Qəhrəmanlıq tarixi yazanlar

Qəhrəmanlıq tarixi yazanlar
  • Siyasət

  • Bəşəriyyət yaranandan bəri müqəddəs saydığı və uğrunda həlak olduğu torpaq olub. Fikrimi bir az da dəqiqləşdirsəm, VƏTƏN ifadəsi yerinə düşür. Torpaqlarını yağı düşmən hücumundan qoruyanlara qəhrəmanlar deyiblər.

    Eposların ən məşhurlarından olan “Kitabi-Dədə Qorqudda ana xətt Vətəndir, onu qorumaqdır, onun yolunda qəhrəmanlıq göstərməkdir.

    Xalqımız tarix boyu öz torpaqlarını qorumaq üçün heç kimdən aman diləməyib. Vətən yolunda şəhid olmağı hər şeydən üstün tutub.

    Qarabağ müharibəsi xalqımızın tarixində növbəti sınaqdır. Haqq bizim tərəfimizdədir. Çünki işğala məruz qalan bizim torpaqlarımızdır.

    90-cı illərin əvvəllərində Qarabağ uğrunda savaş bizi qəflətən haqladı. Düşmən 70 illik sovet dönəmində Qarabağın ermənilərə məxsus olması haqqında təbliğat aparanda biz xalqlar dostluğunun tərənnümü ilə məşğul idik. Üstəgəl erməni diasporu və erməni lobbisi az qala dünyanı inandıra bilmişdi ki, Qarabağ əzəli erməni torpağıdır. Amma bu yalanın ömrü az oldu. Azərbaycan ermənilərə havadarlıq edən nəhəng güclərdən qorxmadı , geri çəkilmədi, öz haqq işini müdafiə etmək üçün silaha sarıldı, şəhid verdi, müvəqqəti geri çəkildi, amma düşmənə və onun havadarlarına əyilmədi.

    Bu gün Müstəqil Azərbaycan dövləti böyük nüfuz sahibidir. Güclü orduya və ən müasir silahlara malikdir. Xalqın və dövlətin birliyi birmənalı olaraq təmin olunmuşdur. Beynəlxalq aləmdə Azərbaycanın haqq işini müdafiə edən dövlətlərin və nüfuzlu təşkilatların sayı günü-gündən artır.

    2016-cı ilin Aprel zəfəri bütün dünyaya bəyan etdi ki, Azərbaycan öz tarixi torpaqlanın düşmən işğalı altında uzun müddət qalması ilə heç vaxt barışmayacaq. Azərbaycan əsgəri müqəddəs üçrəngli bayrağımızı Vətənimizin hər yerində şərəflə dalğalanması üçün hər şeyə hazırdır. Cümhüriyyət dövründə Kasapet uğrunda döyüşdə qalib çıxan əsgərə dövrün hərbiyyə naziri göz yaşları içində müraciət edirdi: “Əsgər,mən Rusiyada ağır döyüşlərdə olmuşam, yaralanmışam , hətta əsir alınmışam. Amma sənin bugünkü qəhrəmanlığın məni valeh etdi. Görürəm, silahın, geyimin, yəqin ki, yeməyin də yetərincə deyil. Amma Vətənə olan məhəbbətin böyükdür. Ona görə sən bu döyüşdə qalib çıxdın.”

    Ana Vətəni qorumaq üçün növbəti dəfə şəhid verdik. Bütün Azərbaycan şəhid olan balalarımıza yas saxlayır. Bütün Azərbaycan torpaq uğrunda şəhid olan balalarımızla qürur duyur.

    Əzizlərimiz,rahat yatın . Sizin qanınız yerdə qalmayacaq.

    Ərazi bütövlüyümüzə nail olacağımız gün uzaqda deyil.
    Allah şanlı Azərbaycan Ordusunu qorusun!

    Anar İsgəndərov
    Professor, Millət vəkili
    PAYLAŞ:

    Oxşar xəbərlər