə Məmmədova bir neçə gün öncə koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirildiyini bildirmişdi. QHT sədri bu gün sosial şəbəkədə artıq sağalaraq evə buraxıldığını açıqlayıb.//musavat.com
    PAYLAŞ:

    Oxşar xəbərlər