İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu ("YAŞAT") yaratdı - FƏRMAN

İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu ("YAŞAT") yaratdı - FƏRMAN
  • Siyasət / Araşdırma

  • Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

    Asiya.az
    -ın xəbərinə görə, Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır:

    • Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə;

    • İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə;

    Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

    Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

    Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

    Fərmana əsasən Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilir.

    Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

    Dövlət başçısının imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilir.


    Asiya.az
    "YAŞAT” Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasını təqdim edir:

    1. Ümumi müddəalar

    1.1. Bu Qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) (bundan sonra – Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

    1.2. Fondun məqsədi "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanının 3.1-ci bəndində qeyd olunan şəxslərin (bundan sonra – şəxs) sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verilməsidir.

    1.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir (bundan sonra – Dövlət Agentliyi).

    2. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə

    2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

    2.1.1. fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr);

    2.1.2. qanunla qadağan olunmayan digər mənbələr.

    2.2. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır.

    2.3. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

    2.4. Maliyyə vəsaiti şəklində verilən yardımların (ianələrin) Fond tərəfindən toplanılması aşağıdakı üsullarla həyata keçirilir:

    2.4.1. onlayn qaydada – fiziki və hüquqi şəxslərin Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən etdikləri ödənişlər;

    2.4.2. SMS vasitəsilə – fiziki və hüquqi şəxslərin Fondun qısa nömrəsinə SMS göndərməklə etdikləri ödənişlər;

    2.4.3. bank köçürməsi vasitəsilə – Fondun bank hesabına fiziki və hüquqi şəxslərin banklar və pulköçürmə sistemləri vasitəsilə etdikləri ödənişlər;

    2.4.4. terminal vasitəsilə – fiziki və hüquqi şəxslərin xüsusi ödəmə terminalları vasitəsilə etdikləri ödənişlər;

    2.4.5. qanunla qadağan olunmayan digər ödəniş vasitələrindən istifadə etməklə edilən ödənişlər.

    2.5. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

    2.5.1. şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;

    2.5.2. müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

    2.5.3. təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;

    2.5.4. məişət şəraitinin yaxşılaşdırılması;

    2.5.5. Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər.

    2.6. Fondun vəsaiti bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan istiqamətlərdə istifadə edilə bilməz.

    3. Müraciətlərin qəbulu və ehtiyacların prioritetləşdirilməsi

    3.1. Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir.

    3.2. Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.

    3.3. Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Dövlət Agentliyinin bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır. Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Dövlət Agentliyinin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:

    3.3.1. bu Qaydanın 2.5-ci bəndinə müvafiq ehtiyac istiqaməti;

    3.3.2. müraciətin ilkin və ya təkrar olması;

    3.3.3. müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;

    3.3.4. himayəsində azyaşlı uşağın olması;

    3.3.5. ailədə əmək qabiliyyətli şəxslərin sayı;

    3.3.6. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması;

    3.3.7. dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.

    4. Müraciətlərə baxılma qaydası və dəstək göstərilməsi müddəti

    4.1. Dövlət Agentliyi daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və nəticəsi barədə müraciət edən şəxsə bildiriş göndərir.

    4.2. Şəxsə dəstək göstərilməsi barədə qərar qəbul edildikdən sonra 10 iş günü müddətində maliyyə yardımı müraciət edən şəxsə bank vasitəsilə təqdim olunur.

    4.3. Eyni müraciətlə bağlı Fondun vəsaiti hesabına və ya müvafiq dövlət orqanının (qurumunun) əvvəllər yardım etdiyi, habelə müraciətdə göstərilən dəstəyin verilməsi üçün Fondun balansında kifayət qədər vəsait olmadığı hallarda, müraciət edən şəxsin razılığı ilə alternativ maliyyələşdirmə üsulu tətbiq olunur. Alternativ maliyyələşdirmə üçün şəxsin müraciəti Fondun rəsmi internet səhifəsində yerləşdirilir və onun fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsinə imkan yaradılır.

    5. Fondun vəsaitinin formalaşdırılmasına və ondan istifadəyə nəzarət

    5.1. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Himayəçilik Şurası Dövlət Agentliyinin təklifləri əsasında Fondun xərc istiqamətlərini müəyyən edir;

    5.2. Dövlət Agentliyi:

    5.2.1. Fonda daxil olan vəsaitin xərclənməsi istiqamətlərinə dair təkliflərini Himayəçilik Şurasına təqdim edir.

    5.2.2. Himayəçilik Şurasının qərarına əsasən Fondun vəsaitinin idarə edilməsi ilə bağlı cəlb edilmiş kənar auditor yoxlamalarının keçirilməsinə lazımi şərait yaradır;

    5.2.3. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, eləcə də digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər