İCRA BAŞÇISI KƏND SAKİNİNƏ-“Mənim heç kimdən qorxum, çəkinəcəyim yoxdur”

İCRA BAŞÇISI KƏND SAKİNİNƏ-“Mənim heç kimdən qorxum, çəkinəcəyim yoxdur”
  • Sosial, Araşdırma

  • “Gedirəm Prezident Administrasiyasına, girirəm Zeynal Nağdəliyevin qəbuluna, sənədlərimə baxır, deyir: “Bu, nə özbaşınalıqdır?”

    Dəstəyi götürüb başçıya zəng vurur, deyir: “Camaatın torpağını qaytar özünə”.

    Başçı da xəttin o başından deyir “baş üstə”… Rayona qayıdıb gedirəm başçının yanına, deyir:

    “Sən kimsən ki, gedib mənə oralardan zəng etdirirsən? Mənim heç kimdən qorxum, çəkinəcəyim yoxdur, özünə əziyyət verib gedib oralardan zəng etdirmə, nə qədər ki, bu rayondayam, o torpaq mənimdir”. Bunu Meydan TV-yə Tərtər rayonunun Hacıqərvənd kənd sakini Nazdı Mehdiyeva deyir.

    Nazdı Mehdiyeva 2013-cü ildə təsərrüfatını genişləndirmək üçün Tərtər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovla icarə müqaviləsi bağlayaraq “boz irəmə” adlanan ərazidən 265 hektar əkinə yararsız torpağı 25 illik icarəyə götürüb. Həmin sahədə heyvandarlıq təsərrüfatı qurub və 20 ailəni bu təsərrüfata cəlb edib.

    Ancaq deməsinə görə, insanlar bu təsərrüfatdan cəmi üç il dolana biliblər. Belə ki, Ceyhun Səfərovdan sonra icra hakimiyyətinə başçı təyin olunan (2014-cü il) Müstəqim Məmmədov 2016-cı ildə heyvandarlıq təsərrüfatına əl qoyub.

    “4 ildir ki, 20 ailə ac qalıb”

    Nazdı Mehdiyeva danışır: “İcarəyə götürdüyüm torpağın vergisini vaxtında ödəyirdim, bütün qanun-qaydalar çərçivəsində hərəkət edirdim.

    O təsərrüfatdan dolanan ailələr şəhid, müharibə əlili, müharibə veteranı ailələri idi. Mənim özümün iki qardaşım və digər yaxın qohumlarım şəhid olub. 20 ailə o torpaqda öz işlərini qurub, çörəyini qazanırdı. Başçı hamımızı o torpaqdan uzaqlaşdırdı. 4 ildir ki, mən də daxil olmaqla o 20 ailə ac qalıb. Torpağa yaxın gedən kimi başçı polisləri ora töküb bizi döydürür”.

    Nazdı xanım deyir, başçı ərazini ayrı-ayrı adamlara qanunsuz icarəyə verib:

    “Biz orada min əziyyətlə heyvan yataqları, çobanlar üçün daldalanacaq otaqlar düzəltmişdik. 4 ildir ki, başçı bizim əizyyətlə qurub-yaratdıqlarımızı halal malı kimi icarəyə verir, pul qazanır. Əkinə yararsız yeri “Patron” şirkətinə illiyi 10 min manata icarəyə vermişdi. O şirkət də əkdi, heç nə bitmədi, növbəti il daha icarə müqaviləsi bağlamadı. Çox gec anladılar ki, o torpaq sahələri yalnız heyvandarlığa yarayır, əkinə yararsızdır”.

    “Adam nə Prezidenti, nə də vitse-prezidenti sayır”


    Nazdı Mehdiyevanın icarə müqaviləsinin bitməsinə 18 il qalıb. Aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, torpağı hələ də özünə qaytarılmayıb və təsərrüfatını bərpa edə bilməyib:

    “Bu adam nəinki PrezidentAdministrasiyasını, heç Prezidenti, Birinci vitse-prezidenti də saymır. Birinci vitse-prezident Mehriban Əliyevanın qəbulunda olmuşam, özü qəbul etməyib, müavini qəbul edib, dinləyib, deyib, təsərrüfatınız özünüzə qaytarılacaq. Prezidentə dəfələrlə yazmışam.

    Prezidentin ərazi-təşkilatı məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyevin qəbulunda olmuşam. Kişi sənədlərimə baxdı, dəstəyi götürüb başçıya zəng vurdu, dedi, adamların təsərrüfatını özünə qaytar, o da o tərəfdən “baş üstə”, dedi. Ancaq rayona qayıdandan sonra qəzəbini mənim üstümə tökdü, dedi, nə var məndən Bakıya şikayətə gedirsən? Onsuz da xeyri yoxdur, nə qədər ki, mən bu rayondayam, o torpağa yaxın gedə bilməyəcəksən. Hara getsən də, buranın xanı mənəm. İnanın ki, hansı qapılara gedirəm, haralardan bu adama zəng vururlar, bu adam heç kimi saymır”.

    “Cənab Prezident, maskalıları biz tərəfə göndərin”

    Nazdı xanım sonda üzünü ölkənin başçısına tutur. O, İlham Əliyevdən həm də başçının fəaliyyətinin araşdırılmasını istəyir:

    “Cənab Prezident, Tərtər cəbhə bölgəsidir. 30 ildir ki, erməni işğaılıçarı bu rayonu zəbt edə bilmir. Ancaq gördüyünüz ki, Müstəqim Məmmədov rayonu təkbaşına zəbt edib. Tərtərdə YAP binasının milyonlarla dəyəri olan əmlakını özəlləşdirib, özünə şəxsi villa edib.

    Şəhərdə ticarət obyektləri, aptekləri, bahalı şəxsi maşınları, Göygöldə və başqa rayonlarda dəyəri mlyonlara gəlməyən mülkləri, elə mənim icarəmdə olan torpağın üst hissəsində qaynanasının 250 hektar sahəsi var. Adam o nə qədər acgöz olmalıdır ki, şəhidin, müharibə əlilinin ailəsinin heyvandarlıq təsərrüfatına da əl qoya… Biz tək erməninin basqısı altında deyilik, biizm ermənidən daha qorxulu yerimiz var – icra başçımız… Sizdən tək istəyimiz odur ki, o qara maskalı DTX əməliyyatçılarını biz tərəfə də göndərin.

    Başçının otağında kamera quraşdırsınlar, sonra oturun, o kamera görüntülərinə baxın, görün bizim rayonun başçısı vətəndaşla necə davranır – küçə söyüşləriylə qarşısındakı vətəndaşı necə aşağılayır. Deyəndə ki, mən şəhid ailəsiyəm, deyir, qardaşların mənə görə ölməyib ki…

    Sizə ümidimizi bağlayıb müraciət etdik. Hər zaman özünüz çıxışlarınızda deyirsiz ki, vətəndaşlar mənə müraciət etsin, buyurun. Biz 20 ailə ümid edirik ki, tezliklə başçı ilə bağlı lazımi tədbirlər görüləcək, 20 ailə heyvandarlıq təsərrüfatına – çörəyinə, ruzusuna, işinə dönəcək”.

    Analoq.az

    İCRA BAŞÇISI KƏND SAKİNİNƏ-“Mənim heç kimdən qorxum, çəkinəcəyim yoxdur”
    İCRA BAŞÇISI KƏND SAKİNİNƏ-“Mənim heç kimdən qorxum, çəkinəcəyim yoxdur”
    İCRA BAŞÇISI KƏND SAKİNİNƏ-“Mənim heç kimdən qorxum, çəkinəcəyim yoxdur”
    PAYLAŞ:

    Oxşar xəbərlər