"Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır" - Sevinc Fətəliyeva

"Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır" - Sevinc Fətəliyeva
  • Siyasət

  • Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər istiqamətlərdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir!.

    Asiya.az
    xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva söyləyib.

    Sevinc Fətəliyeva
    bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlıq mühüm yer tutur. Hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək Azərbaycanda hər iki ölkənin quru qoşunlarının və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Ümumilikdə, Türkiyə Azərbaycanda hərbi kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.

    Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirilən fikirlər ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Prezident İlham Əliyev hər iki tərəfə fayda gətirən əlaqələrin bu gün müxtəlif istiqamətləri əhatə etdiyini, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığın getdikcə dərinləşdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var.

    S.Fətəliyevanın fikrincə, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini bir sıra məqamlar şərtləndirir. Birincisi, NATO ilə əməkdaşlıq sənədləridir. Bu müstəvidə NATO-nun aparıcı ölkələrindən biri olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr, üçüncüsü isə Türkiyənin milli regional maraqları, həmçinin qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır.

    Ölkələrimiz arasında hərbi əməkdaşlıq baxımından perspektiv planların da mövcud olduğunu söyləyən deputat deyib: “Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Eyni zamanda, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. Belə ki, iki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Eləcə də Azərbaycan Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqdan narahatdır. Ermənistan Azərbaycan ərazilərini işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını yurdundan didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Eyni zamanda, dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır. Terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupunun məqsədi hərbçilərimizə və mülki şəxslərə hücum etmək olub. Bütövlükdə isə, Ermənistan Azərbaycana qarşı düşmən mövqedədir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Ermənistanın təxribatından dərhal sonra Azərbaycan Rusiyadan işğalçı ölkəyə intensiv silah təchizatına da reaksiya göstərib”.

    Beynəlxalq ictimaiyyətin növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdiyini deyən deputat bildirib: “Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən dövlətimizin başçısı tərəfindən səsləndirilmiş “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” sözləri, sadəcə, siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu fikirlər etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus keyfiyyətdir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər