"Davam" Gənclər Hərəkatına yeni baş katib təyin olundu

  • Cəmiyyət

  • "Davam” Gənclər Hərəkatının sədrinin müvafiq əmri ilə Nigar Aslanova hərəkatın katibliyinə rəhbər – baş katib təyin edilib və katibliyin formalaşdırılması işi ona həvalə edilib.

    Asiya.az
    bildirir ki, Nigar Aslanova 19 avqust 1988-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Nizami rayonu Kamil Əyyubov adına 12 saylı tam orta məktəbdə, ali təhsilini isə 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetinin Roman-German filologiyası fakültəsində ingilis dili filologiyası ixtisası üzrə alıb.

    N.Aslanova ictimai fəaliyyətə təhsil aldığı Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini olaraq başlayıb. Universitet illərində "Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun artırılması” Beynəlxalq Forumu, IV Dünya Gənclərinin Məşğulluq Sammiti və Azərbaycan Qılıncoynatma Federasiyasının ev sahibliyi etdiyi yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatında könüllü korpusuna rəhbərlik edib.

    Avropa Parlamentində təmsil olunan bütün siyasi partiya qruplarının katibliklərinin iştirak etdiyi Avropa Parlamenti Əhali və İnkişaf Forumunda Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi olub. 2012-2017-ci illərdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında baş təlimatçı vəzifəsində çalışıb. 2015-2019-cu illərdə YAP Nəsimi rayon Gənclər Birliyinin sədr müavini olub. 10 oktyabr 2013-cü il Prezident seçkiləri, 23 dekabr 2014-cü il Bələdiyyə seçkiləri, 1 noyabr 2015-ci il Milli Məclisə seçkilər, 26 sentyabr 2016-cı il Ümumxalq səsverməsi və 9 fevral 2020-ci il Milli Məclisə seçkilər prosesində beynəlxalq müşahidəçilərin müşahidə missiyasının təşkilində aktiv rol alıb.

    2017-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, 2018-2019-cu il tarixlərində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində sədr müavini vəzifəsində çalışıb. 2020-ci il noyabr-dekabr aylarında "Qaradağ Gənclər Evi” sosial xidmət müəssisəsində direktor vəzifəsini müvəqqəti icra edib.

    N. Aslanova Türkiyə, Rusiya, Misir, İtaliya, Macarıstan, Hindistan, Moldova, Rumıniya və Malta kimi dünyanın müxtəlif ölkələrində sosial layihələrdə iştirak edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər