Qardaşlığın “Dostluğ”u - Qənirə Paşayevanın yazısı

Qardaşlığın “Dostluğ”u - Qənirə Paşayevanın yazısı
  • Siyasət / Araşdırma

  • Qardaşlığın “Dostluğ”u

    Aşqabadda imzalanan Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu yerli və beynəlxalq gündəmdə özünəməxsus yer qazanıb. Bu bir tarixi hadisədir. Əlbətt, gündəmə çıxan bu tarixi hadisə bütün maraqlı tərəflər üçün eyni təsirə malik deyil – məmnunlar olduğu kimi məyuslar da var; bu işbirliyindən yararlnmaq istəyənlər də, mane olmaq istəyənlər də ola bilər.

    Yəni danışıqların aparıldığı mövzunun, məsələnin faktik və ya hüquqi tərəfinin təsviri formasında tərtib olunmuş bir sənəd imzalanıb və bu sənəd mövzu üzrə münasibətləri inkişaf etdirmək məqsədinə xidmət edir.
    Xəzərin öz hekayəsi var, Azərbaycanın neft-qaz sənayesi öz hekayəsinə malikdir. Ölkəmizdə neft sənayesinin tərəqqisi Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi XX yüzilin 70-ci illərində Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulmasında, çağdaşlaşdırılmasında dönüş mərhələsi kimi dəyərləndirilə bilər.
    70-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni avadanlıqlar, o cümlədən qazma qurğuları, 2.500 t. yük qaldıra bilən kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər, borudüzən gəmilər və başqa texniki vasitələr gətirilib.
    “XəzərDənizNeft” İstehsalat Birliyi 70-ci illərdə yaranıb. Keçmiş SSRİ-nin Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını respublikamızın neftçilərinə həvalə edib.
    Dənizin 200 m. dərinliyindəki sahələrdə işləməyə imkan verən qurğuların alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft-qaz yataqlarının kəşf olunmasına imkan yaranıb; bununla “Bulla-dəniz” yatağının işlənilməsinə başlanıb (1975), eləcə də, “Günəşli” (1979), “Çıraq” (1985), “Azəri” (1988), “Kəpəz” (1989) yatağı aşkar edilib.

    Azərbaycan sovet dönəmində olduğu kimi, müstəqillik illərində də, birmənalı olaraq, Xəzərdə dialoq, anlaşma, işbirliyi, sabitlik mühitinin yaradılmasında maraqlı olub.
    20 sentyabr 1994-cü ildə Bakıda Heydər Əliyevin şah əsərlərindən olan “Əsrin müqaviləsi”nin – Xəzər dənizində neft yataqlarının işlənilməsi, hasilatın pay bölgüsü haqqında müqavilələrin imzalanmasına nail olunub. – Xəzərin mineral sərvətlərindən yararlanmaqçün dünyanın aparcı neft şirkətlərinin, xarici yatırımçıların cəlb edilməsi üzrə önəmli siyasi-iqtisadi addım olub, bu yöndə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq işbirliyinə yol açılıb.
    Respublikamız Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biridir. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib.
    29 noyabr 2001-ci ildə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında” Saziş, 23 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında” Saziş və 14 may 2003-cü ildə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında” Sazişin imzalanmasına nail olunub.

    Nəhayət, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması sonucunda “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb (12 avqust 2018-ci il). - Yəni Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi, bir daha Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir.
    Bizim “Kəpəz”, türkmən qardaşlarımızınsa “Sərdar” adlandırdığı, zəngin neft-qaz ehtiyatlarının olduğu bilinən yataq iki ölkənin dəniz sərhədində yerləşir. Həmin yataq sovet dönəmində bizim neftçilər tərəfindən, dənizin 4 kilometr dərinliyindəki layda kəşf olunub və ilk kəşfiyyat quyusu orada 1989-cu ildə qazılıb.
    Keçmiş adı ilə “Kəpəz” yaxud türkmən qardaşlarımıza görə “Sərdar” artıq yeni ad, yeni status, yeni imkanlarla tanınır. Bu tanınmanın adı: “Dostluq”dur! “Dostluq” olanadək – uzun illər ərzində yatağın işlənməsi mümkün olmayıb.
    Prezident İlham Əliyev Türkmənistana üç dəfə (28-29.11.2008, 21-22.11.2018, 10.10.2019), Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycana 6 dəfə (19-20.05.2008, 18.11.2010, 12.06.2015, 08-09.08.2017, 25.10.2019, 11.03.2020) səfər edib.
    Aydın görünür ki, Xəzər dənizinin orta xətt koordinatları üzrə iki qardaş respublika arasında, dövlət başçıları səviyyəsində ardıcıl təmaslar, qarşılıqlı səfərlər bütün məsələlərin qarşılıqlı olaraq qənaətbəxş səviyyədə həlli üçün zəmanətli ortam yaradıb.
    Beləliklə, Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Anlaşma Memorandumu imzalanıb.
    Fikirlərimizi özətləsək, nələri vurğulaya bilərik? – İlk növbədə:

    -Memorandumun imzalanması bir tarixi hadisədir; bu, ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük önəmə malikdir;
    -“Dostluq”dan hasil olunacaq neft-qaz respublikamızın mükəmməl, çoxfunksiyalı infrastrukturu və ixrac kəmərləri ilə daşınacaq;
    -Neft-qaz ixracatçısı olan respublikamızın həm də tranzit ölkə kimi önəmini artıracaq;
    -Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində işbirliyinin yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır;
    -Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun, işbirliyinin möhkəmləndirilməsinə xidmət edir;
    -Bu layihənin çox böyük beynəlxalq və regional önəmi var;
    -Anlaşma Memorandumunun imzalanması Xəzər dənizində bütün məsələlərin məhz dialoq, işbirliyi ortamında həll oluna biləcəyini bir daha sübut edir;
    - Memorandum Xəzəri regionunda enerji, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici yatırımçıların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır.
    DÖVLƏTİMİZ VAR OLSUN!
    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva.
    PAYLAŞ:

    Oxşar xəbərlər