“Total”ın Azərbaycanda qaranlıq fəaliyyəti... - Şok faktlar açıqlandı

“Total”ın Azərbaycanda qaranlıq fəaliyyəti... - Şok faktlar açıqlandı
  • İqtisadiyyat

  • "Total" özünü elə aparır ki, sanki Azərbaycanda yox, Afrikada işləyir.

    Fransa Qarabağ məsələsində tutduğu ədalətsiz mövqeyi ötən gün daha qabarıq şəkildə özünü büruzə verib. Noyabrın 25-də Fransa senatı hökuməti qondarma Dağlıq Qarabağ Respublikasını (“DQR”) tanımağa çağıran məsləhət xarakterli qətnamə qəbul edib.

    Qeyd edək ki, 2019-cu ildə Fransa Azərbaycanla 160 milyon dollarlıq ixrac əməliyyatı reallaşdırıb. Bunadan əlavə, Fransanın tanınmış "Total” şirkəti ilə SOCAR arasında mövcud neft-qaz layihələri də beynəlxalq enerji təhlükəsizliyində xüsusi rol oynayır.

    Maraqlıdır, Azərbaycan Fransanın "Total" şirkəti ilə neft müqaviləsinin şərtlərinə yenidən baxa bilərmi?

    Asiya.az xəbər verir ki, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın Teleqraf.com-a bildirdiyinə görə, siyasi qərarların verilməsilə çətin ki, hər hansı iqtisadi müqavilələrə yenidən baxılsın: “Müqaviləyə yenidən baxılması hər iki tərəfin razılığı əsasında ola bilər. Əgər müqavilədə birtərəfli qaydada dəyişiklik aparılsa, bu, Beynəlxalq iqtisad məhkəməsində araşdırma mövzusu olar”.

    Analitik deyir ki, Azərbaycan Fransanın "Total" şirkətinə 2009-cu ilin fevral ayında imzalanmış “Abşeron” layihəsinə görə kifayət qədər güzəştlər edib: “Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. 2011-ci ildə "Total" şirkəti tərəfindən rəsmi olaraq “Abşeron” qaz yatağının açılışı elan edildi. Adətən, yatağın açılışından 5 il ərzində ilkin məhsul alınmalıdır. Bu, müqavilədə də göstərilir.

    Artıq 2020-ci il bitir, yəni yatağın açılmasından 9 il keçir, amma hələ də ilkin məhsul yoxdur. Heç 2021-ci ildə də ilkin məhsulun olub-olmayacağı bəlli deyil. Baxmayaraq ki, “Abşeron” yatağı üzrə üç modul var, amma heç biri hazır deyil”.

    İlham Şabanın sözlərinə görə, “Abşeron” yatağından hasil olunan qaz həcmlərinin xarici bazarlarda satılması nəzərdə tutulmayıb: “Hamıya bəllidir ki, “Abşeron” qaz yatağından çıxarılan ilkin qaz həcmləri Azərbaycanın daxili bazarına yönələcək. Yəni, fakt odur ki, bu məhsulun satışı ilə bağlı da heç bir problem yoxdur. Həcm də böyük deyil, 1.5 milyard kubmetr qaz, 700 min ton da kondensat... Dünyanın heç bir yerində bir layihənin 10 il müddətinə həyata keçirilməsi kimi bir yanaşma yoxdur. Məhz bu, Azərbaycanın “Total” şirkətinə güzəştidir ki, layihədən 10 il müddətində ilkin məhsul alınmayıb.

    Azərbaycanın əlində çox yaxşı rıçaqları var ki, müqavilənin şərtlərinə əməl etsin və ya şirkətə hər hansı təzyiq göstərsin. Müqaviləni bu qədər uzatdığına görə Azərbaycan “Abşeron-2” layihəsində şirkət qarşısında tələblər qoymalıdır. Artıq heç bir güzəştdən söhbət gedə bilməz. Hələ “Total” “Abşeron” yatağı üzrə kommersiya şərtlərini dəyişmək istəyirdi. Azərbaycan bu günəcən nə qədər müqavilə imzalayıbsa, “Total” yeganə şirkət olub ki, 5 illik danışıq aparıb, müxtəlif vasitələrdən istifadə edərək kommersiya sazişinin müddəalarını dəyişmək istəyib. Ancaq Azərbaycan tərəfinin tutduğu konstruktiv mövqe nəticəsində şirkət bu istəyinə nail ola bilmədi”.

    Ekspert qeyd edir ki, “Total” müxtəlif bəhanələrə layihənin müddətini uzadıb: “2015-ci ildə “Total”la “Abşeron” yatağının birinci mərhələsinin işlənməsinə dair hər şey razılaşdırılmışdı. 2015-ci ildən fiziki işlərə başlanıldı, ancaq bunun üzərində Azərbaycan “Şahdəniz-2” böyüklüyündə layihəni həyata keçirdi. Sual olunur, “Total” şirkəti kiçik bir layihəni niyə həyata keçirə bilməyib?

    Azərbaycan Cənub Qaz Dəhlizinin tikintisində kifayət qədər qənaət edə bildi. Bu, həm neftin, həm metalın, həm də maşın və mexanizmlərin qiymətlərinin ucuzlaşması hesabına baş verdi. Bəs “Total” bunu niyə etmədi? “Total”ın məqsədi ancaq qənaət və “Şahdəniz” layihəsində öz payını satıb başqa bir yerdə investisiya etmək idi.

    Azərbaycan əməkdaşlıq çərçivəsində “Total” şirkətinə zaman baxımından kifayət qədər güzəştlər edib. Həmçinin, bizim üçün vacib olan “Şahdəniz” layihəsindən gedən bir şirkətə bu qədər şərait yaratmışıq. Amma indiyə qədər istər sosial layihələrdə, istərsə də şəffaflıqda olsun bunun əvəzini görməmişik. Bu günə qədər “Abşeron” layihəsi çərçivəsində “Total”ın illik büdcəsini, layihəyə nə qədər kapital xərclədiyi, işə nə qədər azərbaycanlı cəlb etdiyi, eləcə də Azərbaycan şirkətlərinə nə qədər sifariş verdiyi ilə bağlı hesabatını görməmişik.

    Halbuki 25 ildən artıqdır Azərbaycanda fəaliyyət göstərən BP şirkəti nəyi necə edir, hamısının hesabatını şəffaf şəkildə açıqlayır. “Total” tam qaranlıq şəkildə fəaliyyət göstərir və heç nəyi açıqlamır.

    “Şahdəniz”dən sonra Xəzərdə ən böyük qaz yatağını açdığını elan etməsinə baxmayaraq, bu əməliyyat şirkətinin Azərbaycan dilində nə bir saytı var, nə də illik hesabatları. Onlar özlərini elə aparırlar ki, sanki Azərbaycanda yox, Afrikada işləyirlər. Çox istərdim ki, harada və hansı cəmiyyətdə işlədiklərinin fərqinə varsınlar və gələcək fəaliyyətlərində nəzərə alsınlar. Bura Afrika deyil, Azərbaycandır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər