“Növbəti mərhələdə tamam fərqli hadisələrin şahidi olacağıq” - Əliməmməd Nuriyev

“Növbəti mərhələdə tamam fərqli hadisələrin şahidi olacağıq” - Əliməmməd Nuriyev
  • Hərb

  • “Korrupsiyaya qarşı mübarizə üçün siyasi iradə var. Prezidentə və birinci vitse-prezidentə çoxlu sayda şikayət məktublarının əsas səbəblərindən biri də odur ki, vətəndaşlar onlara daha çox inanır və etibar edir”

    Korrupsiya əməllərində günahlandırılaraq həbs olunan icra başçılarının törətdiyi cinayətlər həm də yerli hüquq-mühafizə orqanlarının normal fəaliyyət göstərə bilməməsi kimi yozulur. Belə ki, icra başçılarının korrusiya əməlləri DTX əməkdaşları tərəfindən ifşa olunduqdan sonra yerli hüquq-mühafizə orqanları öz fəaliyyətini düzgün qurmamaqda, qanunun aliliyinin təmin edilməsində effektli iş aparmamaqda günahlandırılır. Billdirilir ki, hüquq-mühafizə orqanlarının rəhbərləri yerlərdəki hüquq pozuntuları, məmur özbaşınalığı kimi məsələlərlə bağlı narazılıqları vaxtında araşdırmayıb və son nəticədə baş verənlərə görə bu qurumlar da məsuliyyət daşıyır.

    Asiya.az
    xəbər verir ki, “Şəffaflıq Azərbaycan” Təşkilatının icraçı direktoru, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev mövzu ilə bağlı “Press klub”un suallarını cavablandırıb:

    -Yerlərdə hüquq pozuntularının geniş yayılması, rayon icra hakimiyyəti başçılarının korrupsiya əməllərinə qurşanması həm də yerli hüquq-mühafizə orqanlarına yarıtmaz fəaliyyətinin nəticəsi kimi dəyərləndirilə bilərmi?


    – Birincisi, nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin başçısı siyasi vəzifədir. Biz hər şeydən əvvəl qəbul etməliyik ki, icra başçısının siyasi çəkisi daha üstündür və Azərbaycan cəmiyyəti də bunu belə qəbul edir. Bunun hansı anlama gəlməsi isə artıq məsələnin texniki tərəfidir. Eyni zamanda, icra başçıları yerlərdə çox böyük səlahiyyətlərə malikdir, bu qurumların 105 səlahiyyəti var. Əlbəttə ki, qanunvericiliyin ümumi tələblərinə görə cinayət törətmiş istənilən şəxs məsuliyyətə cəlb olunmalıdır. Amma hər şeydən əvvəl baş vermiş cinayət hadisəsi ilə bağlı məlumatlar gərək hüquq-mühafizə orqanlarına daxil olsun ki, onlar da müvafiq qaydada cinayət işi qaldırsınlar. Müraciət olmasa, hansı icra başçısının, yaxud digər yüksək vəzifəli şəxsin korrupsiya əməlinin araşdırılmasından söhbət gedə bilər? Ona görə də bu məsələlərdə yerli hüquq-mühafizə orqanlarını günahlandırmaqdansa, siyasi vəzifə daşıyan icra hakimiyyəti başçılarının fəaliyyəti ilə bağlı müəyyən qərarların qəbul olunması daha vacib məsələdir.

    –Hansı qərarları nəzərdə tutursunuz?

    -Yerli hüquq-mühafizə orqanları yalnız öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir və cinayət əməli törətmiş istənilən şəxsi məsuliyyətə cəlb edilə bilər. Amma icra başçılarının korrupsiya əməllərinə münasibətdə faktiki vəziyyət bir qədər fərqlidir. Ən böyük fərqlilik ondan ibarətdir ki, onların əlində məsuliyyətə cəlb edilməli olan şəxslərin qanunsuz əməlləri barədə yetərli dəlillər olmalıdır. Yerli hüquq-mühafizə orqanları korrupsiya əməlləri törətmiş icra başçılarını ona görə həbs etməyib ki, faktiki olaraq onların əlində belə dəlillər olmayıb. İcra başçılarının korrupsiya əməllərini açmaq üçün əməliyyatların hansı formada və hansı səviyyədə həyata keçirildiyinə baxsaq, hər şey aydın olar. Digər mühüm amil odur ki, həmin icra başçıları birbaşa cinayət başında yaxalanıblar. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının aşkarladığı korrupsiya cinayətləri çox mürəkkəb konstruksiyaya malik olan cinayətlərdir. Burada rüşvətin verilməsi və alınması faktları əvvəlcədən tam dəqiqləşdirilib və həyata keçirilən əməliyyatla öz təsdiqini tapıb. Belə cinayət əməlləri ilə bağlı məlumatların sızdırılması, aşkar və ya gizli formada hüquq-mühafizə orqanlarına göndərilməsi, sübutların toplanması asan deyil. Xüsusilə də icra başçılarının siyasi vəzifə daşıdığını nəzərə alsaq, bu, daha çətindir. Ona görə də bu məsələlərlə əlaqədar yerli hüquq-mühafizə orqanlarını günahlandırmaq ən azı ədalətsizlikdir.

    -Yelərdəki hüquq-mühafizə orqanlarının icra hakimiyyəti başçılarının korrupsiya əməllərinə qurşanmasının qarşısını almaq üçün səlahiyyət və imkanlarını varmı?

    -Yoxdur demək də doğru deyil, amma çox məhduddur. Kim hesab edirsə ki, yerli hüquq-mühafizə orqanları belə cinayətlər törətmiş şəxsləri birbaşa ifşa etməli idi, bu, anlamalıdır ki, o qədər də sadə məsələ deyil. Bunu deyən adamlar da məsələnin mahiyyətini çox yaxşı bilir və onlar yerli hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə aparmaq imkanlarının, səlahiyyətlərinin məhdud olduğunu yaxşı anlayırlar. Həm də, hər kəs yaxşı bilir ki, bu gün korrupsiyaya qurşanmış icra başçılarının və digər yüksək vəzifəli məmurların cəzalandırılması üçün siyasi iradə var. Son aylar korrupsiyaya qarşı mübarizə sahəsində baş verənlər məhz siyasi iradənin sayəsində ortaya çıxıb. Ortada ölkə başçısının siyasi iradəsi var. Bu gün hamımız görürük ki, tutduğu vəzifədən asılı olmayaraq, hər hansı şəxsin əməlində korrupsiya əlamətləri varsa, o, bir anın içərisində məsuliyyətə cəlb edilə bilər. Həm də göstərdiyi xidmətlərdən asılı olmayaraq.

    –Siz həbslərin hələ davam edəcəyini gözləyirsiniz?

    – Şübhəsiz. Biz həm də növbəti mərhələdə tamam fərqli hadisələrin şahidi olacağıq. Burada artıq kimliyindən asılı olmayaraq, əgər şəxslərlə bağlı məlumatlar daxil olubsa, bu məlumatlar əlbəttə ki, yoxlanılacaq və qanun pozuntusuna yol vermiş məmurların məsuliyyətə cəlb olunma prosesi genişlənəcək. Çünki artıq mühüm və həm də dayanıqlı bir siyasi iradə ortadadır. Ölkə prezidenti də birbaşa bəyan edib ki, istənilən vəzifəli şəxs korrupsiya cinayətlərinə yol veribsə, məsuliyyətə cəlb olunacaq. Dövlət başçısı, eyni zamanda, əhaliyə də çağırış edib ki, belə hallar varsa, məlumat versinlər. Axı, məlumat olmayan yerdə hansısa hüquq-mühafizə orqanının hər hansı məsələni araşdırması xeyli dərəcədə çətindir.

    –Yəni məmurların korrupsiya əməllərinin ifşa edilməsi üçün məlumatlar aşağıdan gəlməlidir?

    – Yenə deyirəm, ayrı-ayrı əməliyyat məlumatları ola bilər ki, hansı şəxs özünü necə aparır, hansı məmur hansı qanunsuz əməllərlə məşğuldur. Amma bu məlumatlar hər şeydən əvvəl faktlarla, dəlil və sübutlarla öz təsdini tapmalıdır. Aydın və birbaşa sübutlar olmalıdır. Ona görə də bunlar sadə məsələlər deyil və yerli hüuq-mühafizə orqanlarını belə hallarda günahlandırmaq ədalətli sayılmır, bu amilləri nəzərə almaq lazımdır. Amma artıq bu proses tamimlə yeni bir tövr alıb və mən əminəm ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlayıb. Ümid edirəm ki, bu, davamlı olacaq. Xüsusilə də iqtisadi cinayətlərin, oğurluqların artdığı bir dövrdə korrupsionerlərin cəzalandırılması çox vacib məsələdir. Korrupsiyaya qarşı mübarizənin bu tövr alması qanunsuzluqlara yol vermiş digər məmurları da çirkin əməllərindən çəkindirə bilər. Son həbslərdən sonra təbii bir proses başlayıb, sanki hamı şəffaf işləməyə çalışır. Yaxud, heç bir vəzifəli şəxs istəmir ki, onun fəaliyyətindən narazı qalanlar olsun. Çünki bilir ki, narazılıqlar və şikayətlər daha obyektiv və opreativ şəkildə araşdırılacaq. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarının özündə də opretaiv yanaşmalar genişlənməyə doğru gedəcək. Bu, istər-istəməz qanunçuluğa əməl edilməsinə inam və etibarın daha da güclənməsinə gətirib çıxara bilər. Eyni zamanda, korrupsiya cinayətlərinə şərait yaradan amillərin və səbəblərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalı, islahatlar dərinləşməlidir. Hazırkı şəraitdə korrupsiya mənbəyi rolunu oynaya bilən bir çox institutlar var ki, onlar yüksək risklərə malikdir. Xüsusilə korrupsiya riski yüksək olan həmin sahələrdə yenidən qiymətləndirmələr aparılmalı, şəffaflıq artırılmalıdır. Bu olmasa, korrupsiyaya şərait yaradan amilləri aradan qaldırmaq çox çətin olacaq. Yəni, proaktiv hərəkətlər daha da genişlənməlidir.

    -Belə təəssürat yaranır ki, yüksək vəzifəli məmurların korrusiya əməlləri yalnız DTX-nın həyata keçirdiyi əməliyyatlar vasitəsilə ifşa olunur. Sizcə, bu təsadüfdürmü?

    – Son vaxtlar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən də bir neçə əməliyyat keçirilib və hamısı da yüksək peşəkarlıqla icra edilib.

    –Bilirsiniz ki, hər il Prezident Administrasiyasının müvafiq şöbəsi ayrı-ayrı rayonlar üzrə şikayət və müraciətlərin xarakterini hesabat şəklində açıqlayır, ən çox qanunsuzluğa yol verilmiş rayonlar və sahələr ictimaiyyətə təqdim olunur. Yerli hüquq-mühafizə orqanları məhz həmin hesabatlar əsasında yerlərdə araşdırma aparmaqla yol verilmiş hüquq pozuntuları ilə bağlı hüquqi addımlar ata bilməzmi?

    – Bəli, Prezident Administrasiyasının müvafiq strukturu hər il vətəndaşların müraciəti ilə bağlı vəziyyəti təhlil edir və müvafiq hesabat hazırlayır. Bu hesabatlar həm də ölkə başçısına təqdim olunur. Bir çox hallarda tikinti sektoru üzrə şikayətlərin sayı yüksək olur. Eyni zamanda, sahibkarlar müvafiq icra hakimiyyətlərindən, məhkəmə orqanlarından, icra hakimiyyəti başçılarından daha çox şikayət edir. Bu ərizə və şikayətlərin hamısının ünvanı ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim olunur. Əgər müraciətlərdə cinayət tərkibi varsa “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanuna görə həmin müraciətlər prokurorluq orqanlarına göndərilir. Prokurorluq orqanları isə müvafiq araşdırmalar apardıqdan sonra cinayət tərkibi müəyyən edibsə, cinayət işi başlayır, yoxdursa, cinayət işinin başlanmasından imtina edir. Bilirsiniz ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 161 saylı “Qaynar xətt” xidməti də fəaliyyət göstərir. İl ərzində həmin xidmətə 3000-dən 5000-dək məlumat daxil olur. Bu məlumatların hamısı araşdırılır və onların 80 faizi hüquqların ümumi pozuntusu ilə bağlıdır, konkret korrupsiya faktlarına əsaslanmır.

    -Görünür, burada da hansısa yanlışlıqlar var. Ümumi hüquq pozuntuları barədə ərziə və şikayətlər niyə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilsin ki?

    -Bəli, bu idarəyə daxil olan ərizə və müraciətlərin sayı yüksək olur. Amma bu, o demək deyil ki, daxil olan müraciətlərdə korrupsiya faktlarının olması faktı təsdiq edilmiş olur. Bu da bir problemdir ki, bəzi hallarda vətəndaşlar pozulmuş hüquqları ilə bağlı kimə və haraya müraciət etməli olduğunu bilmir. Məsələn, Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsinə və Konstitustiya Araşdırmaları Fonduna daxil olan bir müraciət eyni zamanda 10 nəfər vəzifəli şəxsə yönəldilmişdi.

    -Son illər vətəndaşlardan prezidentin özünə və Heydər Əliyev Fonduna göndərilən ərizə və şikayətlərin də sayının artdığı müşahidə olunur. Bu, həm də vətəndaşların ayrı-ayrı dövlət orqanlarının rəhbərlərinə ünvanladıqlaı müraciətlərin ədalətli şəkildə baxılmadığının göstəricisi sayıla bilərmi?

    -Mən istisna etmirəm ki, belə hallar var. Amma bəzi hallarda məlum olur ki, vətəndaşlar konkret hüquq pozuntularının araşdırılmasısının kimə aid olması ilə bağlı yetərli məlumatlara malik deyil. Ona görə də onlar öz problemlərini həll etmək üçün hər bir yüksək vəzifəli şəxsə müraciət ünvanlayırlar. Bəlkə də ona görədir ki, vətəndaşlar öz müraciətlərini həm də birbaşa dövlət başçısının özünə və ya birinci vitse-prezidentə göndərir. Vətəndaş fikirləşir ki, prezident və ya birinci xanım bütün məsələlərə baxmalıdır. Elə bilirlər ki, prezidentə müraciət etməklə məsələ həllini tapacaq. Halbuki hər bir vəzifəli şəxsin səlahiyyətləri var və onlar səlahiyyətləri çərçivəsində problemin həllinə çalışmalıdır. Həm də, istənilən müraciətlə bağlı mütləq araşdırma aparılmalıdır, daxil olan ərizə və şikayətə baxıb dərhal qərar qəbul etmək olmaz. Prezidentə və birinci vitse-prezidentə çoxlu sayda məktublarının yönəldilməsinin əsas səbəblərindən biri də odur ki, vətəndaşlar onlara daha çox inanır və etibar edir. Bu, eyni zamanda digər dövlət orqanlarına inam və etibarın yetərli olmamasının göstəricisi sayılır. Ola bilsin ki, aidiyyəti qurumların rəhbərləri əvvəllər onların şikayətlərinə baxmadıqları üçün prezidentə müraciət etmək məcburiyyətində qalıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər