“Vaşinqton və Paris Bakını müdafiə edəcək” - Politoloq

“Vaşinqton və Paris Bakını müdafiə edəcək” - Politoloq
  • Siyasət

  • "Fransa və ABŞ-ın prosesə qayıtması Azərbaycanın xeyrinə ola bilər”.

    Asiya.az
    xəbər verir ki, sfera.az-a açıqlamasında bu sözləri Vaşinqtonla Parisin yenidən Qarabağ məsələsində aktivləşmək cəhdlərini dəyərləndirərkən politoloq Zərdüşt Əlizadə deyib.

    Onun sözlərinə görə, Azərabyacana bu halda 3 "oyunçu" arasında manevr etmək imkanı yaranacaq:

    "Vasitəçilik prosesi çox faydalı və xeyirli sahədir. Bu mənada Fransa və ABŞ Qarabağ ətrafında proses bitsə də, bu missiyanı əldən buraxmaq istəmir. İndiki məqamda Rusiya prosesdə təşəbbüsü ələ alıb. Parislə Vaşinqton isə sanki oyundan kənar vəziyyətinə salınıb. Bu isə onları qane etmir. Ona görə də faydalı, gəlirli sayılan vasitəçilik biznesində iştirak etmək istəyirlər. Fransa və ABŞ-ın Minsk qrupu formatında prosesə qayıtması, burada iştirakı Azərbaycanın xeyrinədir. Bir var tək Rusiyadan asılı olasan, bir də var həmin üç oyunçu arasında hansısa manevrlər edib, faydalanasan”.

    Həmsöhbətimizə görə, Rusiyanın bölgədəki təsirini azaltmaq üçün Qərb də işə cəlb edilməlidir:

    "Putin son açıqlamasında 3 dəfə təkrarən Ermənistanın səhvinin Dağlıq Qarabağın müstəqilliyini tanımaması olduğunu bəyan edib. Sülhməramlıların komandiri isə Araik Arutunyanla birlikdə yerli erməni əhalisilə görüşüb. Bu hal onu da göstərir ki, onlar Arutunyandan istifadə etmək istəyirlər. Plana görə Paşinyan devriləcək, Robert Köçəryan hakimiyyətə gələcək. Onun da ilk addımı Dağlıq Qarabağdakı rejimi tanımaq olacaq. Bunun qarşısını almaq üçün Azərbaycan təcili Qarabağın erməni əhalisilə əlaqə, münasibətlər yaratmalıdır. Onlara göstərməliyik ki, yerli əhalinin nə problemi varsa, onu Azərbaycan həll edəcək”.

    Z. Əlizadə qeyd etdi ki, erməni kartı Rusiyanın əlində olduğundan digər iki həmsədr ölkə prosesi tarazlaşdırmaq üçün Bakını müdafiə edəcək:

    "Fransa və ABŞ sözsüz ki, erməniləri müdafiə edir. Amma onların bölgədə mənafeləri var və Azərbaycan tərəfi təhlükələri aradan qaldırıb onları özünə müttəfiq etməlidir. Erməni kartı Moskvanın əlində olduğundan Parislə Vaşinqton çalışacaq ki, Azərbaycanı müdafiə etməklə prosesi tarazlaşdırsın”.
    PAYLAŞ:

    Oxşar xəbərlər