And yerimiz: Şəhid Anar Novruzov və Seyid Sadıq ağa

And yerimiz: Şəhid Anar Novruzov və Seyid Sadıq ağa
  • Araşdırma / Cəmiyyət

  • 2000-ci il iyul ayının 15-i 15-ci doğum günümün səhərisi gün kəndimiz, rayonumuz, bütün Cənub bölgəsi matəm içində idi. Mənim qonşum, Azərbaycanın tanınmış seyidlərindən olan – Seyid Sadıq Ağa uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. Seyid Sadıq Ağa zəmanəsinin görkəmli şəxsiyyəti, böyük kəramət sahibi kimi Azərbaycan hüdudlarından kənarda da tanınırdı. Ağanın dəfn mərasiminə paytaxtdan, digər bölgələrdən Millət vəkilləri, Rayon icra başçıları, tanınmış ruhanilər, yüzlərlə sıravi vətəndaş gəlmişdi. Ərkivan kəndinin tarixində ilk dəfə idi ki, belə izdihamlı dəfn mərasimi keçirilirdi. Onun şərəfinə kənd qəbiristanında əzəmətli məqbərə ucadılıb. Haqqında şeirlər, kitablar yazılıb, sənədli film çəkilib.
    And yerimiz: Şəhid Anar Novruzov və Seyid Sadıq ağa

    2020-ci ilin iyul ayının 14-ü 35-ci doğum günümə bir gün qalmış qəsəbəmiz (kəndimiz artıq qəsəbədir), rayonumuz, ölkəmiz matəm içində idi. Bu dəfə yenə də mənim qonşum, Silahlı Qüvvələrin zabiti Mayor Anar Gülverdi oğlu Novruzov Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdu. Onunla vida mərasiminə Rayon İcra başçısı, Millət vəkilləri, digər vəzifəli şəxslər və yüzlərlə sıravi vətəndaş gəlmişdi. Ərkivan qəsəbəsində 9 qəbiristanlıq var ki, vəfat edən olanda meyiti öz nəslinə mənsub ölülərin yanında dəfn edilir. Qəsəbədən olan 17 şəhidimiz də müxtəlif qəbiristanlıqlarda öz nəsillərinə mənsub qəbirlərin yanında dəfn edilib. Şəhid Anar Novruzovun nəşi isə onun böyük qardaşı öz xeyirxah əməlləri ilə tanınan Hacı Sucəddin Novruzovun tövsiyyəsi ilə nəsillərinə mənsub qəbirlərdən kənar açıq ərazidə dəfn edildi. Allah xalqımıza bir daha müharibə, şəhid göstərməsin. Amma, əgər nə vaxtsa şəhidimiz olarsa, onun da bu ərazidə dəfn edilməsi nəzərdə tutulur. Məqsəd isə şəhidlərimizi ziyarət etmək istəyənlər üçün əlçatan olmasıdır.

    And yerimiz: Şəhid Anar Novruzov və Seyid Sadıq ağa
    Bu gün Seyid Sadıq Ağanın vəfatından 20 il ötür. Düz 20 ildir ki, onun məzarı ziyarətgaha çevrilib. Hər gün onlarla insan bu məkanı ziyarət edir.
    3 gündür ki, Seyid Sadıq Ağa Məqbərəsinin yaxınlığında and yerimizə çevrilməkdə olan, ziyarətinə uzaq şəhərlərdən gəlinən başq bir məzar da var – Ermənistan ordusunun kabusuna çevrilən “Akula” ləqəbli kəşfiyyatçı Şəhid Mayor Anar Novruzovun məzarı. Allah hər ikinizin məkanını cənnət etsin.
    Cəfər Cəfərov, Asiya.az
    And yerimiz: Şəhid Anar Novruzov və Seyid Sadıq ağa
    PAYLAŞ:

    Oxşar xəbərlər