"Yunanıstan, Kipr və Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanı narahat etməyə bilməz" - Sevinc Fətəliyeva

"Yunanıstan, Kipr və Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanı narahat etməyə bilməz" - Sevinc Fətəliyeva
  • Siyasət

  • "Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edərkən çox vacib məqamlara toxundu. Dövlət başçısı iki ölkə arasında münasibətlərin inkişafına əngəl olan məsələləri aydın şəkildə ifadə etdi".

    Asiya.az
    xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. Sevinc Fətəliyeva bildirib ki, 2015-2019-ci illərdə Yunanıstan hökumətinə solçu SYRİZA koalisiyası rəhbərlik edirdi. Bu dövr ərzində Yunanıstanın xarici qonşuları ilə uzun illər boyu mübahisəli məsələləri tədricən həll olunmağa doğru getmişdi:

    “Belə ki, nəhayət Keçmiş Yuqaslav Respublikası Makedoniya adının dəyişdirilməsi məsələsində iki ölkə arasında razılıq əldə edilmiş və ölkənin adı Şimali Makedoniya olmuşdur. Bununla yanaşı, 2017-ci ilin sonlarında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana tarixi səfər etmişdir. Bu Türkiyənin Yunanıstana 1952-ci ildən sonra ilk dəfə olaraq dövlət başçısının səfəri idi və hər iki dövlətin bir birinə qarşı çox sayda iradları olmasına baxmayaraq, münasibətlərin müsbət inkişafına dair müəyyən işarə idi. Eyni zamanda, təxminən 10 il ərzində Yunanıstan ağır maliyyə böhranı keçirmiş, Avropa İttifaqı tərəfindən ölkədə maliyyə dövriyyəsinə sərt nəzarət tədbirləri tətbiq olunmuş, ölkənin iqtisadiyyatı kəskin zəifləmişdir”.

    Millət vəkilinin sözlərinə görə, Yunanıstan hökumətinin müraciəti əsasında ARDNŞ bu ölkənin dövlət qaz operatoru DESFA-nın özəlləşdirilməsi tenderində qalib olmuş və 2013-cü ilin sonunda müvafiq razılaşma imzalanmışdır. Lakin 2015-ci ildə hakimiyyətə gəlmiş SYRİZA koalisiyasının siyasəti nəticəsində 2018-ci ildə bu razılaşmaya son qoyulmuşdur. Avans şəklində ödənilmiş maliyyə vəsaitindən Yunanıstan hökuməti 4 il ərzində yararlanmışdır:

    “Azərbaycan-Yunanıstan arasında iqtisadi münasibətlər son illər TAP layihəsi çərçivəsində inkişaf etməkdədir. Layihənin 97%-i artıq tamamlanmış, boru kəmərinin çəkilməsi ərzində Yunanıstanın şirkətləri, icmaları və fərdləri bu layihədən yararlanmışlar. Təkcə sosial və ətraf mühit üçün 32 milyon ABŞ dolları məbləğində TAP tərəfindən könüllü sərmayə qoyulmuşdur”.

    S.Fətəliyeva həmçinin qeyd edib ki, Yunanıstan, Kipr və Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanı narahat etməyə bilməz:

    “Bir təfərdən bu ittifaq qardaş Türkiyəyə qarşı yönəlmişdir. Digər tərəfdən, Ermənistan tərəfi özünün işğalçılıq siyasətini müdafiə etmək məqsədilə Yunanıstanın və Kiprin simasında yeni müttəfiqlər əldə etməyə çalışır. Lakin bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanla Yunanıstan arasında 20dən çox imzalanmış saziş və müqavilələr var, 2004-2014-cü illər ərzində iki dövlət arasında intensiv qarşılıqlı səfərlər baş tutmuşdur. Yunanıstan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir ki, münasibətlərin bu şəkildə inkişafı mümkün olmuşdur. Yunanıstan müstəqil bir dövlət kimi, belə hərbi ittifaqın regionda sülhə və təhlükəsizliyə ciddi bir təhdid olduğunu, eyni zamanda Ermənistanın tarixən ölkələr arasında nifaq salmaq kimi xüsusiyyətini hər halda bilir. Əlbəttə ki, Azərbaycan və Yunanıstan arasında münasibətlərin inkişafı üçün böyük potensial var. Lakin, ölkəmizin ərazi bütövlüyünə və təhlükəsizliyinə yönəlmiş hər bir təhdidin qarşısı kəskin şəkildə alınmalıdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər