Kamran Əsədov Məleykə Abbaszadəyə müraciət etdi

Kamran Əsədov Məleykə Abbaszadəyə müraciət etdi
  • İqtisadiyyat

  • "Dövlət İmtahan Mərkəzi ölkədə qəbul imtahanları keçirmək səlahiyyətlərinə malik yeganə qurumdur. Onların işinin öhdəsindən layiqincə gəldiyini, imtahanların obyektiv, şəffaf keçirilməsinə şübhə etmək mümkün deyil. İmtahanların təşkili zamanı müəyyən texniki xəta və qüsurlar da olur. Amma bu ümumi işə təsir göstərmir”.

    Asiya.az
    xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov özünün facebook hesabında yazıb.

    "Bu il çox çətin il oldu. Xüsusi ilə abituriyentlər üçün. Onlar düz bir ildir ki, dayanmadan, fasiləsiz oxuyurlar.

    Amma DİM imtahanları bu il hər şey normal imiş kimi keçirir. Düzdür, onlar fəaliyyətlərini qanunvericilik aktlarına uyğun olaraq təşkil edirlər, lakin qanun həmişə düz olmaq demək deyil. Bəzən yazılmamış qanunlar da işləməlidir. Humanistlik nümayiş etdirmək lazımdır. Bəli, DİM həmişə belə davranıb. Keçən il ixtisas seçimi edib, amma ərizəsini təsdiq etməyən yüzlərlə şagirdə bu imkan təkrar yaradıldı və s.

    Heç kimə sirr deyil ki, abituriyentlərin böyük əksəriyyəti elektron ərizə qəbulunu, ixtisas seçimini özü etmir. Ona görə özü etmir ki, səhv etməkdən qorxur. Birdən nəyisə səhv edərəm,qəbul olmaq şansını əldən verərəm.

    Bu il yüzlərlə şagird də belə bir problem ilə qarşılaşıb. Hər biri elektron ərizəsini doldurub, yadda saxla düyməsini sıxıb və düşünüb ki, proses bitdi.

    Bir də imtahana buraxılış vərəqəsi çap olunanda baxıb ki, bəs sən demə, ərizə təstiq olmayıb.

    Bu müxtəlif səbəblərdən ola bilər. Ya internet kəsilib, ya DİM-in saytında problem ola bilər.

    Amma DİM onların ərizəsini təsdiq etmir ki, vaxt bitib. Başa düşürəm, onlar artıq yerləri müəyyən ediblər və digər təşkilati işlər görülüb. Ancaq imtahanlar ki, olmayıb. Bu uşaqların arzularını, ümidlərini bir düymə sıxılmayıb deyə, puç etmək olmaz.

    Pandemiya dövrüdür. Əgər olmasa idi, onlar bu səhvi etməzdi. Ən azı müəllimləri onlara kömək edərdi.

    Bundan başqa koronavirusa yoluxanların imtahana buraxılmaması doğru deyil. Ən azı onlara sentyabrın əvvəlində imtahan keçirmək olar. Onsuzda proses uzanır.

    Hörmətli Məleykə xanım, buradan sizə müraciət edirəm ki, gələcəyimiz olan gənclərlə dəstək verin. Bu oğlanlar, qızlar gələcəyimizdir, mütəxəssislərimizdir. Onlara dəstək verin ki, dövlət qurumlarının onların arxasında olduğunu hiss etsinlər.

    İnanıram ki, həmişə humanistlik nümunəsi olan, həmişə abituriyentlərin xeyrinə qərar qəbul edən DİM bu dəfə də ənənəsinə sadiq qalacaq.

    O gənclərin, 16-17 yaşlı balaların yeganə ümid yeri sizin bir qələmizin ucundan asılıdır.

    Onlara sevinc bəxş edin. Bundan böyük savab olmaz”.
    PAYLAŞ:

    Oxşar xəbərlər