"Ölkəmizdə çox vacib bir kitab gün üzü görüb" – Qənirə Paşayeva

  • Sosial

  • Bu ilin iyun ayında ölkəmizdə çox vacib bir kitab gün üzü görüb.

    Söhbət “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən gedir. Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin daha yaxşı təşkili istiqamətində mühüm addım sayılan nəşr Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən araya-ərsəyə gətirilib. Bu iş gərgin zəhmət tələb edən, məsuliyyətli, şərəfli bir işdir və mən lüğətin hazırlanmasında, nəşrində əməyi keçən hər kəsə könül dolusu təşəkkürümü yetirirəm.

    Hər bir dilin söz ehtiyatının (lüğət tərkibinin) zənginliyi və saflığı ilə yanaşı, orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmanı özündə ehtiva edən uyğun vəsaitlərin (başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin) mövcudluğu, onun inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlardandır.
    Mənə görə, bu lüğət bizlərin işgüzar Azərbaycan dilindən istifadə edən hər kəsin masaüstü kitabları sırasında yerini almağı haqq edir. Doğrudur, bununçün nəşrin tirajı önəm ərz edir; lakin “e-kitabxana”lara, Tərcümə Mərkəzinin özünün elektron orqanına pdf formatında yüklənməsi ilə (yaxud sifarişlərin qəbulu, satışının təşkili və s. üsul və vasitələrlə) bu məsələni (kütləviliyin təmini problemini) çözmək olar.

    Redaksiya heyətinə AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, professorlar – Vilayət Quliyev, Qulu Məhərrəmli, Rüstəm Kamal, Cahangir Məmmədli, Cəlil Nağıyev, dosent İsmayıl Məmmədov kimi görkəmli filoloq-alimlərin daxil olduğu lüğətin tərtibçisi və “ön söz” müəllifi Dövlət Tərcümə Mərkəzinin rəhbəri, Xalq yazıçısı Afaq Məsuddur.
    “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin öncəki orfoqrafiya lüğətlərindən başlıca fərqi nədədir?

    1) Yazılış qaydası öncəki lüğətlərdə qüsurlu yaxud iki (bəzən üç) variantda verilmiş minlərlə (!) söz və termin vahid düzgün yazılış qaydasında verilib;

    2) Minlərlə (ümumilikdə 54 minə yaxın!) söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən təmizlənib;

    3) Öncəki orfoqrafiya lüğətlərində yer almamış 8000-dən (!) çox saf Azərbaycan sözünü, eləcə də, elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri əhatə edib.
    Lüğət, əlbəttə, elmi prinsiplər əsasında hazırlanıb – hər nə qədər daha öncələr də, eyni adlı, eyni məzmunlu nəşrlər olsa da, bu nəşr, dövrün (dilin özünün), inkişaf və tərəqqinin, deyərdim, hu-manitar təfəkkürün (elmin) çağırışlarına diqqət edilərək, hazırlanıb. Bu yerdə, ədalət adına deməliyəm ki, dilimizin inkişafında (elə bu lüğətin hazırlanmasında əmək sərf edən alimlərin özünün yetişməsində) danılmaz rolu olmuş dilçilərimizin zəhmətini unutmuruq; bütün qüsurları ilə yanaşı, indiyədək istifadədə olmuş lüğətlər də, hazırkı mükəmməl nəşrin meydana çıxmasında rol oynayıb.Necə deyərlər, yanlışı-doğrusu ilə (imtina edilmiş metodologiya, imtina edilmiş sözlər daxil) hər araşdırma (kitab), özündən sonrakı araşdırma (kitab) üçün faydalıdır. Biz bu sözləri deyərkən, elə məhz klassik dilçilərimizin ruhunu şad etmək üçün də, gələcək nəsilləri bugünkü yanlışlıqlardan xilas etmək üçün də, yeni lüğətin hazırlanması təşəbbüsündən tutmuş, işin hazır olmasınadək görülmüş işlərin yüksək qiymətə layiq olduğunu ifadə etməliyik. Nə gizlədim, kim(lər)in məsuliyyətsizliyindən yaxud naşılığından irəli gəlib, deyə bilməsəm də, öncəki ilə yeni lüğəti müqayisə etdikdə açıq ara fərqi görməmək mümkün deyil. – Öncəki lüğət müəyyənlik, vahid norma yaratmaq imkanından yoxsulkən, qeyri-müəyyənliklərə, variantlılıqlara da rəvac vermiş olub. Deyək ki, məsələn, folklorda variantlılıq məqbul sayılsa da, həm şifahi, həm də yazılı abidələrimizin dilinin bugünkü səviyyəsi özündə məhz müəyyənlik, normativlik, elmi prinsiplərin tələblərinə cavab imkanları daşımalıdır. Daha doğrusu, dil o imkanları daşıyır, dilimiz istənilən fikir dərinliyini, istənilən məna üfüqünü ifadə etməyə qadirdir; yetər ki dilin özü haqqında yazılmış kitablar, lüğətlər də dilin özü səviyyəsində mükəmməl olsun. Bax, bu mənada, yeni orfoqrafiya lüğətimizi elmimiz, mədəniyyətimiz üçün mühüm hadisə hesab etməkdə haqlıyıq.

    Vurğuladığımız kimi, lüğətin hasırlanması zamanı elmi yanaşmalar, prinsiplər əsas götürülüb. Lüğət, özündə çağdaş və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimini ehtiva edərək tərtib olunub. Tərtib zamanı Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları” əsas alınıb.

    Professor Vəli Xuluflunun 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” ilə başlayan peşəkar orfoqrafiya lüğətçiliyi tariximiz, dilimizin söz ehtiyatı və düzgün yazılış qaydalarının müəyyən edilməsi ilə bağlı enişli-yoxuşlu yol keçib. Proses milli irsimizə, mədəniyyətimizə, dilimizə, lüğətimizə (o cümlədən milli mövqeli ailimlərimizə) Stalin repressiyası dönəmində, sonrakı hakim ideologiya illərində və müstəqilliyin ilk təbəddülatlı illərindəki gərginliklərlə müşaiyət olunub. Professor Xuluflu özü repressiya qurbanı olub.

    Dilimizin saflığının qorunması və inkişafına hər zaman böyük önəm vermiş Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil Azərbaycanın dövlət dili siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Uyğun sahənin yüksək tənzimləyici orqanı olan Dövlət Dil Komissiyasına cənab Prezidentin özünün başçılıq etməsi, eləcə də, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi işinə məsul qurumun – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması, dövlət başçısının dilin qorunması, inkişafı ilə bağlı tarixi çıxış və çağırışları, uğurun və inkişafın rəhnidir. Və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin qüsurlardan arındırılmasının da, Dövlət Tərcümə Mərkəzi tərəfindən həyata keçirilməsi məntiqlidir.

    Əlbəttə, mən bir millət vəkili olaraq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda müvafiq dəyişiklik və əlavələrin edilməsinə dair məsələlərin gündəmdə olduğunu da deməliyəm. Dil, dövlət dil siyasəti, demək olar, hər kəsi əhatə edən, hər kəsin istifadə etdiyi, istinad etdiyi, faydalandığı strateji sahədir. Ölkə həyatının hərtərəfli islahatlarla təmin edildiyi, irəli aparıldığı günümüzdə, dilə münasibətin, dil siyasətinin də köklü şəkildə yenidən qurulması, öyrədilməsi, öyrənilməsi, dövlət dilimizin ölkə hüdudlarından qıraqda da təbliğ edilməsi vacibdir. Təsadüfi deyil ki bu məsələlərə tərtibçinin “ön söz”ündə də vurğu edilir.

    Yəqin o da təsadüfi deyil ki bugünlərdə fəal ictimaiyyətçilərin, ziyalıların dövlət dilinin paytaxt küçələrində, ictimai iaşə obyektlərində (özəlliklə, turistlərin gur olduğu mərkəzi yerlərdə) dövlət dilindən istifadənin ən adi qaydalarının kobud şəkildə pozulması ilə bağlı ölkə başçısına müraciəti yayıldı. Müraciətin surəti Milli Məclisin Mədəniyyət komitəsinə də ünvanlanmışdı; fürsətdən istifadə edib, ziyalıların haqlı mövqeyini qəbul etdiyimi, narahatçılıqlarını bölüşdüyümü bildirmək istərdim.
    Bir daha, belə bir məsuliyyətli və şərəfli iş üçün əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni uğurlar diləyirəm.

    Qənirə Paşayeva
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor
    PAYLAŞ:

    Oxşar xəbərlər