“Rəis Qobustan həbsxanası ilə hədələyir” - GİLEY

“Rəis Qobustan həbsxanası ilə hədələyir” - GİLEY
  • Sosial / Araşdırma

  • “Zəng vuranda dedi ki, məni burda incidirlər, döyürlər, “kars”a salırlar, hətta ölümlə hədələyirlər. Məndən xahiş etdi ki, aidiyyəti üzrə qurumlara, ölkə başçısına müracirət edim, bəlkə bununla da ona qarşı olunan işgəncə dayana... Ondan sonra təxminən iki həftə ərzində oğlumdan xəbər tuta bilmədik. Sonradan bildik ki, onu döyüb, “kars”a salıblar”.

    Asiya.az xəbər verir ki, bunu Astaranın Pəlikəs kənd sakini Talıb Əhmədov deyir.

    Talıb Əhmədovun oğlu, 27 yaşlı İbrahim Əhmədov Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindədir. Ata deyir, oğlunun həyatı üçün narahatdır: “Narahatlıq üçün səbəblərimiz var”.

    İbrahim Əhmədov narkotik və digər ittihamlarla 15 il 6 ay müddətinə azadlıdan məhrum edilib, 6 ildir ki, cəza çəkir. Ata deyir, narahatlıqları üçün səbəblər var: “İki həftədən çox oğlumla telefonla danışa bilmədim, cəzaçəkmə müəssisəsinin qarşısına gedirdim, deyirdilər, oğlun “kars”a salınıb, maraqlanırdım, deyirdilər, “kars”da deyil, tibb məntəqəsindədir, ordan maraqlanırdım, deyirdilər, burda yoxdur. Ailəlikcə oğlumdan narahat idik. Nəhayət, bir neçə gün əvvəl oğlumla əlaqə yarada bildik. Dedi ki, həyatı təhlükədədir. Məsələ bundan ibarətdir ki, İbrahim onu narkotik işinə calayan, onu tora salıb həbsinə səbəbkar olmuş Taleh adlı şəxslə eyni cəzaçəkmə müəssisəsində saxlanılır. O adam da tez-tez oğlumu hədələyir, incidir. Mən əvvəldən də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə dəfələrlə müraciət etmişdim ki, onları eyni cəzaçəkmə müəssisəsində saxlamasınlar. Təəssüf ki, 6 ildir ərizələrimə, teleqramlarıma baxan yoxdur və oğlum həmin şəxslə eyni cəzaçəkmə müəssisəsində cəza çəkir, sanki bunu qəsdən belə düzüb-qoşublar. Oğlum həmin adamın üzündən dəfələrlə “kars”a salınıb, incidilib. Qəfil zənglər kəsiləndə isə narahat olmağa başlayırıq. Ailəylə əlaqəsi heç vaxt belə uzun müddətli itməmişdi deyə, sonuncu dəfə daha çox narahat olduq. Əslində İbrahimin həyatına həbsxanaya girdiyi ilk gündən təhlükə var, çünki istintaqa hər şeyi açıb düzünü danışmışdı, onu bu yola çəkənlərin adlarını açıqlamışdı. Ancaq bir ata kimi bu təhlükə ilə bağlı illərdir ora-bura yazdığımdan oğlum orda sağ qala bilib. Ancaq cəzaçəkmə müəssisəsində həmin şəxsin müəssisə rəhbərliyi ilə yaxın olması oğluma qarşı davranışa da təsirini göstərir”.

    Ata deyir, iki həftə əvvəl oğlu hədələndiyini, döyüldüyünü deyəndən sonra Penitersiar Xidmətin Baş İdarəsinə zəng edib, şikayətini bildirib. Ancaq nəticəsi olmayıb: “İyulun 14-də isə oğlum nəhayət, zəng vurdu, dedi, ata, mənə kömək et, qonşu barakdan bir stəkan çay içdiyimi bəhanə edərək nəzarətçilər şərlədilər. Əvvəlcə rəis müavini Elnur Hüseynovun, sonra rəis Çingiz Yunisovun yanına apardılar. On günlük “kars”la cəzalandırdılar. Zorla izahat yazdırmaq istəyirdilər ki, guya nəzarətçiləri söymüşəm. Döyülsəm də, istədikləri izahatı yazmadım. Dedi, nə olar, ata, mənə kömək et, yalvarıram. Dedi, ata, əgər məndən bir neçə gün ərzində zəng gəlməsə, bilin ki, yenə “kars”a salıblar. Oğlum onu da dedi ki, rəis məni hədələyir, deyir, əgər ailən məndən şikayət etsə, səni Qobustan həbsxanasına göndərəcəm”.

    Ata ölkə başçısından kömək istəyir. O, Prezident İlham Əliyevə yazdığı müraciətdə ailə durumu barədə də qeyd edib: “... 12 övladım var. Həyat yoldaşım dünyasını dəyişəndə övladlarım azyaşlı idi, onlara həm ana, həm ata olmuşam. Oğlum İbrahimi tora salıb gənc həyatını məhv etdilər, övladım həbsxana divarları arasında xəstə canıyla çəkişir. Onun həyatını məhv edən birisi ilə eyni cəzaçəkmə müəssisəsində saxlanması isə bunu edən məmurların növbəti faciələrə qəsdən yol açmaqları deməkdir. Məktubumu oxuyan kimi övladımın işgəncələrdən xilas olması üçün əlinizdən gələni edəcəyinizə, ya oğlumun, ya da onu hədəfə almış digər məhkumun cəzaçəkmə yerinin dəyişdirilməsi üçün tapşırıq verəcəyinizə inanıram”.//dia.az
    PAYLAŞ:

    Oxşar xəbərlər