Qənirə Paşayeva canlı yayında Türk dünyası jurnalistlərinin, ziyalılarının suallarını cavablandırdı - VİDEO

Qənirə Paşayeva canlı yayında Türk dünyası jurnalistlərinin, ziyalılarının suallarını cavablandırdı - VİDEO
  • Siyasət / Asiya TV

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin tanınmış jurnalisti Mövlut Yeninin təqdimatında “Yeni Bakış” proqramının qonağı olub, Azərbaycan- Türkiyə münasibətləri, ümumən türk dünyasının bugünü və gələcəyi ilə bağlı geniş məruzə ilə çıxış edib.

    Mövlut bəyin sosial media hesabları üzərindən canlı yayınlanan proqramda dünyanı cənginə alan koronavirus pandemiyası, qardaş Türkiyədə və Azərbaycanda bu bəşəri problemlə mübarizə istiqamətində görülən işlər, BMT Baş Assambleyasının Xüsusi sessiyasının təşkil olunması və bir sıra başqa önəmli məsələlər geniş müzakirə olunub; may ayının 4-də Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə, 120 üzvlü Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVİD-19”a həsr edilmiş “Virtual Zirvə” Görüşü, yenə Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə aprelin 10-da Türk Şurasının “Virtual Zirvə”sinin keçirilməsi geniş şərh edilib. Komitə sədri öz məruzəsində, hazırda Azərbaycanın Prezidentinin sədrlik etdiyi, üzv ölkə sayına görə dünyada BMT-dən sonra ikinci böyük qurum olan Qoşulmama Hərəkatı barədə danışarkən, cənab İlham Əliyevin dünya ölkələrinə etdiyi çağırışa artıq 130 ölkənin dəstək verdiyini xüsusi vurğulayıb. Millət vəkili təəssüflə bildirib ki, pandemiya nəinki ölkələrin iqtisadiyyatına, bu planda daha çox, social müdafiəyə ehtiyac hiss edən insanlara da böyük ziyan vurur. Odur ki belə çətin zamanda türk dünyası ölkələri bir-birinin vətəndaşlarına, “COVİD-19” səbəbindən müxtəlif çətinliklərlə üzləşən sadə insanlara yiyə durmalı, tarixi qardaşlıq və türk xalqlarına məxsus qonaqpərvərlik, xeyirxahlıq missiyasını bugünlərdə daha dərindən tətbiq etməlidir.

    Asiya.az
    xəbər verir ki, xanım Paşayeva koronavirus səbəbindən dünyasını dəyişən insanların acılarını paylaşdığını, toplumun maarifləndirilməsi, sosial yardımlaşma istiqamətində çox iş görüldüyünü bildirib və ictimai fəal qüvvələrə, KİV-lərə çağırış edərək, “COVİD-19”la mübarizənin hələ baş çatmadığını vurğulayıb.
    Millət vəkili Qənirə Paşayeva “COVİD-19”un ən böyük zərər verdiyi sahələrdən birinin turizm sektoru olduğunu bildirib: “Azərbaycan keçən il turizm sektorundan 3 milyon manat gəlir əldə etmişdi. İndi pandemiya səbəbindən sərhədlərin bağlanması bu sektordan gələn gəlirlərin, ən aşağı səviyyəyə enməsinə səbəb olub. Turizmin yenidən dirçəlməsi üçün pandemiyadan sonra da bir psixoloji vaxt keçməlidir.”

    Xanım Millət vəkili eyni zamanda qardaş türk dövlətləri arasında bütün sahələrdə bağların getdikcə daha da genişlənməsinin vacibliyi barədə danışarkən, bu planda, özəlliklə, gənclərimizi ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə çağırıb: “İndiki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq; bunun üçün də ilk növbədə biri-birimizi daha yaxından tanımalıyıq – ortaq tariximizi, müştərək köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmişə, bugünə və gələcəyə baxışımızı, üzüntülərimizi və uğurlarımızı öyrənməli və öyrətməliyik. Birimizin üzüntümüz hamımızın üzüntümüz kimi qavranılarsa, o daha tez aradan qalxar; birimizin uğurumuz hamımızın uğuru kimi qəbul edilərsə, o uğur da böyüyər, yayğınlaşar…
    Soydaşlarımıza tövsiyyəm odur ki, ölkə xaricinə səfər imkanınız olunca, ilk öncə qardaş ölkələri görməyə çalışın. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, digər qardaş ölkə və topluluqlara səfərlər edin, onların tarixini, mədəniyyətini öyrənməyə çalışın. Bu həm turizmin inkişafı, həm münasibətlərimizin daha da möhkəmlənməsi üçün çox vacibdir; bir daha demək istərdim ki, dediyimiz bu vacib məsələlərdə yeni təfəkkürlü türk gəncliyinin üzərinə böyük işlər düşür.”
    PAYLAŞ:

    Oxşar xəbərlər