Millət vəkili Məşhur Məmmədovdan 26 iyun Silahlı Qüvvələr günü təbriki

Millət vəkili Məşhur Məmmədovdan 26 iyun Silahlı Qüvvələr günü təbriki
  • Cəmiyyət / Manşet

  • Azərbaycan Demokratik Respublikasının (ADR) 1918-ci ilin mayın 28-də yaradılmasına və cəmi 23 ay yaşamasına baxmayaraq, ötən müddət ərzində çox böyük işlər görülür ki, görülmüş işlərdən biri də, məhz ordu quruculuğu sahəsində atılan addımlar olur. Yəni, 26 iyun 1918-ci il tarixdə Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk hərbi hissə- əlahiddə korpus yaradılır. Həmin ilin 1 avqustunda Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi Nazirliyi təsis olunur və ilk hərbi naziri Xosrov bəy Sultanov təyin olunsa da, 25 dekabrda istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə, nazir müavini təyin olunur. Belə bir qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına tam hüquqi əsas verir və bu qərarın ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verilir. Qısa müddət ərzində milli ordu quruculuğu sahəsində əsaslı nəticələr əldə olunur.

    Bu gün bir daha həmin tarixə nəzər salsaq görərik ki, ilk Milli Ordunun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Həmin vaxtlarda Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, yəni müsəlman övladlarının hərbi xidmətdən “azad” olunmaları, onların hərbi işləri yadırğamasına səbəb olurdu. Bundan əlavə, 1917-1918-ci illər ərzində erməni təcavüzünün güclənməsi də, məhz Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu kimi halların varlığı səbəbindən də, təcili ordu quruculuğu prosesinə başlamaq zərurətə çevrilir.

    Onu da yada salaq ki, qısa müddət ərzində Cumhuriyyətin yaratdığı Milli Ordu birləşmələri Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib, Muğanda, Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək peşəkarlıq nümayiş etdirirlər. Hətta, bu ordu birləşmələri Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini də darmadağın edirlər. Həmin vaxtlarda lazımi uğurların əldə olunmasında Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generallarının çox böyük rolu olur. Elə ki, qırmızı bolşevik istilasından sonra AXC süqut etdi, o halda bolşevik hökuməti Milli Ordunu ləğv etdi və onun rəhbər şəxslərinin əksəriyyətini Nargin adasına aparıb orada gülləyirlər.

    1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra isə, yenidən Milli Ordu quruculuğununun yaradılması prosesinə başlanıldı və 18 sentyabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman əsasında, Azərbaycan ordusunun yaradılması haqda Ali Sovetin qərarının qəbul edildiyi tarix – 9 oktyabr Silahlı Qüvvələr günü elan olunur. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən həmin fərman qüvvədən düşür və Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunur. Artıq həmin ildən bu tarixi gün rəsmi dövlət bayramı günü olaraq qeyd olunmaqdadır.

    Bəli, Silahlı Qüvvələrin yaradılması müstəqil Azərbayca Respublikasının dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri olur və Milli Ordumuzun yaradılması prosesi, əslində ölkəmizin müstəqilliyinin dönməz və əbədi olmasını tam şəkildə təsdiq edir. Fakt budur ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrümüzdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, gələcəkdə onun daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

    Ötən yaxın tariximizə nəzər salaq görərik ki, Azərbaycan ordusunun yaradıldığı ilk vaxtlarda ölkəmiz müxtəlif təzyiqlərə məruz qalır. Yəni, həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi, məhz milli ordu quruculuğu prosesinin qarşısını almaq olur. Bu gün yaşlı və orta nəslin nümayəndələri xatırlaya bilərlər ki, əski sovet hakimiyyəti dövründə Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti tamamilə dəyişməmişdi. Bir qədər fərq var idi ki, həmin fərq çar dövründən fərqli olaraq sövet dövründə azərbaycanlı gənclərin hərbi xidmətə çağrılmaları idi. Lakin onların tam əksəriyyəti döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti botalyonlarında hərbi xidmətdə olurdular. Buna da əsas səbəb, azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Moskvanın belə bir məkrli siyasətinin mahiyyətini yaxşı bilən Heydər Əliyev, Azərbaycanda hakimiyyətə gəldikdən sonra 20 iyun 1971-ci ildə C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına göstəriş verir. O, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına imkanlar yaradır. Bəli, bu gün C.Naxçıvanski adına Hərbi Lisey milli zabit kadrlarımızın yetişdirilməsində, formalaşmasında xüsusi rola malikdir. Adı çəkilən bu liseydə yetişən azərbaycanlı hərbçilər Qarabağ müharibəsinin gedişi zamanı misilsiz igidliklər göstərib, yaxın tariximizdə silinməz izlər buraxmışlar.

    Bundan əlavə, ulu öndər Heydər Əliyev hərbi təhsil sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə, 20 yanvar 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında fərman da imzalayır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılır. İndiyə kimi atılan belə bir addımların nəticəsi o olub ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi ən yüksək davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hal-hazırda şanlı ordumuzun qarşısında işğal olunmuş ərazilərimizi düşmən tapdaqdan azad etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək durur.

    Bu gün Cənubi Qafqazın ən müasir ordularından biri hesab olunan Azərbaycan Milli Ordusu, Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. Hal-hazırda Azərbaycan Respublikası MDB çərçivəsində hava hücumundan müdafiə qüvvələrinə malik olan ən güclü ölkələrdən biri hesab olunur. İnanırıq ki, hər il büdcə vəsaitləri hesabına öz qüdrətini artıran Azərbaycanın Silahlı Qüvvələri, cənab İlham Əliyevin rəhbərliyi altında öz nüfuzunu getdikcə artıracaq, itirilmş torpaqlarımızın geri qaytarılmasını təmin edəcək, bir sözlə hər kəsin şanlı ordumuza bəslədiyi inam hissi özünü doğuraldacaq.

    Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla, hər bir Azərbaycan hərbçisini - 26 iyun Silahlı Qüvvələri günü münasibətilə ürəkdən təbrik edib, hər kəsə uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzu edirəm.

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı
    PAYLAŞ:

    Oxşar xəbərlər