Masallıda təhsil problemi - "Prezidentə yazdıq ki, axı bizim uşaqlara tualetdən də vacib sinif otağı lazımdır.." - VİDEO/FOTO

Masallıda təhsil problemi - "Prezidentə yazdıq ki, axı bizim uşaqlara tualetdən də vacib sinif otağı lazımdır.." - VİDEO/FOTO
  • Sosial / Araşdırma / Asiya TV

  • “Sizə fotolarını, videolarını göndərdiyimiz məktəb bizim kənd məktəbimizdir. İllərdir ki, bizi aldadırlar, kənddə yeni məktəb tikiləcəyini deyirlər, ancaq uşaqlarımız yeni tədris ilində yenə də dam örtüyü, döşəməsi çökmüş, xarabazarlıqdan seçilməyən o köhnə tikiliyə gedir. Bu il də aldandıq. Baxın, məktəbin açılmasına bir neçə gün qalır, uşaqlarımız yenə də bir neçə gündən sonra üstümüzə bit-birə içində gələcək”.

    Bu sözlər Masallı rayonu Qəzvinoba kəndinin bir qrup sakini tərəfindən Asiya.az-a daxil olan şikayətdə deyilir.

    Kənd sakinləri bildirirlər ki, hər dəfə yeni tədris ili yaxınlaşanda həm müəllimlərin, həm şagirdlərin, həm də valideynlərin üzərinə sanki ağır yük qoyulur. Uşaqlar 9 ay qəzalı, soyuq, zirzəmisindən canlarına bit-birə darışan tikilidə əsl cəhənnəm əzabı yaşayır.

    Qəzvinobadakı birmərtəbəli kənd məktəbi 1954-cü ildə tikilərək istifadəyə verilib. Sakinlərin deməsinə görə, indiyədək məktəb bircə dəfə də əsaslı təmir olunmayıb:

    “Sovet vaxtı heç olmasa aradabir divarları, döşəmələri rənglənərdi, şüşələri yenilənərdi. 30 ildən çoxdur ki, hökumət məktəbə əl yetirmir. Ona görə də bina dağılır. Məktəbin dam örtüyü o vaxt çiy kərpicdən hörülüb. İllərdir ki, həmin kərpicləri yağış yuyub, kərpiclər aralanıb, içəridən tavana baxanda, çöl görünür. Yağışlar başlayanda sinif otaqları su ilə dolur deyə, uşaqları evə göndərirlər. Yağış kəsəndən sonra sinif otaqlarının və dəhlizlərin suyunu çəkirlər, ondan sonra uşaqlar yenə həmin binaya dərs öyrənməyə gedir”.


    Sakinlərin sözlərinə görə, məktəbin zirzəmisi ya su ilə dolu olur, ya da it, pişik, çaqqal, tülkü həmin zirzəmiyə girib, orada balalayır. Zirzəmi əsl xəstəlik mənbəyinə çevrilib: “Zirzəmi bit-birəylə doludur, həmin bit-birələr uşaqların geyiminə, çantasına darışır. Biz ilboyu uşaqların bit-birəsini təmizləməkdən yorulmuşuq. Aidiyyəti qurumlar məktəbə əncam çəkməsə, uşaqlarımız infeksiyaya, xəstəliyə yoluxacaq”.

    Sakinlər məktəb binasında istilik sisteminin olmamasından da şikayətçidir. Onların deməsinə görə, uşaqlar məktəbə istilər düşənədək çantalarında kitab əvəzinə odun daşıyırlar.

    “Elə bütün bu sadalananlara görədir ki, məktəbdə 145 şagirdin adı qeydiyyatda olsa da, davamiyyət həmişə aşağı olur. Valideynlər uşaqlarını qurd-quşdan, xəstəlikdən, bit-birədən qorumaq üçün məktəbə göndərmir”, - kənd sakinlərindən biri deyib.

    Sakinlər dəfələrlə Prezidentə, Birinci vitse-prezidentə, Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə müraciət ediblər. Bu yaxınlarda yenə 300 valideynin imzasıyla Prezidentə növbəti dəfə müraciət olunub. Deyirlər ki, bütün müraciətləri cavabsız qalır. Sakinlər danışır: “Yalnız bir dəfə səsimizə səs verildi, onda da gəlib, məktəbin tualetini söküb, yerində tualet tikib, getdilər. Dedilər, bizə yalnız tualeti düzəltmək tapşırılmışdı. Biz də təzədən Prezidentə yazdıq ki, axı bizim uşaqlara tualetdən də vacib sinif otağı lazımdır ki, dərs oxusun. Əgər o yerdə normal sinif otağı yoxdursa, valideyn də uşağı məktəbə göndərməyəcəksə, o tualet kimə lazımdır?”

    Qeyd edək ki, video görüntülər bir il öncə çəkilib:

    Masallıda təhsil problemi - "Prezidentə yazdıq ki, axı bizim uşaqlara tualetdən də vacib sinif otağı lazımdır.." - VİDEO/FOTO
    Masallıda təhsil problemi - "Prezidentə yazdıq ki, axı bizim uşaqlara tualetdən də vacib sinif otağı lazımdır.." - VİDEO/FOTO
    Masallıda təhsil problemi - "Prezidentə yazdıq ki, axı bizim uşaqlara tualetdən də vacib sinif otağı lazımdır.." - VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər