Moskvadan Bakıya gəlmək istəyənlərə vacib xəbər

Moskvadan Bakıya gəlmək istəyənlərə vacib xəbər
  • İqtisadiyyat / Asiya TV

  • Bu gündən "Azərbaycan Hava Yolları" QSC (AZAL) həmvətənlərimizin ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır.

    Asiya.az
    bu barədə AZAL-a istinadən xəbər verir.

    Məlumata görə, pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olmasını və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcək.

    Moskva-Bakı reysinə növbəyə yazılmaq üçün WhatsApp mesenceri vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə geri əlaqə forması vasitəsilə müraciət etməlisiniz:

    • //help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120

    • WhatsApp: +7 916 901 23 80

    Sərnişinlər müraciət etdikləri zaman xarici pasportlarının skan edilmiş surətlərini və əlaqə nömrələrini göndərməlidirlər.

    Aviaşirkət onlayn forma və WhatsApp vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzinin əməkdaşları tərəfindən müraciətlərin gec cavablandırılmasına səbəb olacaqdır.

    Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki, qeyd olunan istiqamət üzrə aviabiletlərlə bağlı aviaşirkətin çağrı mərkəzinə zənglər vasitəsilə edilən müraciətlər qəbul olunmur.

    Moskvaya reyslərin həyata keçirilməsi cədvəlini hazırda Rusiya ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah müəyyən edir. Aviaşirkətin çağrı mərkəzinə müraciət edən sərnişinlərə aviabilet dəyərinin ödənilməsi üçün müvafiq keçidlər və reys haqqında daha ətraflı məlumat növbəlik qaydasında göndəriləcək.

    Rusiyada koronavirus testindən keçmək üçün ölkənin Səhiyyə Nazirliyinin tövsiyə etdiyi aşağıdakı tibb müəssisələrinə müraciət etmək lazımdır.

    - Səhiyyə Nazirliyinin “Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ;

    - Səhiyyə Nazirliyinin “Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi” FDBİ;

    - Rusiya Elmlər Akademiyasının “İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ;

    - Rusiya Elmlər Akademiyasının “Mərkəzi vərəm elmi-tədqiqat institutu” FDBEİ;

    - “Təbabət” (“Medisina”) SC;

    - “İNVİTRO müstəqil laboratoriyası” MMC;

    - Kliniki farmakologiya və farmasiya milli agentliyi” MMC;

    - “Laborator-diaqnostika mərkəzi” MMC;

    - “Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi” MMC.

    Testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

    Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

    Uçuş zamanı pandemiya dövründə xüsusi daşıma qaydaları tətbiq ediləcək. Həmin qaydalarla bağlı video ilə burada tanış ola bilərsiniz:

    PAYLAŞ:

    Oxşar xəbərlər