Daşkəsəndə şəhidlərin məzar daşları ilə bağlı yayılmış xəbərə Rayon İcra Hakimiyyətinin cavabı

Daşkəsəndə şəhidlərin məzar daşları ilə bağlı yayılmış xəbərə Rayon İcra Hakimiyyətinin cavabı
  • Siyasət

  • “Daşkəsəndə şəhidlərin məzar daşları ağ mərmərdən hazırlanıb, niyə qara mərmərdən hazırlanmayıb?” başlıqlı sosial şəbəkələrdə yayılmış əsassız xəbərlərə Daşkəsən Rayon İcra Hakimiyyətinin təkzibi.

    Möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir, daha da qüdrətlənir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın sərkərdəliyi altında parlaq taktikası, zəfər strategiyası ilə xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi, ölkəmiz düşmən üzərində qələbə qazandı. Neçə-neçə əsgər və zabitlərimiz şəhidlik zirvəsinə ucalaraq Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı zəfər səhifələrini yazdı.

    Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhidlərimizə və onların ailələrinə həmişə yüksək səviyyədə diqqət və qayğı göstərilir, onlar dövlətimizin nəzarətində olmaqla daim ehtiramla yad edilirlər.
    Belə ki, bu gün Daşkəsən rayonunun Şəhidlər xiyabanında şəhidlərimizin məzar daşlarının hazırlanması, yas mərasimlərinin təşkili və digər yardımların göstərilməsi Daşkəsən Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına olunur. Şəhidlərimizlə bağlı görülən işlər şəhid valideynlərinin razılığı ilə görülür. Şəhidlərin məzar daşları yüksək keyfiyyətli ağ mərmərdən hazırlanır. Birinci Qarabağ müharibəsi şəhidlərinin məzar daşlarına uyğun olaraq, ayrı-seçkilik olmadan, Xiyabanın ümumi görünüşə xələl gətirmədən ağ mərmərdən düzəldilir. Bu ağ mərmərdən düzələn məzar daşları əvvəlki şəhidlərimiz üçün düzəldilmiş ağ mərmərdən olan məzar daşları ilə eynilik təşkil edir. Bir sözlə, hər birimiz bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik və onların ailələrinə xidmət göstərmək bizim borcumuzdur.

    Daşkəsən rayonunun Şəhidlər xiyabanında şəhidlərimizin məzar daşlarının niyə qara deyil, ağ mərmərdən hazırlanması ilə bağlı sosial şəbəkələrdə yayılmış video süjetlərə cavab olaraq bildiririk ki, Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn edilmiş 1990-cı illərdə şəhid olan 14 nəfər daşkəsənlinin də məzar daşları ağ mərmərlə hazırlanmışdır. Hazırda Vətən müharibəsində şəhid olan 24 əsgərimizin məzar daşlarının da eyni formada, ağ mərmərdən hazırlanması məhz bununla bağlıdır və bu, onların valideynlərinin razılığı ilə olmuşdur. Şəhid ailələrinin bu barədə heç birinin narazılığı yoxdur.

    Buna görə də qərəzli, uydurulmuş, həqiqətə uyğun olmayan, tam yalan məlumatlardan ibarət yayılan videolara münasibət olaraq bildiririk ki, “Maqsudla tet-a-tet”, “Baku FM” youtube kanallarında və “Korrupsiyaya yox de” facebook səhifəsində Daşkəsəndə şəhid məzarlarının ağ mərmərdən hazırlanması ilə bağlı ölkə rəhbərinə və icra başçısına ünvanlanmış ittihamların heç bir əsası yoxdur.

    Məlumat üçün bildiririk ki, bütün şəhid məzarları onların 40 mərasiminə kimi tam hazır olur. Daşkəsən rayon Şəhidlər xiyabanının da kompleks formada müasir şəkildə abadlaşdırılaması, yenidənqurma və tikinti işlərinin başa çatıdırılması yanvarın 20-dək nəzərdə tutulmuşdur.
    Daşkəsən rayonunda şəhid məzarlarının ağ mərmərlə düzəldilməsi ilə bağlı qərəzli, böhtan xarakterli, müxalifətyönümlü xaricdə olan blogerlərə, bəzi kütləvi informasiya vasitələri ilə dövlətçiliyimizə düşmən mövqeyində olan şəxslərə əsası olmayan özünün səs yazısı ilə məlumatları verən şəxs Daşkəsən rayon Polis şöbəsində xadimə (süpürgəçi) işləyən Məmmədova Zərəngiz Suluddin qızıdır. Onun belə məlumatlar verməsi çox şübhəli məsələlərdən xəbər verir. Açıq-aşkar belə əsassız, qərəzli video müraciətləri yayan rayon Polis şöbəsinin xadiməsi Zərəngiz Məmmədovanın barəsində hüquqi tədbirin görülməsi üçün rayon Polis şöbəsi tərəfimizdən məlumatlandırılmışdır. Bildirilmişdir ki, belə həssas dönəmdə şəhid ailələri adından istifadə edib rayonda qarşıdurma yaradan, cəmiyyətdə fikir çaşğınlığına rəvac verən məlumatlar yaymaq yolverilməzdir. Zərəngiz Məmmədovanın Rayon İcra Hakimiyyətinin və dövlətçiliyimizin əleyhinə ictimai yerlərdə və sosial şəbəkələrdə daim təhqiramiz fikirlər, əsassız ittihamlar səsləndirməsini bütün Daşkəsən rayon ictimaiyyəti bilir.

    Bu ciddi məsələ barəsində Dövlət Təhlükəsizlik Xidmətinin Daşkəsən rayon şöbəsinə də aidiyyəti üzrə məlumat verilmişdir.
    Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı qərəzli mövqe tutan Zərəngiz Məmmədova şəhid anası və şəhid ailəsinin üzvü olmadığı halda, məkirli niyyətli maraqlı qüvvələrin vasitəsilə sosial şəbəkələrdə açıq-aşkar şəkildə böhtan xarakterli məlumatlar yayır və dövlətimizə qarşı hiddət yaradır. Hörmətli Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan şəxsən xahiş edirik ki, hazırda Daşkəsən rayonunda şəhid məzarlarının qara mərmərdən hazırlanmamasını bəhanə gətirib şəhid ailələri adından istifadə etməklə qarşıqlıq yaratmaq istəyən Zərəngiz Məmmədova barəsində tezliklə qanunamüvafiq tədbir görülməsinə dair göstəriş verməklə köməklik göstərsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər