“İnanırıq ki, tezliklə bayraqlarımız işğal altında olan Qarabağımızda dalğalanacaq”

“İnanırıq ki, tezliklə bayraqlarımız işğal altında olan Qarabağımızda dalğalanacaq”
  • Sosial

  • Hesab edirəm ki, son günlər baş verən qanlı döyüşlər Azərbaycan ordusunun gücünü və xalq-iqtidar vəhdətini bütün dünyaya nümayiş etdirir.

    1994-cü ildə iki ölkə arasında atəşkəs elan olunmasına baxmayaraq Ermənistan tərəfindən mütəmadi olaraq Azərbaycana qarşı təxribatlar edilir. Bu illər ərzində Ermənistan dəfələrlə atəşkəsi pozaraq hərbiçilərimizə və mülki əhaliyə atəş açıb və soydaşlarımızı qətlə yetiriblər. Son olaraq isə 12 iyul 2020-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir. Hansı ki, hazırda bütün ölkələr Covid- 19 pandemiyasına qarşı birlikdə mübarizə aparır. Bu, Ermənistanın Azərbaycana təcavüzünün və 1994-cü ildə razılaşdırılmış atəşkəsin yenidən pozulmasının əyani sübutudur. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.
    Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Azərbaycanın dünyada nüfuzunun artması, beynəlxalq mövqelərinin daha da güclənməsi mənfur Ermənistanda qısqanclıq yaradır və onu ciddi narahat edir. Ölkəmizin diplomatik uğurları, Prezidentimizin irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş əks-səda doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Azərbaycanı istəməyən xarici qüvvələri xüsusilə Ermənistanı ciddi narahat edir. Bu gün Azərbaycan güclü orduya malikdir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Biz 2016-cı ilin aprel döyüşlərində bunun şahidi olduq. Prezident İlham Əliyevin bu təxribata cavabı qəti oldu: “Biz düşmənə yenidən öz yerini göstərəcəyik”. Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildiyi görünür. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir. Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırki mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Ordumuz qəhrəmanlıq nümayiş etdirir. Üzülərək bildirirəm ki,şəhid verdik. Şəhidlərimizin dəfn olunduğu rayonlarda hərbçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılanmışdır. İnsanlar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edirlər. Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir.

    Allah Ordumuza güc, qüvvət və əzm versin. İnanırıq ki, tezliklə bayraqlarımız işğal altında olan Qarabağımızda dalğalanacaq.

    Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik.

    YAŞASIN AZƏRBAYCAN ŞANLI ORDUSU!

    QIZIL AYPARA CƏMİYYƏTİ NƏSİMİ RAYON BÖLMƏSİNİN SƏDRİ

    MƏFTUN QULUZADƏ
    PAYLAŞ:

    Oxşar xəbərlər