Tarixdə Həcc ziyarəti bir neçə dəfə təxirə salınıb - səbəblər

Tarixdə Həcc ziyarəti bir neçə dəfə təxirə salınıb - səbəblər
  • Sosial / Manşet

  • Ən böyük müsəlman ölkəsi olan İndoneziya, eləcə də Malayziya Həcci bu il təxirə salmaqla bağlı qərar qəbul edib

    Bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başlasa da, ziyarətə qədər görülməli olan bir sıra prosedurlar dayandırılıb. Səbəb isə Səudiyyə Ərəbistanının koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar karantin rejimi tətbiq etməsidir. Ötən ay həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Din Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəyan edib ki, Həcc ziyarəti ilə bağlı məsələ Səudiyyə Ərəbistanının Həcc Nazirliyi tərəfindən qəbul ediləcək qərardan asılıdır.

    Ötən həftə isə Səudiyyə Ərəbistanı bəyan elədi ki, Həcc ziyarətinə icazə verilib-verilməyəcəyi bu həftə elan olunacaq. Amma yekun qərar hələ elan olunmayıb. Qərb mediası isə böyük ehtimalla bu il Həcc ziyarətinin olmayacağını yazır.

    Araşdırmaçı jurnalist Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, xəstəliyin sürətlə yayılması, xüsusən də Səudiyyə Ərəbistanındakı vəziyyət göstərir ki, Həcc ziyarəti bu il böyük ehtimalla təxirə salınacaq. Artıq ən böyük müsəlman ölkəsi olan İndoneziya, eləcə də Malayziya Həcci bu il təxirə salmaqla bağlı qərar qəbul edib. Yəni onlar bu il getməyəcək. Qalan ölkələr də Səudiyyə Ərəbistanının qərarını gözləyir.

    Bəs İslam yaranandan neçə dəfə Həcc ziyarəti təxirə salınıb və səbəbləri nə olub?

    Tarixdə Həcc ziyarəti bir neçə dəfə təxirə salınıb - səbəblər
    Kənan Rövşənoğlu

    K.Rövşənoğlu qeyd etdi ki, Həcc ziyarəti indiyədək bir neçə dəfə təxirə salınıb. Əsasən müharibə və yoluxucu xəstəliklər səbəbindən olub belə qərarlar. Belə ki, ilk dəfə 865-ci ildə Safiq ləqəbli İsmail ibn Yusif adlı şəxs Məkkədə Həcc mövsümündə Abbasi xilafətinə qarşı üsyan qaldırır. Üsyançılar hacıların çoxunu Ərəfat dağında qətlə yetirib, qalanları isə Həcc mərasimini tamamlaya bilməyib.

    İkinci dəfə Qərmatilərin 930-940-cı illərdə Məkkə şəhərini işğal etməsi səbəbindən Həcc ziyarəti 10 il həyata keçirilməyib. Bu hücum nəticəsində 30 min insan qətlə yetirilib. Qərmatilər Həcc ziyarətini bütə sitayiş adlandıraraq, qadağan edir və Kəbədəki müqəddəs qara daşı yerindən çıxararaq Qətif şəhərinə aparıb.

    Həcc ziyarətinin baş tutmadığı daha bir il 968-ci ildə Məkkədə epidemiyanın yayılması olur. Xəstəlik səbəbindən ziyarət dayandırılır.

    1260-1265-ci illərdə monqol yürüşləri zamanı baş verən müharibə və dağıntılar səbəbindən Ərəbistan yarımadası (Hicaz) istisna olmaqla, əksər müsəlman ölkələrindən Həcc ziyarətinə gedən olmur. Bir neçə il Məkkəni yalnız yerli sakinlər ziyarət edir.

    Nəhayət, 19-cu əsrin əvvəllərində Məkkə və Mədinənin yerləşdiyi Hicaz vilayətində yoluxucu xəstəliklərin yayılması Həcc ziyarətinin keçirilməsinə mane olur.

    1814,1831, 1837, 1858, 1864, 1871, 1892 və 1895-ci illərdə Ərəbistan yarımadasında müəyyən fasilələrlə taun, vəba, dizenteriya və s. epidemiyalar yayılıb. Həmin xəstəliklərə görə bəzi illərdə Həcc ya əvvəldən təxirə salınıb, ya da onun tamamlanmasına icazə verilməyib.

    Etibar SEYİDAĞA,
    “Yeni Müsavat”
    PAYLAŞ:

    Oxşar xəbərlər