“Livan ermənilərinin Qarabağda yerləşdirilməsi yolverilməzdir” - Məşhur Məmmədov

“Livan ermənilərinin Qarabağda yerləşdirilməsi yolverilməzdir” - Məşhur Məmmədov
  • Siyasət / Manşet

  • "Yaxın keçmişdə, 12-16 iyul tarixlərində Ermənistan dövlət sərhədimizin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatını həyata keçirərək, Azərbaycan mövqelərinə əvvəlcədən planlaşdırılmış təxribat xarakterli hücum cəhdi etdi. Ermənistanın gücdən istifadə etməklə yeni təcavüz aktının, xəyanətinin, təxribatının qarşısı şükürlər olsun ki, Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı".

    Asiya.az
    xəbər verir ki, bu fikirləri Azadmedia.az saytına məlum hadisələr zamanı cəbhə bölgəsinə səfər edən, yerli əhali ilə görüşən deputat heyətinin tərkibində iştirak etmiş Milli Məclisin deputatı Məşhur Məmmədov ermənilərin növbəti mənfur əməllərini şərh edərkən bildirib. “Sərhədyanı kəndlərdə əhalinin məğrurcasına ordumuza dəstək olması, dinc əhalinin qətlindən və evlərin dağıdılmasından panikaya düşməməsi, dövlətinə dəstək olmaları erməniləri demək olar ki, miskin və çarəsiz duruma saldı, bir müddət susqunluq göstərdilər. Lakin erməni xisləti yenə özünü çox gözlətmədi.

    Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə etmək istəyən Ermənistan Livandan olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində məskunlaşdırılması planını bəyan etdi. Bu yolla işğalçı Ermənistan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında həyata keçirdiyi etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi niyyətini gizlətmədi.

    Ermənistanın hərbi siyasi rəhbərliyi Tovuz təxribatında iflasa uğradıqdan sonra bu hərbi xəyanətinin uğursuzluğunu kompensasiya etmək üçün daha bir təxribata əl atdı. Avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat cəhdinin qarşısı alındı, güc orqanlarımızın operativliyi sayəsində qrupun rəhbəri zərərsizləşdirildi.

    Hər cəhdində uğursuzluğa düçar olan işğalçı dövlət son olaraq növbəti təxribata əl atdı. Ermənistan Baş naziri N.Paşinyanın 29 avqust tarixində ölkəmizin işğal olunmuş Xankəndi şəhərinə səfər edərək, orada yaratdığı oyuncaq rejimin “nümayəndələri” ilə görüşü, Azərbaycanın hazırda hərbi işğal altında saxlanılan ərazilərindəki erməni hərbi birləşmələrinə baş çəkməsi Ermənistanın işğalçı ölkə olduğunun və işğalçı siyasət yürütdüyünün növbəti bariz nümayişi oldu.
    Bölgədə dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılması və bu torpaqlardan didərgin salınmış əhalinin hüquqlarının bərpa olunması zəruridir. Ermənistan, nəhayət siyasi iradə nümayiş etdirməli və bu istiqamətdə konkret addımlar atmalıdır. Çünki cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz.
    PAYLAŞ:

    Oxşar xəbərlər