“Zamanə dərvişi” gözəgörünməz düşmənin hədəfində

“Zamanə dərvişi” gözəgörünməz düşmənin hədəfində
  • Cəmiyyət

  • İndicə Masallıda yaşayan keçmiş iş yoldaşım Ayıq Səmədov mənə COVID-19 infeksiyasına yoluxan qələm dostumuz tanınmış şair Arif Fərzəlinin rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilməsi xəbərini verdi. Arif keçən əsrin 80 - ci illərinin sonu publisist kimi Məmməd İsmayılın sayılıb-seçilən “Gənclik” jurnalının cənub bölgəsi müxbiri, 90-cı illərin əvvələrində Məmməd Kazımın baş redaktorluğu ilə nəşr olunan "Qala" qəzetininin redaktor müavini, rayon təhsil şöbəsinin təsis etdiyi “Masallı ziyası” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

    İxtisasca kimya müəllimi olan Arif qiyabi yolla Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirib, “Toxuma həsrət torpaq", "Sizin dünya", “Yağışa düşən qərib", “Tarix kitabı” şeir toplularının müəllifidir. Görkəmli tənqidçimiz filologiya elmləri doktoru Vaqif Yusiflinin təbirincə desək, ömrü-günü doğulduğu kənddə - Masallı rayonunun Xırmandalı kəndində keçirsə də, "şair üçün əyalətdə, ya paytaxtda yaşamağın elə bir əhəmiyyəti yoxdur, təki istedad olsun" fikrini təsdiq edən şairlərdən biridir. Şeirlərinin birində dünyaya gəldiyi ili, adını və doğulduğu kəndi oxucularına belə təqdim edir:

    Doğulduğum il

    Səməd Vurğunun baş daşında var.

    Adım... yetənə qoyulur daha...

    Ünvanım bir boz Muğan kəndi,

    Suyu qəndindən baha...

    Poetik fikrinə davam edərək dərviş deyir özünə:

    Bir biyaban dərvişiyəm,

    Mənə şair deməyin ucadan.

    Yazdıqlarıma görə

    Qorxuram Allahdan,

    bir də ustadım Fikrət Qocadan.

    Xalq şairi Fikrət Qoca Arifin üzünü görməsə də, şeirləri haqqında “Ulduz” jurnalında (1986, 6-cı say) öz fikrini yazıb və onu “özünü bacardığı qədər yonmuş, rəndələmiş... səriştəli şair” adlandırmışdı. Onu da qeyd edim ki, Fikrət müəllim bir neçə il əvvəl xərçəng xəstəliyə düçar olan Arifin insan kimi taleyinə də laqeyd qalmadı. Məhz onun mənəvi yardımı ilə Arif Fərzəli Milli Onkologiya Mərkəzində əməliyyat olundu və labüd ölümün pəncəsindən qurtuldu.

    İndi “rayonda hamı Arif Fərzəliyə "Masallının Fikrət Qocası" deyir. Həm şairliyinə görə, həm də eynən ustadı kimi, səs telləri "incik" olduğundan bir az xırıltı ilə danışdığı üçün”. Bu fikirləri də mənim tələbə yoldaşım, qələm dostum istedadlı şair, əməkdar jurnalist Əli Nəcəfxanlı yazıb.

    Əminik ki, ağ xalatlı, üzü nurlu, cəfakeş həkimlərimiz "Dünya yaşamalı dünyadı, öpüb oxşamalı dünyadı” deyən “Zamanə dərvişin”ini gözəgörünməz düşümənin amansız pəncəsindən xilas edəcəklər. Arif də sağlamlığına qovuşandan sonra növbəti şeirlərindən birini onlara həsr edəcək!

    Nurəddin Ədiloğlu
    PAYLAŞ:

    Oxşar xəbərlər