Prezidentə şikayət: “Həyat yoldaşım keçmiş nazirə görə həbsdə yatır”

Prezidentə şikayət: “Həyat yoldaşım keçmiş nazirə görə həbsdə yatır”
  • Sosial

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyində 451 min manatlıq yeyinti ilə bağlı məhkəmə xeyli vaxtdır keçirilmir. Azərbaycanda pandemiya ilə əlaqədar təqsirləndirilən şəxslərin sayının ikidən çox olduğu işlər üzrə məhkəmə prosesləri təxirə salınıb.

    Asiya.az
    xəbər verir ki, nazirliyin Milli Hidrometeorologiya Departamentinin baş mühasibi olmuş İlqar Hacıyev 2019-cu ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur. Bu cinayət işi üzrə beş nəfər təqsirləndirilən şəxs olsa da, yalnız İlqar Hacıyev həbsdədir. Departamentin keçmiş rəhbəri Əkbər Həsənov, eyni zamanda, qurumun daha üç əməkdaşı barəsində isə istintaq və məhkəmə dövrü üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

    İlqar Hacıyevin həyat yoldaşı Səidə Həsənova prezident və vitse-prezidentə məktub yazaraq, bu işi nəzarətdə saxlamalarını istəyib. Bakı sakini ərinin keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova görə həbsdə olduğunu iddia edir.

    Səidə Həsənova nazirlikdə, həqiqətən də, yeyinti olduğunu, müxtəlif adamların adlarına açılmış maaş kartlarına köçürülən pulların mənimsənildiyini düşünür, amma vəsaitlərin Hüseynqulu Bağırova çatdığını bildirir.

    “Bizim bir sot torpaq sahəsində ikiotaqlı, cəmi 36 kvadratmetr sahəsi olan evdən başqa heç nəyimiz yoxdur. Azyaşlı üç uşaqla bu mənzildə yaşayıram. Həyat yoldaşım o kartlardan çıxarılan pulların hara getdiyini məhkəmədə deyib. O pullardan hər ay 10 min manat Hüseynqulu Bağırova verilib. Ona görə də heç bir problem yaranmırdı. Amma yeni nazir təyin olunanda hər şey dəyişdi. Audit yoxlaması yeyinti üzə çıxardı. Həyat yoldaşım keçmiş nazirə görə həbsdə yatır”, - Səidə Həsənovanın sözləridir.

    Pandemiyadan əvvəl baş tutan məhkəmə prosesində 451 min manatın 300 mininin ödənildiyi müəyyənləşmişdi. Həmin pulu istintaqa Əkbər Həsənov ödəyib. Səidə Həsənova departament rəhbərinin həqiqəti gizlətdiyini iddia edir: “Hüseynqulu Bağırov 2018-ci ilin fevralında Əkbər Həsənovu çağırıb, 265 min manat pul istəmişdi. O da gəlib yoldaşıma demişdi ki, pulu tapıb vermək lazımdır. 12 faizlə sələm götürüb, veriblər. Bir neçə ay sonra naziri çıxarıblar, pul bunların boynunda qalıb. Əkbər Həsənovun göstərişilə saxta maaş kartlarının sayı artırılıb, çıxarılan pul da ora gedib. Bu işlərin üstü açılandan sonra yoldaşımla Əkbər Həsənov Qərb Universitetinə Hüseynqulu Bağırovun qəbuluna gedib. Keçmiş nazir onları qəbul etməyib. Köməkçisinə deyiblər ki, pulu ödəməsə, məsələni ictimailəşdirəcəklər. Bundan sonra Hüseynqulu Bağırov vəkili vasitəsilə 300 min manat verib. Əkbər Həsənovun ödədiyi də həmin puldur”.

    Hüseynqulu Bağırovun hüquqi təmsilçisi Anar Rzayev deyilənləri təkzib edib. O, saxta kartlardan hər ay 10 min manat nazirə çatması, 2018-ci ilin fevralında 265 min verilməsi haqda söylənilənləri böhtan adlandırıb: “Baş mühasibin keçmiş ekologiya naziri Hüseynqulu Bağırov barəsində verdiyi bəyanatlar həqiqəti əks etdirmir. İttiham aktında təqdim olunan faktlar ətrafında spekulyasiyalar etməklə, məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil”.

    A.Rzayevin sözlərinə görə, bu cinayət işində təqsirləndirilən şəxslər H.Bağırov vəzifədən ayrıldıqdan sonrakı dövrdə - 2018-ci ilin may ayından həmin ilin dekabrına qədər törədilən əməllərə görə ittiham olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər