"Sentyabrın 15-də Qafqaz-İslam ordusu Bakı şəhərini düşmən qüvvələrindən azad etdi" - Anar İsgəndərov

"Sentyabrın 15-də Qafqaz-İslam ordusu Bakı şəhərini düşmən qüvvələrindən azad etdi" - Anar İsgəndərov
  • Siyasət

  • Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini özgə torpaqda, özgə paytaxtda elan etdi. Fətəli xan Xoyski başda olmaqla hökumət təşkil olundu. Hökumət 20 gündən sonra Gəncəyə köçdü. Milli hökumətin əsgər və zabiti, demək olar ki, yox səviyyəsində idi.

    1918-ci ilin aprelində Azərbaycan xalqının cəlladı S.Şaumyanın başçılığı altında Bakı Xalq Komissarları Soveti təşkil edildi. Bu qurumun 20 minə qədər hərbi quvvəsi var idi. Zabitlərin hamısı, əsgərlərin böyük əksəriyyəti ermənilərdən ibarət idi. Azərbaycan xalqına düşmən olan bu qurum Milli Hökuməti Gəncədə boğmaq üçün iyunun əvvəllərində Korqanovun başçılığı altında hücuma keçdi.

    Əgər Qafqaz-İslam ordusu köməyimizə gəlməsəydi, Sizcə, Cümhuriyyətimizin aqibəti necə olardı?

    O zaman Təzəpirin axundu, sonralar səkkizinci Şeyxülislamımız olan Ağa Əlizadə yazırdı: ”Allah-Təala mələkləri Osmanlı əsgərlərinin simasında bizə köməyə göndərdi.”
    İlk əvvəl Gəncəyə kiçik bir hərbi heyətlə gələn 29 yaşlı Nuru paşa yəqin etdi ki,çarizmin yeritdiyi siyasət nəticəsində azərbaycanlılardan ibarət əsgər və zabit yox dərəcəsindədir. Cunki çarizm müsəlmanları,o cümlədən azərbaycanlıları hərbi xidmətə aparmırdı. Ona görə də Nuru paşa hərbiyyə naziri,qardaşı Ənvər paşaya yazırdı: ”Abi, osmanlının şərəf və ləyaqətini qorumaq üçün mənə ordu göndər. Burda mənə lazım olan ordu yoxdur.”

    Osmanlının Romaniya cəbhəsindən bir xatirə: 5-ci ordu Romaniyada görəvini başa çatdırıb. Komutan üzünü əsgərlərə tutaraq deyir: “Əsgər,müharibə bitdi. İndi rahat şəkildə məmləkətinizə dönə bilərsiniz. Neçə vaxtdır ki, nə evinizdən, nə də yaxınlarınızdan xəbəriniz var. Evinizə dönmək Sizin haqqınızdır. Amma Xəzərin sahilində dili bizim dildən, dini bizim dinimizdən olan müsəlmanları erməni gavürlar öldürürlər, əmlaklarını yağmalayır, cocuqlara və qocalara olmazın işgəncələr verirlər. Onlar köməksizdirlər. Mən arxamı Sizə çevirirəm.Haqqınız evlərinizə dönməkdir, amma Allah rizasına Xəzərin sahilinə köməyə gedəniz də ola bilər. ”Komutan əsgərlərə dönən də nəyin şahidi olur? Bütün əsgərlər bir nəfər kimi Xəzərin sahilinə öz din qardaşlarını xilas etmək üçün düzülüblər.
    70 illik sovet tarixi bu həqiqətləri bizdən gizli saxladı. İnanmıram, bu gün kimsə bu fakta şübhə etsin. Şübhə edən varsa,deməli, o, bizdən deyil.

    Sentyabrın 15-də Qafqaz-İslam ordusu Bakı şəhərini düşmən qüvvələrindən azad etdi. Təzəpirin axundu Ağa Əlizadə Bakı camaatının xahişini Nuru paşaya çatdırdı. Əhali öz xilaskarı ilə görüşmək istəyir. Nuru paşa razılq verdi.
    Məlumat üçün onu da qeyd edim ki, 1918-ci ilin mart qırğını zamanı Bakı camaatının böyük əksəriyyəti canını qurtarmaq üçün Bakını tərk etmişdi. Yalnız Nuru paşa Bakını azad edəndən sonra bu insanlar evlərinə dönə bildilər.

    Bakının azad olunması Qurban bayramı günlərinə təsadüf edirdi. Nuru paşa kiçik bir heyətlə Təzəpirin həyətinə daxil oldu. Az qala bütün Bakı əhli Təzəpirin həyətinə yığışmışdı. Hamı xilaskarını yaxından görmək istəyirdi. Nuru paşa Ağa Əlizadənin müşaiyəti ilə məscidə daxil olub minbərə çıxdı. Nitqi uzun olmadı, amma təsirli idi:

    ”Gəncədən Bakıya uzanan yollarda çoxlu şəhidlərimiz oldu. Bu mücadilədə iki qardaşın qanı bir-birinə qarışdı. Bu qardaşlığa həmişə sadiq qalacağıq.”
    Təzəpirin həyətində Nuru paşanın ayaqları altında çoxlu qurbanlar kəsildi. Nuru paşanın bütün paltarı qana bulaşmışdı. Evlərində qurban ətindən yemək bişirib məscidin həyətinə gələnlər paşanı məcbur edirdilər ki, bişirdiklərindən dadsın. Paşa da əsgər kimi əhalinin xahişini yerinə yetirirdi.

    Mart soyqırımı günlərində böyük mesenant Hacı Zeynalabidin Tağıyev elan etmişdi ki, kim Bakını erməni gavurlarından azad etsə, övrətimin yaşadığı evi (indiki Azərbaycan Tarixi Muzeyi) ona ərməğan edəcəyəm. Hacı başda olmaqla minlərlə bakılı Nuru paşanı səbrsizliklə gözləyirdi. Nuru paşa Təzəpirdən qərərgahına getdi. Paltarını dəyişəndən sonra Hacının evinə yollandı.

    Hacı qonağını böyük məhəbbətlə qarşıladı. Söz verdiyi kimi evin açarını Nuru paşaya təqdim etmək istədi. Nuru paşa açarı götürmədi, amma Hacı haqqında xoş sözlər dedi.
    1918-ci il noyabrın 10-da Osmanlı ordusu Bakını tərk etməyə məcbur edildi. Mudros barışığına görə Osmanlı dövləti Antanta dövlətləri təfəfindən məğlub elan olundu. Ona görə də Qafqaz-İslam ordusu da Bakını tərk etməli idi. Bakının bütün müsəlman əhalisi bu ordunu göz yaşları ilə yola saldı. Çünki Qafqaz-İslam ordusu xilaskar ordu idi. Bir həftə sonra müttəfiqlərin adından Bakıya daxil olan general Tomson Milli Hökumətimizi tanımaqdan imtina etdi.

    Bakı öz tarixində həm Şirvanşahların, həm də Bakı xanlığının paytaxtı olub. Bakı ilk dəfə Nuru paşanın xilaskarlıq yürüşündən sonra bütün Azərbaycanın paytaxtı oldu.
    1918-ci ilin dekabrında Azərbaycan parlamenti fəaliyyətə başladı. Parlamentin ilk qərarlarından biri Azərbaycanın haqq işi uğrunda şəhid olan osmanlı əsgər və zabitlərinə Bakının ən əzəmətli yerində abidənin qoyulması ilə bağlı oldu. 1920-ci ilin sovet işğalı buna imkan vermədi. 2000-ci ildə bu abidə Şəhidlər xiyabanında ucaldıldı.

    Şəhidlər Xiyabanını ziyarət edən hər birimiz deyirik: “Allah səni rəhmət eləsin , Ənvər paşa, Allah səni rəhmət eləsin, Nuru paşa, Allah səni rəhmət eləsin, Mürsəl paşa, Allah səni rəhmər eləsin, Xəlil paşa, Allah Sizləri rəhmət eləsin, osmanlı əsgər və zabitləri! Bizim dualarımız Sizinlədir.”

    Bu gün də yağı düşmən və onun havadarları bizdən əl çəkmir. Ərazimizin bir hissəsi işğal altındadır. Bu gün də qardaş köməyinə ehtiyacımız vardır.
    Tovuz istiqamətində Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə yaradan erməni tərəfinə Azərbaycanın maraqlarını müdafiə edən qardaş dəstəyi Türkiyədən gəldi.
    Bu gün güclü Azərbaycanımız var.
    Bu gün xalqın hər cür dəstəyini alan və Azərbaycanın haqq işini dünyaya tanıtdıran güclü Dövlət Başçımız var.
    Bu gün güclü ordumuz və ən müasir silahlarımız var. İnşallah,tezliklə düşmənə
    qalib gələcəyik. Qələbə günü arzusu ilə.
    Anar İsgəndərov, Professor, Millət vəkili
    PAYLAŞ:

    Oxşar xəbərlər