Prezidentin çoxmilyonlu “Əl-Cəzirə” auditoriyasına çatdırdığı həqiqətlər

Prezidentin çoxmilyonlu “Əl-Cəzirə” auditoriyasına çatdırdığı həqiqətlər
  • Siyasət

  • Milli Məclisin deputatı, AMEA-nın professoru, siyasi elmlər doktoru Qənirə Paşayeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibəni şərh edib.

    Azərbaycan Prezidenti oktyabrın 3-də “Əl-Cəzirə” (Al Jazeera) televiziya kanalına müsahibə verib. Cənab Prezident sentyabrın 27-dən bəri “Rossiya-1”, “Əl-Ərəbiyyə” və “TRT Haber”ə də müsahibə verib və “Əl-Cəzirə” də daxil olmaqla bu kanalların hər birinin özünəməxsus tamaşaçı auditoriyası olduğu bəllidir. O da bəllidir ki, özəlliklə hazırkı həssas dövrdə həqiqətimizin böyük auditoriyarda tirajlanması bizimçün çox vacibdir.

    “Əl-Cəzirə” 1996-cı ildən yayın həyatına başlamış nüfuzlu kanaldır; ilk olaraq yalnız ərəb dünyasına bağlı güncəl xəbərlərlə yayıma başlasa da, sonra başqa tematik kanalları da tərkibinə qatan böyük bir şəbəkəyə çevrilib. Kanal ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən önəmli televiziya kanalları sırasında özünəxas mötəbər yer tutur. 2004-ci ildə “brandchannel.com” saytının oxucuları tərəfindən “Apple”, “Google”, “Ikea” və “Starbucks”dan sonra ən nüfuzlu beşinci dünya markası seçilən “Əl Cəzirə” indiyədək bir sıra beynəlxalq ödüllərə layiq görülüb.

    Cənab Prezidentin bir dünya markası halına gəlmiş “Əl Cəzirə”yə müsahibəsi, artıq vurğuladığımız kimi, zaman və mövzu baxımından, habelə anti-Azərbaycan təbliğatına cavab dəyəri daşıması ilə xüsusi önəm daşıyır.

    Prezident:

    -Ermənistanın müharibə istəyi və hazırkı vəziyyətə görə məsuliyyət daşıdığı,

    -BMT qətnamələrinin kağız üzərində qaldığı,

    -Ermənistan-Azərbaycan müharibəsinin ədalətli həlli üçün beynəlxalq praktikanın mövcudluğu,

    -Azərbaycanın öz ərazisini azad etmək haqqına sahib olduğu və hazırda məhz öz ərazisində hərəkət etdiyi,

    -Qarabağın tarixən, mədəni-mənəvi baxımdan və ən əsası, hüquqən birmənalı şəkildə Azərbaycana aid olduğu,

    -Azərbaycan Respublikasının müharibənin genişlənməsində, regional xarakter almasında qətiyyən maraqlı olmadığı,

    -Sülh danışıqlarının bərpası üçün Azərbaycanın istəklərinin tam haqlı olduğu və s.

    barədə fikirlərini bildirdi. Bu səmimi, məntiqli, haqqa-ədalətə dayalı və beynəlxalq hüquq normalarına uyğun çağırışları ehtiva edən müsahibənin haqq işimizin tirajlanmasında öz töhfəsini verəcəyi şübhəsizdir.

    Müzəffər ordumuzun öncəbhədə irəliləməsi, bu irəliləmənin ermənilərin və erməniyanlıların əsilsiz ittihamları ilə kirlənməməsi üçün bizim hər birimizin üzərinə vəzifələr düşür. Bu vəzifələrin icrasında Prezident öz fəaliyyəti ilə hər gün yeni örnəklər yaradır. Əlbəttə, işğalçı ölkənin baş naziri də hansısa xarici kanala müsahibə verir və yaxud onünçün belə müsahibə imkanları yaradılır; lakin dəfələrlə şahidi olmuşuq ki, o, bütün parametrlər üzrə Azərbaycan lideri ilə müqayisəgəlməz dərəcədə zəif qalır. – Paşinyanın keçən günlərdə “Rossiya-1”in “60 dəqiqəsi”ndə özünü ələ ala bilmədiyini, bu ilin avqustunda BBC-nin “HARD Talk” proqramında çətin duruma düşdüyünü, fevralda isə “Münxen Təhlükəsizlik Konfransı”ndakı debatda kəkələdiyini və s. yaxşı xatırlayırıq. Bu nümunələr Paşinyanın intellektual hazırlığının olmamasını, siyasi yetkinliyə çatmamasını, daha önəmlisi, məhz şəri, haqsızlığı təmsil etdiyini aydın şəkildə göstərir.

    Azərbaycan Prezidenti istənilən debata, müsahibəyə hazırdır – hər tribuna, hər efir Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi üçün bir imkandır. “Əl-Cəzirə” efiri də bu mənada istisna olmadı.

    “Əl-Cəzirə”nin çoxmilyonlu auditoriyası qarşısında çıxış edən Azərbaycan Prezidenti Ermənistan dövlətinin hiyləsini, beynəlxalq ictimaiyyəti aldatma cəhdlərini növbəti dəfə ifşa edərək, Ermənistanın işğal etdiyi torpaqları həmişəlik işğal altında saxlamaq istədiyini bildirdi. Elanolunmamış müharibənin indiyədək uzunması və buğun yeni qanlı səhifəyə keçməsini Ermənistanın əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davranmamsı, “status-kvo”nun dəyişməsini istəməməsi ilə izah etdi. – “Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədi ilə Minsk qrupu artıq 28 ildir fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir; ikinci səbəb, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır”.

    Bəlli olduğu kimi, “guya demokrat” Paşinyan hakimiyyətə gələn vaxt, beynəlxalq ictimaiyyətdə belə bir təsəvvür yaranmışdı ki o, əliqanlı diktator sələflərindən fərqli olaraq, danışıqlarda məhz beynəlxalq hüquq normalarına dayalı, sülh anlaşması ruhuna uyğun davranacaq; ancaq çox keçmədi ki “guya demokrat” Baş nazirin işğalçılıq zehniyyətində Köçəryan-Sarkisyan duetinə naxələf olmadığı dəqiq göründü; Paşinyan hətta, Qarabağ doğumlu sələflərindən daha irəli getməyə çalışdı, bir sıra siyasi, hərbi təxribatlar törətdi, diplomatik həyasızlıqlar etdi. Onsuz da kövrək xarakter daşıyan atəşkəsi fərqli istiqamətlərdə və cəbhəni böyüdərək pozan Ermənistan “demokratik hökumət”i, həyata keçirilə bilməyən “inqilab vədləri”nin qeyri-müəyyən zamana uzanmasından və “COVİD-19” gərginliklərindən əziyyət çəkən xalqın başını “xarici düşmən”, “aktiv müharibə” amili ilə qatmaq yolunu seçdi.

    Paşinyan

    -ötən ilin avqustunda Xankəndində “Qarabağ Ermənistandır. Nöqtə” siyasi axmaqlığına yol verəndə,

    -qondarma rejimin qondarma “andiçmə” mərasimində rəqs edəndə, qondarma “parlament”i Şuşaya daşımağa “xeyir-dua” verəndə,

    -iyulda Tovuza hücum edib, hərbçilərimizi, dinc sakinimizi həlak edib, mülki tikililəri dağıdanda,

    -bu ilin avqustunda Goranboya diversiya-təxribat qrupu göndərəndə...

    ədalətli sülh, konstruktiv danışıq, beynəlxalq hüquqa uyğun anlaşma üçünmü çalışırdı?! – Əlsla, yox! – Və nəhayət 27 sentyabr səhər saat 06.00-da növbəti namərdliyə, hərbi təxribata əl atan Ermənistan öncəki həmlələrinə aldığı cavabların, dərsin onlarçün yetərli olmadığını nümayiş etdirdi və budur, “Dənizdən-dənizə” havalanan zehniyyətsiz başlar Qarabağda “qan hovuz”unda qalıb...

    Azərbaycan Prezidentinin həssas dönəmdə ingilisdilli auditoriyaya həqiqətlərimizi yayan “Əl-Cəzirə” müsahibəsi artıq diplomatiyanın işləməsi üçün yeganə şərtin olduğunu bu sözlərlə ifadə etdi:

    “Azərbaycanın konsrtruktiv mövqeyinə zidd olaraq, Ermənistanın Baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. – Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

    Ali Baş Komandanın şərti şərtimiz, sözü sözümüzdür!

    Yolunuz yolumuzdur, cənab Prezident!

    DÖVLƏTİMİZ VAR OLSUN!

    Qənirə Paşayeva, Siyasi elmlər doktoru, Millət vəkili.
    PAYLAŞ:

    Oxşar xəbərlər