Vəziyyətin necə olacağını bilmirik, ən pis ssenariyə hazırlıqlı olmalıyıq- İlham Əliyev

Vəziyyətin necə olacağını bilmirik, ən pis ssenariyə hazırlıqlı olmalıyıq- İlham Əliyev
  • Siyasət / Manşet

  • "Bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq. Bizim pandemiyanın öhdəsindən gəlməklə bağlı səylərimiz barədə sözlərinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb".

    Asiya.az
    xəbər verir ki, bunu Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

    Dövlət başçısı bildirib ki, vəziyyət nəzarət altındadır:

    "Eyni zamanda biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk.

    Beləliklə, fəaliyyətimiz və gələcək planlarımıza gəlincə, əlbəttə ki, əsas diqqəti insanların koronavirusdan qorunmasına yönəltdik və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir göstərəcəyini aydın şəkildə başa düşürük. Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin birinci rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın – təxminən 1,7 faiz azalmanın olduğunu göstərir. Lakin eyni zamanda iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən, bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVID-19 hələ də mövcuddur. Eyni zamanda biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda biz özəl sektora, xüsusilə pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik.

    İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir. Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, bəlkə də, bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır.

    Süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir: “Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər