“Azərbaycanda böyük amnistiya verilə bilər”

“Azərbaycanda böyük amnistiya verilə bilər”
  • Cəmiyyət

  • ReAL-ın icra katibi Natiq Cəfərli orduya dəstək yürüşündə həbs olunan 22 nəfərin dünən ev dustaqlığına buraxılmasını şərh edib.

    Asiya.az
    xəbər verir ki, Sfera.az-a açıqlamasında bu yöndə başqa yumşalmaların olacağına əminlik ifadə edib:

    "Bu istiqamətdə yumşalmalar nəinki ola bilər, fikrimcə hətta olacaq. Çünki yeni situasiya yaranıb. Vətən savaşı dönəmində iqtidarla yanaşı, müxalifətin əsas hissəsinin doğru mövqe tutması mövqelərimizi, xüsusən də xarici müstəvidə, daha da gücləndirən amillərdən biri oldu. Belədə yaranmış vəziyyətin davamı üçün əsaslar da yaranıb”.

    N.Cəfərlinin fikrincə, həm iqtidar-müxalifət münasibətləri, həm də idarəetmə və iqtisadi islahatların yeni mərhələsinə keçid üçün fürsət yaranıb:

    "Bu yumşalmaları gözlə görülə biləcək səviyyəyədək artırmağa imkanlar da var. Çox güman ki, QHT qanunvericiliyi yaxın zamanlarda dəyişdirilərək daha sivil qaydalara uyğunlaşdırılacaq. Habelə siyasi partiyalar haqqında yeni bir yanaşma sərgilənəcəyi ehtimalı da var. Bu da gələcəkdə proporsional seçkiyə keçid üçün əsaslar yaradar. Yəni yumşalmaların davamlı və dalğalı şəkildə olması ehtimalı yüksəkdir. Bunun üçün siyasi zəmin var”.

    "Böyük amnistiya verilə bilər”

    Bu fikirlər isə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafaya məxsusdur.

    "Bakıda keçirilən aksiyaya görə barəsində həbs qətimkan tədbiri seçilən 22 nəfərin ev dustaqlığına buraxılması böyük bir addımdır. Digər tərəfdən, böyük amnistiya aktının qəbul olunmasına ehtiyac var. Xüsusən də indi cəza çəkən bəzi hərbçiləri azadlığa buraxmaq lazımdır ki, özlərinin vətənə borclarını döyüş bölgəsində yerinə yetirməyə davam etsinlər. Ona görə bu kimi məsələlərdə əfv və amnistiya institutlarının işləməsinə ehtiyac var. Çox güman bu məqam öz həllini tapacaq”, - deyə F.Mustafa vurğulayıb.

    "Bundan sonra siyasi islahatlar daha da dərinləşəcək”

    Milli Məclisin deputatı Elman Nəsirov bu fikirdədir:

    "Prezident tərəfindən dərinləşən islahatlar kursu həyata keçirilir. Bu kurs tək iqtisadi deyil, həm də siyasi, məhkəmə sahəsini də özündə ehtiva edir. Hesab edirəm ki, bundan sonra siyasi islahatlar daha da dərinləşəcək. Xüsusən də dialoq mühitinin inkişaf etdirilməsi yolunda. İqtidar-müxalifət dialoqu, təmaslarının genişləndirilməsi istiqamətində daha böyük addımlar atılacaq. Məhkəmə islahatları olmadan digər islahatlar lazımi səmərə verməz. Belədə siyasi və məhkəmə sahəsində aparılan islahatlar nəticə etibarı ilə birlik-həmrəylik mühitinin daha da güclənməsinə, sağlam, konstruktiv müxalifətin inkişafına yardımçı olacaq”

    Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirdi ki, bu yaxşı başlanğıcdır və gələcəkdə də davam edə bilər:

    "Pandemiya dövrü müəyyən çətinliklər yaradıb. Digər tərəfdən, döyüş bölgəsində, hətta şəhid olan bir sıra əsgərlərimizin yaxınları həbsxanadadır. Cəmiyyətdə ümumi birlik əhval-ruhiyyəsi yaranıb. Hesab edirəm ki, bunların hər biri böyük amnistiya aktının imzalanması üçün əsas ola bilər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər