Rəsul Quliyev də “Gəncə qiyamı”ndan DANIŞDI: “İsa Qəmbər yalan deyir” - MÜSAHİBƏ

Rəsul Quliyev də “Gəncə qiyamı”ndan DANIŞDI: “İsa Qəmbər yalan deyir” - MÜSAHİBƏ
  • Hərb / Manşet

  • "Qiyam barədə vaxtında xəbər tutsaydım, ozüm Sürət Hüseynovla danışardım ki, yerində otur, oturmasan mən sənin qarşına adam çıxararam"

    Bu günlərdə “Gəncə hadisələri”nin 27-ci ildönümünü geridə qoyduq. Həmin ərəfədə gündəmə gələn Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və Milli Məclisin deputatı Zahid Orucun debatı zamanı səsləndirilən iddialar isə “4 iyun qiyamı” haqqında müzakirələrin qızışmasına səbəb oldu.

    Debat zamanı İsa Qəmbərin xüsusilə sabiq baş nazir müavini Rəsul Quliyev və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təsisçisi Etibar Məmmədovla bağlı iddiaları uzun müddətdir, gündəmdədir. Belə ki, İsa Qəmbər debatda 1993-cü ilin iyunun 17-də axşam o zamankı prezident Əbülfəz Elçibəylə görüşdüyünü söyləyib:


    “Məndən əvvəl Elçibəy 3 nəfəri birlikdə qəbul edib – Heydər Əliyev, Rəsul Quliyev, Etibar Məmmədov. Əbülfəz bəylə söhbətimizdə nəyin müzakirə olunduğunu danışdıq. Dedi ki, adamları Surət Hüseynova, qiyamçılara qarşı birgə mübarizəyə səsləyirəm, qətiyyən yaxın durmurlar, əksinə, Surətin Bakını alacağını, qan tökəcəyini bildirirlər. Əbülfəz bəy dedi ki, onları nə qədər əməkdaşlığa dəvət etsə də, razılaşmırlar. Vəzifə vəd olunub, qəbul etməyiblər... Sonra bu adamlar deyirlər, Elçibəy Bakının tərk etdi...”.


    Bu iddialarla bağlı Etibar Məmmədov mətbuata açıqlama verərək, ittihamları rədd edib.

    Asiya.az xəbər verir ki, Rəsul Quliyev isə Modern.az-a müsahibəsində İsa Qəmbərin iddialarının tamamilə yalandan ibarət olduğunu vurğulayıb. “Gəncə hadisələri” zamanı baş nazirin müavini vəzifəsində yer alan Rəsul Quliyevin bu haqda müsahibəsini təqdim edirik:


    - Rəsul bəy, İsa Qəmbərin dediyi kimi, iyunun 17-də Əbülfəz Elçibəylə görüşünüz olubmu? Detalları haqqında məlumat verməyinizi istəyərdik...


    - Əbülfəz Elçibəy mənimlə İsa Qəmbərin dediyi şəkildə görüşməyib, ümumiyyətlə bu barədə heç bir söhbət aparmayıb. İsa Qəmbər tamamilə yalan danışır.


    - Bəs o zaman nə baş vermişdi?


    - Hələ qiyamdan əvvəl may ayının təxminən 20-si ərəfəsində rus qoşunu Azərbaycandan çıxdı. Bu qoşunların Gəncəni tərk edib, Azərbaycandan çıxması haqqında danışığı aparan mən olmuşam. Ancaq rus qoşunlarının tələm-tələsik getməsi məndə şübhə yaratmışdı. Buna baxmayraq, Gəncə hadisələrinin baş verəcəyi, nə ola bilər, nə olmaz – bu barədə qətiyyən xəbərim yox idi. Çünki məni həmin vaxt 3-5 gün idi ki, Nazirlər Kabinetinin sədr müavini təyin etmişdilər.

    Həmin hadisədən sonra o vaxt baş nazir olan Pənah Hüseynovla mən Londona rəsmi səfərə yollandıq. Daha sonra İsveçrəyə və oradan Bakıya qayıtdıq. Həmin vaxt – nə Londonda olanda, nə İsveçrədə, nə də təyyarədə olanda Pənah Hüseynov Gəncə hadisələri ilə əlaqədar bircə kəlmə deyib.

    Elə vaxt bildim ki, 4 iyun hadisələri baş verib, artıq bunu gizlətmək mümkün deyil, qəzetlər, jurnalistlər yazır. Hər kəs öyrənmişdi ki, Sürət Hüseynov Gəncədə dövlət çevrilişi olmasa belə, buna bənzər bir addım atıb. Bundan sonra həmin adamlar əl-ayağa düşdü.

    May ayının 20-25-də, lap ayın sonunda bilsəydim ki, Gəncədə bu cür qarışıqlıqdır, qarşısını ala bilərdim. Halbuki, bu adamlar qiyamı gizli saxladılar.


    - Kimlərdən söhbət gedir, konkret olaraq?


    - O vaxtkı milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzov, baş nazir Pənah Hüseynov və Ali Sovetin sədri İsa Qəmbər. Onlar iclas keçirəndə Əbülfəz Elçibəyi belə iştirak etməyə qoymurdular. İclas keçirirdilər, bilmirəm nə işlə məşğul idilər. Həmin şəxslərin müdafiə naziri Dadaş Rzayev hadisələr baş verəndən sonra itdi. Azərbaycan kimi balaca bir yerdə İsa Qəmbər, Pənah Hüseynov, prezident Əbülfəz Elçibəy müdafiə nazirini tapa bilmədilər. Vəziyyət ağırlaşanda Pənah Hüseynov mənə müraciət etdi ki, gedib, Heydər Əliyevi gətirmək lazımdır. Bu ideyanı mən verməmişəm, İsa Qəmbərlə Pənah Hüseynova aiddir. Hətta Pənah Hüseynov mənə dedi ki, prezidentə (Əbülfəz Elçibəyə - red.) əl vurulmasın, Heydər Əliyev Ali Sovetin sədri olsun, sən də Nazirlər Sovetinin sədri – yəni baş nazir ol. Mənim ona cavabım müsbət deyildi. Dedim, belə şey etmək olmaz, ağlını başına yığ. Birincisi, bizim üçümüz də naxçıvanlıyıq, düz gəlməz. İkincisi, məgər bu şəxsləri siz seçirsiniz? Ali Sovetə sədr seçmək lazımdırsa, gərək deputatlar səs verə. Baş nazir təyin olunursa, qayda-qanunla həyata keçirilməlidir. Siz “demokratiya-demokratiya” deyə-deyə bura gəlmisiniz, indi diktator üsulu ilə vəzifəyə kimlərisə təyin edirsiniz, kimlərisə çıxarırsınız?

    Bundan sonra Əbülfəz Elçibəy mənə zəng etdi. Heydər Əliyevlə danışdığını bildirdi. Elçibəyin sözlərinə görə, Heydər Əliyev deyib ki, “mən gəlmirəm, nümayəndəni göndər bura, danışaq”. Əbülfəz Elçibəy isə məni nümayəndə seçib. Prezident məndən xahiş etdi ki, Heydər Əliyevi dilə tutub, Bakıya gətirim. Bütün proses belə baş verib. Həmin şəxslər necə insanlardır ki, indi bu cür yalanlar uydururlar?


    - İsa Qəmbər deyib ki, 1993-cü il iyunun 17-də axşam Əbülfəz Elçibəylə görüşüb. Ondan öncə Elçibəy 3 nəfəri birlikdə qəbul edib. Heydər Əliyevi, Rəsul Quliyevi və Etibar Məmmədovu ...



    - Yalan deyir... ağ yalandır... Sürət Hüseynov artıq Bakıya gəlirdi. Mən bilirdim ki, milli təhlükəsizlik naziri (onda artıq nazir Nəriman İmranov idi) xüsusi şayiə yaymışdı ki, Sürət Hüseynov gələn kimi ilk Əbülfəz Elçibəyi asacaq, ya da güllələyəcək. Mən indi ağ yalanları oxuyanda təəccüblənirəm. O zaman da əmin idim ki, Sürət Hüseynov belə bir hərəkəti edə bilməz. Heç vaxt eləməz. Ona görə, Sürət Hüseynov gəlməzdən bir gün əvvəl Əbülfəz Elçübəyə zəng edib, dəfələrlə xahiş etdim ki, heç olmasa 5-10 dəqiqəlik də olsa, görüşək. O mənə “baş üstə, qoy iclası bitirim” deyib, yola verdi, görüşmək istəmədi. Mənim yeganə məqsədim var idi, onunla görüşüb deyəm ki, qaçma, mən təminat verirəm, sənə heç nə olmayacaq. Düşündüm heç olmasa telefonda vəziyyəti izah edim. Sonra o mənimlə telefonla belə danışmadı. Saat 1-də evinə zəng etdim, evdə yox idi. Qısa müddət sonra prezidentin mühafizəsinin rəhbəri Vaqif Axundov mənə zəng edib, dedi ki, Əbülfəz Elçibəy uçdu. O dedi prezidentin hara getdiyini bilmir. Mən isə təəccübləndim ki, Vaqif Axundov bunu mənə niyə deyir. Sən demə, Heydər Əliyev telefonu götürməyib. Vaqif Axundov isə düşünüb ki, Heydər Əliyev yeganə ola bilər ki, mənim telefonuma cavab verər. Həmin vaxt işdəydim və hələ də ümid edirdim ki, Elçibəylə görüşəcəm. Bir neçə dəfə zəng etdim, Heydər Əliyev telefonu götürdü. Məsələni ona danışdım. Sanki Heydər Əliyev artıq bilirdi. Amma belə çıxdı ki, mən zəng edib, hadisəni xəbər verdim. O dedi, mən Ali Sovetə, kabinetə gəlirəm, sən də dur gəl, həmin yerə, düşünək, görək neynəyə bilirik. Bu yüz faiz həqiqətdir, proses belə olub. Yerdə qalan iddialar yalandır.


    - “4 iyun qiyamı”ndan 27 il keçib. Amma hər ildönümündə, müxtəlif vaxtlarda yeni iddialar ortaya atılır. Sizcə bu nədən qaynaqlanır?



    - Siz 2000-ci ildən bu günə qədər həmin mövzuda müsahibələrimi oxuyub, müqayisə edin. Əgər bu müsahibələrdə üst-üstə düşməyən məqam olarsa, mənə deyin. Belə məqam ancaq yalan deyən insana aid ola bilər. Bir dəfə bir söz deyirlər, sonra dediklərini unudub, başqa cür açıqlama verirlər.


    - 27 il sonra bu fikirləri ortaya atmaqda məqsəd nə ola bilər?


    - Guya hamı onları yıxmağa tökülüşmüşdü. Mən də bunların içərisində idim. Amma Sürət Hüseynov 75 nəfərlə, 3 tankla Bakıya gəlirdi. O zaman Bakının 2 milyon yarım əhalisi var idi. 75 nəfər Bakıya gəlib nə edəcəkdi? Hara durub qaçırdınız, niyə təşvişə düşmüşdünüz? Prezident bütün komandası ilə bir yerdə camaata müraciət edib ki, ölkənin başçısını qorumaq lazımdır. O zamankı qəzetləri, sənədləri açıb baxın, heç 150 nəfər gəlmədi. Ona görə, həmin şəxslər acizliklərini ört-basdır etmək üçün son nəfəsə qədər bu yalanları deyəcəklər.


    - “4 iyun qiyamı”nı yatırmaq üçün konkret bir təklifiniz var idi?



    - Mən dediyim kimi, may ayının 20-dən belə təhlükə olduğunu bilsəydim, özüm Sürət Hüseynovla danışardım ki, yerində otur, oturmasan mən sənin qarşına adam çıxararam. Həqiqətən də çıxardardım. Mənim arxamda çoxsaylı fəhlə sinfi dayanmışdı. Onların içərisində yüzlərlə adam Əfqanıstanda aktiv müharibədən keçmişdi. Sürət Hüseynovun qarşısını almaq nə böyük problem idi ki?!


    - Bəs sizə vəzifə təklif edilmişdimi?



    - Mən artıq dedim ki, biz prezidentlə iddia olunan həmin görüşdə ümumiyyətlə olmamışıq. Bunu qeyd edəndən sonra İsa Qəmbərin nə dediyinin əhəmiyyəti yoxdur.

    Etibar Məmmədovla əlaqədar məsələyə gəlincə, Əbülfəz Elçibəy Kələkiyə qayıdandan sonra Heydər Əliyev Etibarla görüşüb. Mən də bu görüşdə iştirak etmişəm. Əslində bu görüşdə iştirak etmək istəmirdim, amma Heydər Əliyevin xahişi ilə ora getmişdim. Etibar Məmmədova orada bir vəd təqdim edildi. Vəssalam.


    - “4 iyun qiyamı” ilə Azərbaycan nə itirdi, nə qazandı?



    - Bu qiyamla Azərbaycan xalqının ürəyindən keçən demokratik prinsiplərin qalib gəlməsi, Azərbaycanın sivil bir ölkəyə çevrilməsi şansı sıfır oldu. 4 iyun budur. Bu vəziyyətin səbəbkarları da məhz isa qəmbərlər və pənah hüseynovlardır. Orada başqa adam yoxdur. Hər halda Rəsul Quliyev deyil.
    PAYLAŞ:

    Oxşar xəbərlər