Müharibə əsiri, Cavid və Hacıbəylinin tədqiqatçısı – “Əli və Nino” müəmması

Müharibə əsiri, Cavid və Hacıbəylinin tədqiqatçısı – “Əli və Nino” müəmması
  • Cəmiyyət

  • 1950-ci ildə Türkiyə Təlim və Tərbiyə Qurulu II Dünya müharibəsindən sonra bir neçə azərbaycanlının, həmçinin digər türk və Dağıstan xalqlarının nümayəndələrinin SSRİ-dəki diplomları ilə bağlı qərar çıxarıb.

    Bu qərarlar əsasən bu şəxslərin müəllim kimi işə götürülmələri ilə bağlı olub. Həmin il qəbul edilən qərarlardan bəziləri:

    3 fevral 1950 – Rza Təbrizinin Rusiyada pambıq ziraəti, Saleh Abayxanın ibtidai sinif müəllimliyini bitirməsi haqqında.

    28 Fevral 1950 – Miraslan Arasın Türkiyədəkinə bənzər ibtidai sinif müəllimliyi təhsili alması, Zülfiyyə Bayçoranın, Abay Mirzənin, Əbdülhakim Atanurun ali təhsillərini tamamlamaları haqqında.

    27 Mart 1950 – Cəlil İskəndər, Həzrət Güçetil, Ramazan Trahon, Məcid M. Ayapbekin ali təhsil almaları haqqında.

    30 May 1950 – Səfər Dadayın ali təhsil alması, Həmid Botaşın Türkiyədəkinə bənzər ibtidai sinif müəllimliyi təhsili alması haqqında.

    5 İyun 1950 - Əbdülhüseyn Şıdakın ali təhsil alması haqqında.

    4 İyul 1950 – Mustafa Haqqı Türkəqul, Lətif Elsevər, Süleyman Təkinərin, Pirəli Şirəlioğlu, Murad Dağlının ali təhsil almaları haqqında.

    4 Noyabr 1950 – Cabbar Ərtürkün ali təhsil alması haqqında.

    16 Noyabr 1950 – Ömər Bayramqul Papa, Arslan Mirzəli, Əbdüləziz Bozgözün ali təhsil almaları haqqında.

    6 Dekabr 1950 – Nurullah Muğanlının ali təhsilini tamamlaması, İbrahim Dülberin ibtidai sinif müəllimliyi səviyyəsinə sahib olması haqqında.

    Bu kimi qərarlar mühacirətə getdikdən sonra orada həyatlarını davam etdirmək məcburiyyətində qalan mühacirlər haqqında müxtəlif illərdə Təhsil nazirliyi və ya universitetlər tərəfindən verilib. II Dünya müharibəsində iştirak edən SSRİ vətəndaşları arasında ali təhsilli şəxslər çox olduğu üçün əsirlikdən sonra onlar işləmək üçün SSRİ ölkələrində aldıqları diplomlarını təsdiqlətmək üçün çalışıblar.

    Yuxarıda adları çəkilən şəxslərdən Cəlil İskəndər, Abay Mirzə, Cabbar Ərtürk, Süleyman Təkinər, Lətif Elsevər, Rza Təbrizi azərbaycanlıdırlar. Digərlərinin də Şimali Qafqaz xalqlarından olması ehtimalı yüksəkdir.

    Bu şəxslərdən Cabbar Ərtürk irəvanlıdır, Azərbaycan Milli Komitəsində Ə.Fətəlibəylinin müavinlərindən olub, Türkiyədə liseylərdə müəllimlik edib, türk tarixi və II Dünya müharibəsi haqqında xatirələrdən ibarət kitablar yazıb. Süleyman Təkinər mühacirətdə Rəsulzadənin ən gənc silahdaşlarından olub, ömrü Almaniyada keçib, müxtəlif dərgilərdə akademik məqalələri yer alıb. Lətif Elsevər daha çox “Mücahid” dərgisində qələmə aldığı ədəbi yazıları ilə məşhurdur. Abay Mirzə Dağlı (Cəmil İbrahim oğlu Ağayev) “Onlar türklərdi” adlı əsəri, Mustafa Kamal Atatürk haqqında, Sakarya və Kıbrıs savaşı ilə bağlı yazdığı pyesləri ilə tanınıb.

    Bu şəxslər arasında elmi-publisistik fəaliyyəti daha geniş olan, amma həyatı haqqında olduqca az məlumat olanı Mustafa Haqqı Türkəquldur.

    ***

    M.H.Türkəqul daha çox Hüseyn Cavidə həsr olunan kitabı, həmçinin Üzeyir bəy Hacıbəyli və musiqi tariximizlə bağlı yazdığı əsərləri ilə məşhurdur. Onun “Azərbaycan Türk şairi Hüseyn Cavid. Doğumunun 80 illiyi münasibətilə” adlı kitabı 1963-cü ildə Azərbaycan Gənclik Dərnəyi Yayınlarının ilk kitabı olaraq çap edilib. 1962-ci ildə isə M.H.Türkəqulun topladığı və hazırladığı “Mirzədən qəzəllər” adlı kitab nəşr olunub. Bu kitabda Türkəqul qədər yoldaşı Abay Dağlının ona məktublar halında göndərdiyi qəzəlləri toplayıb, kitaba ön söz yazıb. Türkəqul A.Dağlının “Əsir ruhlar” pyesi üçün də ön söz qələmə alıb.



    Mustafa Haqqının ömür yolu haqqında əlimizdə kifayət qədər məlumat olmasa da, II Dünya savaşında iştirak etməsi, əsir düşməsi faktı bəllidir. Müharibədən sonra Misir şahzadəsi İbrahimin Qahirəyə apardığı legionerlər arasında olub. Türkiyə arxivlərində onun əsirlikdən yazdığı bir məktub saxlanılır. Romadan 1947-ci il sentyabrın 28-də türk jurnalistə göndərdiyi məktubunda yazıb:

    “… Türkiyənin bizi qəbul etmək qərarına qədər olan durumumuz zati-alinizə məlumdur. Bu qərarın bizi nə qədər sevindirdiyini təsəvvür etdiyinizin zənnindəyəm. Bu qərara mütəqaib türk heyəti buraya gəldi. Ən çox ay yarıma qədər bizlərin Türkiyəyə gedəcəyimizi bizə təntənə ilə vəd etdi. Lakin bu bildirilən vaxtın artıq keçməsinə rəğmən, təəssüf ki, indiyə qədər heç bir səs-soraq yoxdur… İtaliya ilə barış anlaşması təsdiq olunduğundan İtaliya hökuməti vəziyyətə hakim olmağa başlamışdır. Hər an bizlərin italiyalılar tərəfindən həbs edilərək qəssabxanaya göndərilməyimiz gözlənilir.

    Xüsusilə, Quzey İtaliya bölgəsində yavaş-yavaş soyuqlar düşməyə başlamışdır. Əlbisələrimiz yoxdur, hər kəs cismən zəif və ruhən çökmüşdür. Misirlilər böyük alicənablıq edərək bizlərə hədiyyə paketləri gətirdilər. Lakin bu, vəziyyəti qurtarmır. Bizim bir an əvvəl buradan ayrılmağımız bizi həqiqi ölümdən xilas edəcəkdir...Vəziyyətimiz indiyə qədər olduğundan təhlükəlidir. Təcili bir iş edilməzsə, Pizadan qəssabxanaya gedənlərin və orada intihar edənlərin aqibəti bizi gözləyir”.

    Mustafa Haqqı kimi digər legionerlərin də müharibədən sonrakı vəziyyətləri haqqında məktublar arxivlərdə qorunur. Xüsusilə İtaliyadakı vəziyyət ağır idi. Məsələn, “Şərq Yolu” qəzetinin 27 avqust 1947-ci il tarixli 35-ci sayında verilmiş “İtaliyadakı irqdaşlarımızın vəziyyəti” adlı məqalədə Piza düşərgəsində ruslara təhvil verilərkən Məhəmmədvəli adlı əsirin düşərgənin məscidində özünü asdığı bildirilib. 6 iyun 1947-ci ildə isə Nazif Toğrul adlı legioner eyni düşərgədə intihar edib. Legionerlər pul toplayaraq N.Toğrula xatirə daşı hazırlayıb, üzərinə Cəfər Cabbarlının “Ölmək o böyük körpüdən hər kəs keçəcəkdir” misrası ilə başlayan şeirini yazıblar.

    Ehtimal ki, Mustafa Haqqı da Məhəmməd Kəngərli, Əliheydər Süleymanov, Sultan Hacıoğlu və s. tanınmış legionerlərlə birlikdə əvvəlcə Misirə gedib, daha sonra Türkiyəyə yollanıblar. Uzun müddət Türkiyədə yaşadıqdan sonra Amerikaya köçüb.



    Ə.Fətəlibəylinin qəbul etdiyi Visbaden anlaşmasına qarşı çıxan legionerlər arasında M.H.Türkəqul da olub.

    Mustafa Haqqı “Azərbaycan”, “Kafkasya”, “Dergi” jurnallarında məqalələr yazıb. Bəzi məqalələri bunlardır:

    - “Azərbaycan musiqisi” (4 hissəli) – “Azərbaycan” jurnalı, 01.08.1952, 01.09.1952, 01.10.1952, 01.11.1952, 01.12.1952

    - ““Koroğlu” ilk dəfə necə oynanıldı” – “Azərbaycan” jurnalı, 01.01.1953

    - “Azərbaycanın istiqlalı və musiqisi” - “Azərbaycan” jurnalı, 01.05.1953

    - “Qırmızı Rusiya imperiyası qan üzərində qurulmuşdur” – “Kafkasya”, sayı 14, 09.1952.

    - “Rus imperializmi və sülh” – “Kafkasya”, sayı 15, 10.1952

    - “Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy Hacıbəyli” – “Kafkasya”, sayı 16, 11.1952

    - “Rusların yeni soyuq müharibə taktikaları” – “Birləşik Kafkasya”, sayı 18-19, 01.02.1953

    - “Stalinin ölümündən sonra” - “Birləşik Kafkasya”, sayı 20-21, 03.04.1953

    - “Azərbaycan türklərinin istiqlal günü” - “Birləşik Kafkasya”, sayı 22, 05.1953

    - “Rus boyunduruğunda yaşayan türklər” - “Birləşik Kafkasya”, sayı 28-29, 11.12.1953

    “Əli və Nino” məsələsi

    “Əli və Nino” əsərinin Yusif Vəzir Çəmənzəminliyə aid olması iddiasının ilk müəllifi də Mustafa Haqqı Türkəqul olub. Türkəqul romanın ilk dəfə 1937-ci ildə çap olunduğunu, araya dünya müharibəsi düşdüyü üçün unudulduğunu, Jenia Gramanın 1970-ci ildə onu ingilis dilinə tərcümə etdiyini və bundan sonra romanın çox məşhurlaşdığını yazıb. Türkəqula görə, bundan Ceyhun bəy Hacıbəylinin də xəbəri olub və o, əsərin orijinalının Azərbaycan türkcəsində yazıldığını, daha sonra Yusif Vəzirin bir dostunun köməyi ilə almancaya çevrildiyini qeyd edib. Türkəqul kitabın ilk naşiri Toll ailəsinə məktub yazdığını və xanım Tolldan belə məktub aldığını qeyd edib: “1920-ci illər idi. Cavan və gözəl bir kişi mətbəəyə gələrək ərimlə uzun-uzadı danışdıqdan sonra bir əlyazması buraxıb getdi. Gələn adamın ərimlə nə danışdığını bilmirəm. Amma sonra həmin gözəl kişini də, onun əlyazmasını da tamam unutduq…1937-ci ildə bazarımız çox kasad olduğundan, həmin əlyazmanı nəşr etdirmək qərarına gəldik. Əsər çox əski alman dilində yazıldığından, onun üzərində bəzi düzəlişlər apardıq və çap etdik”.

    Kitabın Türkiyədə çıxan ilk nəşrinin ön söz müəllifi Semih Yazıçıoğlu bu məktubdan bəhs edib və bundan xəbər tutan xanım Toll məktub yazdığını inkar edib…

    P.S. Mustafa Haqqı Türkəqulun Azərbaycanda və Amerikada yaşayan yaxınlarının bizimlə əlaqə saxlamalarını xahiş edirik.

    Qaynaq:

    1. 1950 Yılı Talim ve Terbiye Kurulu Fihristi.

    2. Sevda İsmayıl. “Çəmənzəminli sürgündə hansı xəstəlikdən öldü? (4-cü yazı)”. Azadlıq radiosu, 2012.

    3. “Kafkasya”, “Azerbaycan” jurnalları

    Müəllif: Dilqəm Əhməd
    (teleqraf.com)
    PAYLAŞ:

    Oxşar xəbərlər