20 yanvar... 300 il keçsə də... - Qənirə Paşayevanın yazısı

20 yanvar... 300 il keçsə də... - Qənirə Paşayevanın yazısı
  • Siyasət / Araşdırma

  • 20 yanvar...
    300 il keçsə də...


    20 yanvar 1990-cı ildən bizi 31 il ayırır. Ancaq bu uzaqlaşma deyil, bəlkə, tarixi getdikcə daha dərindən idrak etməkdir. 20 yanvardan 300 il keçsə də, xalqın yaddaşı, qan yaddaşı, ictimai fikir, hər gələn nəsil o günü unudan deyil. Əgər Stalin repressiyalarından, II Dünya müharibəsindən, beynəlmiləlçilik pərdəli ideoloji-siyasi “tərbiyələnmə”dən, daha nələrdən-nələrdən keçən cəmiyyət, xalq 20 yanvar şəhidlərini dəfn etməkçün məhz indiki Şəhidlər Xiyabanının ərazisini tərcih edə bildisə, demək, tarix şüuru, milli mənlik şüuru sıradan çıxmır və saxta boyaları rədd edə bilir.

    20 yanvar şəhidlərinin dəfn mərasiminin təşkili, yüz minlərlə insanın heç bir qadağaya baxmayaraq, dəfndə iştirakı xalq ruhunun cəsarətini göstərdi. Və zərrə qədər şübhə yoxdur ki SSRİ imperiyasının çöküşünün əcəl zəngi məhz Bakıda, yanvarın 19-dan 20-ə keçən gecə çalınıb! O gecə bir imperiya üçün çalınan əcəl zəngi, bir respublika üçün dövlət müstəqilliyinə gedən yolun xəbərçisi idi. 170 nəfərə yaxın şəhid, 800 nəfərə yaxın yaralı... dağıdılan obyektlər, sırdana çıxarılan avtomobillər, bir sözlə, qana tutulmuş şəhər..! 20 yanvar 1990-cı ildə soyuq Bakıya Günəş doğmadısa da, istiqlal günəşi üfüqdə göründü...
    20 yanvar xalqın əzmini sındıra bilmədi, xalq öz iqtislal arzusundan əl çəkmədi. Hər xalq 20 yanvardan, o dövrün acı gerçəkliklərindən keçib dirçələ bilməz yaxud uzun illər diçələ bilməz. Özü də, bir yandan Qorbaçov Kremlinin, SSRİ siyasi-hərbi rəhbərliyinin ədalətsizliyi ilə, digər yandan onların və başqalarının himayəsinə sığınmış Ermənistanın torpaq iddiaları ilə - faktiki iki cəbhədə və faktiki əliyalın mübarizə aparan xalqdıq o illərdə... Azərbaycan xalqı böyük xalqdır, dirçəldi, dövlət müstəqilliyini qazandı, şəhidlərin ruhu şad oldu.

    Şəhidlər Xiyabanında 20 yanvardan sonra, 20 yanvar şəhidlərinin müqəddəs yolunu davam etdirərək, suverenlik və ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən oğul-qızları da torpağa tapşırılıb. Ölkəmizin elə şəhəri, rayonu, el-obası yoxdur orada şəhid məzarı olmasın. Şair demiş, torpağımız hər yerdə şəhid məzarı ilə möhürlənib, elə ona görə də, müstəqilliyimiz əbədidir. Bu əminliyi 44 günlük Vətən Müharibəsində bir daha yaşadıq, bir daha gördük, bir daha inandıq. Xalqımız böyük xalqdır, vəfalı xalqdır, dönməz xalqdır! Bu yerdə, Ümummilli liderin sözlərini xatırlatmaq istərdim: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki mən azərbaycanlıyam”! “İqtislal” Ordenli Xalq şairimiz Bəxtiyar Vahabzadənin məşhur “Şəhidlər” poemasından bu misraları xatırlatmaq istərdim:
    Zalimin zəfəri başdan qələtdir,
    Zamanın səsini biz də dinlərik.
    Dünya gücümüzə yaxşı bələddir,
    Hələ biçilməmiş əkilənlərik!

    20 yanvar şəhidlərini ziyarət həm dövlət tədbirləri ilə, həm ilboyu xalqımızın, paytaxtın qonaqlaqrı tərəfindən ziyarət olunur. Şəhidlər Xiyabanı bizim əbədi ziyarət və and yerimizdir!
    Ziyarətimiz, dualarımız qəbul olsun!
    Müstəqil Azərbaycan Respublikasına sədaqətlə xidmət andımızdır!
    19.01.2021. BAKI
    Qənirə Paşayeva
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
    PAYLAŞ:

    Oxşar xəbərlər