Şöbə müdiri I Vitse Prezidentin tapşırığını niyə yerinə yetirmir? (ŞİKAYƏT)

Şöbə müdiri I Vitse Prezidentin tapşırığını niyə yerinə yetirmir? (ŞİKAYƏT)
  • Sosial, Araşdırma

  • Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, hərbi şəhərcik ev 1, mənzil 2 ünvanında qeydiyyatda olan 2-ci qrup Qarabağ müharibəsi əlili və veteranı, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunmuş ehtiyatda olan gizir Əzizzadə Rəhman Həsən oğlu tərəfindən sayta-ya şikayət məktubu daxil olub.

    Asiya.az xəbər verir ki, Əzizzadə Rəhman Həsən oğlu Silahlı Qüvvələrin Füzuli rayonu istiqamətində "N" saylı hərbi-hissədə vətənə xidmət edib.

    Xidməti zamanı 28.12.2014-cü il tarixində düşmən təxribatının qarşısını alarkən ağır yaralanıb. Nəticədə sağ gözünü tam, sol gözünün görmə qabiliyyətini qismən itirib. Başında, çiynində və gözündə çoxlu sayda qəlpələr gəzdirir. Böyrək və ürək-damar xəstəliklərindən də əziyyət çəkir.

    Bildiyiniz kimi Qarabağ müharibəsi əlillərinə, veteranlarına və Şəhid ailələrinə ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən xüsusi olaraq diqqət və qayğı göstərilir. Mehriban xanım mütəmadi olaraq Qarabağ vetaranları ilə görüşür, problemlərini dinləyir və həlli istiqamətində yerindəcə tapşırıqlar verir.

    Bu görüşlərdən biri də 2019-cu ilin aprel ayına təsadüf edir.

    Əzizzadə Rəhman həmin görüşü və ondan sonra baş verənləri belə təsvir edir:

    "Həmin görüşdə iştirak etmək mənə də nəsib oldu. Görüş zamanı Hörmətli Mehriban xanım ilə söhbət imkanım da oldu. O, mənim problemlərim ilə yaxından maraqlandı və nə çətinliyim olduğuna dair sual verdi. Mən də öz növbəmdə məni narahat edən sıxıntılar haqqında Mehriban xanıma danışdım. Ona söylədim ki, mənim 27 yaşım var. Anam gözdən əlildir. Atam da Qarabağ müharibəsi veteranıdır. Mən hal-hazırda kirayədə yaşayıram. Buna görədə ailə qurmaqda çətinlik çəkirəm.

    Məni dinləyən Mehriban xanım əlimdə olan, ona ünvanladığım yazılı müraciəti qəbul edərək, yanındakı keçmiş köməkçisi hörmətli Anar Ələkbərov müəllimə verdi. Anar müəllimə tapşırıq verdi ki, məni dərhal mənzil ilə təmin etsinlər. Anar müəllim də sağ olsun, dərhal məsələnin həll olunması üçün DSMF-yə tapşırıq verdi. Həmçinin də mənimlə DSMF-nin şöbə müdiri, Vüqar Behbudov ilə görüşümüzü də təşkil etdilər. Görüş DSMF-nin binasında V.Behbudovun iş otağında təşkil olunmuşdu. Hörmətli Mehriban xanım ilə görüş zamanı, xanımın verdiyi tapşırıqları V.Behbudovun diqqətinə çatdırdım.

    Söhbət zamanı fikri məndən çox telefonunda olan V.Behbudovun bu işə məsuliyyətsizcəsinə yanaşacağını elə o zaman anlamışdım. Heç də yanılmadım. Artıq bir ildir ki, V.Behbudov Hörmətli Mehriban xanımın tapşırığını icra etmir. Siz təsəvvür edin ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti tapşırıq verir ki, problem dərhal həll olunsun, gəl ki DSMF-nin şöbə müdiri, Mehriban xanımın verdiyi bu tapşırığı ciddi qəbul etmir. Nəticədə Qarabağ əlili tərəfindən, ölkənin Ali Rəhbərliyinə qarşı bilərəkdən narazılıqlar yaradır. Bu həmçinin Mehriban xanımın Qarabağ qazilərinə olan qayğısına kölgə salmaq məqsədi daşıyır.

    Sizdən xahiş edirəm ki, V.Behbudovun, Ölkənin birinci vitse-prezidenti Xanım Mehriban Əliyevanın verdiyi tapşırığa biganə yanaşmasının səbəbinin araşdırılmasına və hörmətli Mehriban xanım Əliyevanın mənim mənzil məsələmin həlli istiqamətində verdiyi tapşırığın icra olunmasına köməklik göstərəsiniz".

    Qaynarionfo

    Şöbə müdiri I Vitse Prezidentin tapşırığını niyə yerinə yetirmir? (ŞİKAYƏT)
    PAYLAŞ:

    Oxşar xəbərlər